Hikmət Hacızadə: "Amerikada media əməkdaşının yüksək dövlət vəzifəsinə gətirilməsi gözlənilməz deyil, çünki...”
![]()
ABŞ prezidenti Donald Trampın maraqlı təyinatları davam etməkdədir. Bu dəfə mühafizəkarlara yaxın "Fox News” telekanalının aparıcısı Hizer Noyertin Dövlət Departamentinin mətbuat katibi təyin olunacağı barədə məlumatlar yayılıb.
47 yaşlı Noyert telekanalda "Fox & Friends” səhər proqramını aparır. Bu isə prezident Donald Trampın sevimli proqramıdır. Məlumatlarda bildirilir ki, Noyert Dövlət Departamentində gündəlik brifinqləri aparacaq. O, Tramp tərəfdarı olduğunu gizlətmir və sosial şəbəkələrdə prezidentin qızı İvanka Trampı dəstəkləyib.
Xatırladaq ki, buna qədər Donald Tramp tez-tez mətbuata, jurnalistlərə qarşı aqressiv davranışı ilə gündəmə gəlib. Yenicə prezident olduğu müddətdə dəfələrlə jurnalistlərə qarşı kobud davranıb, onları mətbuat konfransından qovub, eləcə də dünyaca məşhur CNN telekanalını, "Nyu-York Tayms” qəzetini və digər nüfuzlu media orqanlarını Ağ Evdə keçirilən brifinqə buraxmayıb, onlara qarşı ciddi ittihamlar irəli sürüb. Bu səbəbdən aparıcının gözlənilmədən ABŞ Dövlət Departamentində vəzifəyə gətirilməsi xeyli müzakirələrə səbəb olub.
"Tramp anlayıb ki, artıq mətbuatla münasibəti düzəltmək lazımdır. Və bir qədər sonra bu məsələ demək olar ki, həll olunacaq”. Bu sözləri sabiq səfir, tanınmış politoloq Hikmət Hacızadə "Yeni Müsavat”a açıqlamasında dedi. Politoloqun sözlərinə görə Amerika kimi bir ölkədə aparıcının bu cür yüksək vəzifədə işləməsi heç də gözlənilməz deyil: "Çünki onlar təkcə media orqanı deyil, həm də böyük biznes sahibləri, yüksək biliyə malik insanlardır. Eyni zamanda amerikalı jurnalistlər tamaşaçıların, vətəndaşların istəyinə riayət edirlər. Onlar öhdələrinə düşən işləri bacarıqla yerinə yetirə bilirlər”.

Hikmət Hacızadə Azərbaycanda aparıcının belə bir yüksək səviyyəli işdə fəaliyyət göstərməsinin hələlik mümkün olmadığını dedib: "Demirəm ki, onların səviyyəsi aşağıdır, əlbəttə, güclü media orqanlarımız var. Sadəcə onların səviyyəsi orta səviyyədən bir qədər yüksəkdir”.

Tanınmış teleaparıcı Vüsalə Kərimovanın sözlərinə görə isə, ölkəmizdə teleaparıcıların, jurnalistlərin yüksək vəzifəyə gətirilməsi ilə bağlı çoxlu sayda nümunələr var: "Şəxsən mən heç vaxt jurnalistikadan başqa digər sahədə çalışmaq istəmərəm. Amma kiminsə hansısa sahədə bacarığı varsa, onlara uğur olsun. Ən azından bunu alqışlayıram. Mənimlə həmyaşıd olan həmkarlarımdan indi nazirliklərdə, hansısa dövlət qurumlarında vəzifədə olanlar heç də az deyil. Bu heç də gözlənilməz bir hal deyil. Sadəcə Amerika böyük dövlət olduğundan bu məsələ böyük səs-küyə səbəb olub. Əgər araşdırsaq görərik ki, bizim ölkədə də bir çox aparıcılar, jurnalistlər yüksək vəzifə sahibidirlər. Məsələn, Anar Cəbrayıllı var idi, indi ”Azərsu" Açıq Səhmdar Cəmiyyətində vəzifədədir, tanınmış telejurnalist Mais Ağayevə bu yaxınlarda Nəqliyyat Agentliyində vəzifə verildi və sairə bu kimi nümunələri göstərmək olar. Yəni, bu hal təzə deyil".