Terror növbəti dəfə İstanbulu hədəfə aldı. Beşiktaş rayonunda futbol matçından sonra stadion ətrafında xidmət edən Çevik Polis Qüvvələrini hədəfə alan minalanmış avtomobilin partladılması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. 20-yə yaxını ağır olmaqla 155 nəfər yaralı xəstəxanada müalicə alır. Ölənlərin əksəriyyəti polis əməkdaşlarıdır. Artıq 13 nəfər həbs olunub. Hökumət əsas şübhələrin PKK üzərində olduğunu bildirib. Terror zamanı 300-400 kiloqram ağırlığında partlayıcı istifadə olunub.
Çox təəssüf ki, Türkiyədə son iki ildə bu cür kütləvi ölümlərə səbəb olan terror hadisələrinin sayı artıb. 2015-ci ilin iyununda HDP mitinqində baş verən və 5 ölüm, 400 yaralıya səbəb olan terroru bir ay sonra Suruçda 34 nəfərin ölümünə, oktyabrın 10-da Ankara Dəmir Yolu Vağzalında 103 nəfərin ölümünə səbəb olan terror aktları izlədi. 2016-cı ildə silsilə terror aktları davam etdi. Türkiyədə qeyd etdiyimiz təqvimdən bu yana 17 terror aktı baş verib. Bu terror aktları nəticəsində 372 nəfər öldürülüb, 1837 insan isə yaralanıb. Dəhşətli statistikadır.
Türkiyədə terrorun bu şəkildə artmasının arxasında bir səbəb var: Yaxın Şərq münaqişələri. Türkiyə qonşu İraq və Suriyadakı müharibədən bu şəkildə zərbə gördü. Əlbəttə, Türkiyədə daha əvvəl də terror vardı, PKK artıq 30 ildən çoxdur ki, Türkiyə hökumətinə qarşı silahlı terror müharibəsi aparır. Amma son iki ilə qədər terror bu qədər amansız və kütləvi nəticələr doğurmurdu.
"Ətrafın qətrandırsa, istər-istəməz bulaşacaqsan”. Məşhur məsəldə belə deyilir. Yaxın Şərq alovunun "kösövləri” Türkiyədə də sıçradılır. İstanbulun mərkəzinə 400 kiloqram partlayıcı gətirib polisə qarşı terror edən PKK deyil, ona bu əmri verən güclərdir. 10 il əvvələ qədər PKK gizli fəaliyyət göstərən, dağlarda Türkiyə ordusuna, hökumət qüvvələrinə hücumlar təşkil edən terror təşkilatı idi. Bu isə Türkiyə ilə yanaşı Suriya və İraqda fəaliyyət göstərən, düşərgələri, təlimçiləri, silah tədarükçüləri olan və siyasi təşkilat olaraq qəbul edilən bir PKK var.
Türkiyəni formal olaraq həm PKK, həm də İŞİD hədəfə alır. Sanki bir növbəlilik yaradıblar. Bir terroru İŞİD törədir, Türkiyəyə qarşı müharibəyə səsləyir, ardınca bir müddətdən sonra eyni hərəkəti PKK törədir. Aydın məsələdir ki, Bu aksiyaların sifarişini verənlər Türkiyəni xaosa sürükləmək, onun sabitliyini, iqtisadi inkişafını zəiflətmək, dövlət orqanlarına, hakimiyyətə inamını sarsıtmaq və beləliklə, nəticədə zəif bir bölgə ölkəsinə çevrilməkdir.
İstanbul terroru əl-Baba hazırlanan əməliyyata cavabdır. Ancaq bu hadisələrə bəsit bucaqdan baxıb PKK və ya İŞİD deyib bir təşkilatı hədəfə almaq yanlışdır. Terror bir vasitədir, bu səbəbdən də terroru törədənləri deyil, ilk növbədə onu sifariş edən, bu zəmini aradan qaldırmaq lazımdır. Əks halda bu gün PKK adına hər şeyi məhv etsən də, ortaya bir başqası çıxacaq. Çünki xaos hər zaman yoluxucudur.
Türkiyədə terrorun qarşısını almaq üçün ilk növbədə regionda böyük sülhə nail olmaq lazımdır. 21-ci əsrdə heç bir sərhəd, heç bir kəşfiyyat və təhlükəsizlik orqanı terrorun qarşısında etibarlı vasitə deyil. Əgər terrorçu Parisə, Brüsselə, Nyu-Yorka gedib çıxa bilirsə, 900 kilometrlik sərhəddən bir yer tapıb Türkiyəyə də daxil olacaq. Bunun qarşısını almaq üçün bölgəyə sülh gəlməli, Suriya və İraqdakı müharibəyə son qoyulmalıdır. Əks halda terrorun qarşısını almaq mümkün olmayacaq. Çünki bölgədə böyük xaos və anarxiya hökm sürür, oyunçuların sayı da həddən artıq çoxdur. Bu xaotik vəziyyətdə bir ölkə üçün sabitlik cənnəti yaratmaq getdikcə daha da çətinləşəcək.