Təklif edilən pensiya islahatlarında təqdir etdiyimiz və eləcə də məqbul hesab etmədiyimiz məqamlar var.
Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, əvvəla, təqdir edilən məsələlərdən biri, uzun zaman müzakirə etdiyimiz 12 illik iş təcrübəsinin ləğv edilməsidir: "Belə ki, mövcud qaydalara əsasən, əmək pensiyası almaq üçün 12 il işləmək lazımdır. Amma elə vətəndaşlarımız var ki, 4-5 il işləyirlər və yüksək əmək haqqı alaraq limitdən artıq çalışan bir sıra vətəndaşlarımız ilə müqayisədə daha çox sosial ödəniş edirlər. Amma buna rəğmən onlar əmək pensiyasından yararlana bilmirdilər. Bu baxımdan, biz əmək pensiyasını müddətə deyil, ödənişə korrelyasiya edilməsini təklif edirdik və bu da qəbul olunub".
İkinci məqam, ABŞ-da olduğu kimi əmək pensiyasına çıxışın yaşa görə deyil, ödənişlərə görə müəyyənləşməsidir: "Bu, o deməkdir ki, əgər vətəndaş müəyyənləşdirilmiş minimumdan artıq ödəniş edibsə, o zaman hətta pensiya yaşı çatmasa belə, əmək pensiyası üçün müraciət edib ala bilər. Yəni, bu zaman çox ödəniş edənlərin yaşa görə pensiya üçün müəyyənləşdirilmiş yaş limitini gözləməsinə ehtiyac qalmayacaq".
V.Bayramov qeyd edib ki, məqbul hesab edilməyən məqam isə pensiya yaşının artırılması ilə bağlıdır: "İndiki halda pensiya yaşının artırılmasına ehtiyac duyulmur. Çünki orta ömür müddəti mövcud yaş senzinin dəyişdirilməsinə stimul yaratmır. Pensiya yaşının artırılması, xüsusən də gələcəkdə pensiya yaşı tamam olacaq xanımların sosial müdafiəsi baxımdan arzuolunan deyil. Onların pensiya yaşında sosial dəstəyə daha çox ehtiyacları var. Eləcə də, pensiya yaşının artırılması dövlət büdcəsi üçün heç də ciddi qənaət deyil. Hədəflənən qənaəti sosial sferada struktur islahatları aparmaqla, o cümlədən saxta əlillik pensiyalarının ləğvi nəticəsində pensiya yaşını dəyişmədən də əldə etmək mümkündür".