Karapetyanın dünya ermənilərinə “Qarabağa gəlin” müraciətinin pərdəarxası

Elxan Şahinoğlu: "Onun yeni təklifini dünyada yaşayan ermənilər ciddi qəbul etməyəcəklər”


Ermənistanın baş naziri Karen Karapetyan bütün dünya boyunca erməni millətindən olan peşəkarları Ermənistana köçərək, rəsmi İrəvanın vəd etdiyi geniş iqtisadi islahatların həyata keçirilməsinə dəstək verməyə çağırıb. Onun facebook səhifəsindən ingilis, fransız, rus və ispan dillərində paylaşdığı status Azərbaycanda hiddət doğurub.
AzadlıqRadiosunun verdiyi məlumata görə, Karapetyan bildirir ki, soydaşların dəstəyinə xüsusən də biznes mədəniyyəti və iş etikası sahəsində ehtiyac var.


"Biz diasporadan olan menecerləri, habelə mədəniyyət xadimlərini, beynəlxalq miqyasda tanınan maarifçiləri, alimləri... pan-erməni məqsədlərə nail olunması üçün dəvət edirik” - deyə, Karapetyan yazıb.


Baş nazir yazır ki, Ermənistan diasporunun köməyi ilə bütün dünyada tanınmış təcrübələri cəlb edə bilər.


Qeyd edək ki, ötən ilin sonlarında da erməni baş nazirin bu tipli müraciəti yayılmışdı. Dekabrdakı müraciətində Karapetyan Suriyadan Ermənistana gəlmiş ermənilərə müraciət edərək, Suriya ermənilərinin "əcdadların torpaqlarında” məskunlaşmaları üçün əlindən gələni əsirgəməyəcəyini vəd edirdi.


Göründüyü kimi, erməni tərəfi işğal etdiyi Azərbaycan torpaqlarında yeni məskunlaşdırma siyasətini bu cür yollarla həyata keçirməyə çalışır. Tarix boyu öz məkrli siyasətlərindən bir addım da geri durmayan ermənilər indi də bu varianta əl atıblar. 
Ekspertlər hesab edirlər ki, Azərbaycan tərəfi düşmən ölkənin bu iyrənc siyasətinə dərhal reaksiya verməli, beynəlxalq aləmdən də bu reaksiyanı göstərməyi tələb etməlidir.

Politoloq Elxan Şahinoğlu postunda uğur qazana bilməyən erməni baş nazirin populizmə yuvarlandığını söylədi:

Karapetyanın dünya ermənilərinə “Qarabağa gəlin” müraciətinin pərdəarxası

 "Karapetyan baş nazir kreslosunda uğur qazana bilmir. Parlament seçkisinə isə bir ay qalıb, iqtisadiyyat və sosial həyatda müsbətə doğru dəyişən bir şey yoxdur. Ermənistanın gərəkli resursu yoxdur ki, Karapetyan islahatlar apara bilsin, yeni gəlir mənbələri tapsın. Ona görə çətin vəziyyətdə qalan baş nazir populizmə yuvarlanıb. Onun yeni təklifini dünyada yaşayan ermənilər ciddi qəbul etməyəcəklər. Birincisi, Qərbdə məskunlaşan ermənilər rahat həyatlarını qoyub nəyin naminə Ermənistanda və ya işğal altındakı torpaqlarda məskunlaşmalıdırlar? Onsuz da illərdir xaricdəki erməni lobbisinin Ermənistana göndərdiyi pullar havaya sovrulub, korrupsiya mənbəyinə çevrilib. Buna görədir ki, vaxtilə monolit olan erməni lobbisi iki hissəyə bölünüb. Bir hissəsi Ermənistan hakimiyyətinin qatı tənqidçisinə çevrilib. İkincisi, ermənilər Ermənistanı tərk edib xaricdə özlərinə xoş həyat axtarırlar. Çünki Ermənistanın gələcəyi yoxdur. Gələcəyi olmayan ölkəyə kim yenidən qayıtmaq istəyər? Üçüncüsü, hətta ağır vəziyyətdə olan suriyalı ermənilər belə Dağlıq Qarabağda yerləşməkdənsə Ermənistan üzərindən Qərb ölkələrində qaçqın statusu almağa üstünlük verirlər. Buna baxmayaraq, ən pis vəziyyətdə olan suriyalı ermənilərin hansısa qismi Dağlıq Qarabağda yerləşə bilər. Ancaq onlar belə qorxu içindədirlər. Müharibədən qaçanlar yenidən müharibə ocağına düşüblər. Çünki bütün hallarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda irəriləyiş olmazsa, müharibə qaçılmazdır”.


Politoloq Azərbaycan tərəfin hansı halda məsələyə reaksiya verməli olduğunu da qeyd etdi: "Məncə, rəsmi Bakı Karapetyanın açıqlamasına o zaman reaksiya verməlidir ki, o, məskunlaşma dedikdə işğal altındakı torpaqları nəzərdə tutsun. Bu halda, bəli, beynəlxalq vasitəçilərdən izahat tələb olunmalıdır. Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı hərbi xunta əhalini zor gücünə köçdən saxlayır. Atəşkəs daima pozulur və atəş səsləri Dağlıq Qarabağın ən ucqar hissələrində belə eşidilir. Dağlıq Qarabağın erməni əhalisi illərdir bu şəraitdə yaşayır. Ona görə də imkanı olan Qarabağdan qaçmaq istəyir. Ermənistan hakimiyyəti isə həm bu köçün qarşısını almaq, həm də yeniləri ora köçürmək istəyir, ancaq belə şəraitdə yaşamağa hazır olanların sayı çox deyil. Karen Karapetyan Dağlıq Qarabağı məskunlaşdırma siyasətində dərinə gedərsə, bunun qarşısını diplomatik yollarla əngəlləmək lazım gələcək. Bu da səmərə verməsə, top və raketlərimizin atəş səsləri vasitəsilə işğal altındakı torpaqlara məskunlaşanlara mesaj göndərmək lazım gələcək”.





[email protected]