Prezident İlham Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib; mədəniyyət və turizm naziri "Azəravtoyol” rəhbərliyin özbaşınalıqda günahlandırdı
"Azəravtoyol” ASC-nin Mikayıl Müşfiqin abidəsini götürməsindən sonra yaranmış qalmaqal daha da böyüyüb. "Azəravtoyol” ASC-nin abidənin müvəqqəti götürüldüyü və ərazinin təmirindən sonra yerinə qaytarılacağı, o cümlədən heykəlin qorunmasını təsdiqləyən fotoları yaymasından sonra da tənqidlər səngimir.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "Azəravtoyol” ASC tərəfindən paytaxtın İnşaatçılar prospektində, "Statistika dairəsi” adlanan ərazidə nakam şair Mikayıl Müşfiqin heykəlinin sökülməsini kəskin pisləyib. Professor Paşayeva haqqin.az-a açıqlamasında bunları deyib: "Bu, vandalizim və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.
N.Paşayeva müvafiq dövlət orqanlarını və ictimaiyyəti bu vandalizm aktına təcili müdaxilə etməyə, habelə bu barbarlığa yol verən "Azəravtoyol” rəhbərliyini cəzalandırmağa çağırıb.

Azərbaycan PEN-klubunun prezidenti Çingiz Abdullayev hadisəni acı ironiya ilə şərh edib.
"Bununla kifayətlənmək lazım deyil, gəlsinlər Yazıçılar İttifaqının da binasını söksünlər, hansı ki, orada Stalin dövründə repressiyalara məruz qalmış Azərbaycan yazıçılarının adları var. Üstəlik müsəlmanlar haqqında xoşagəlməz şerlər yazan Sabirin heykəlini də dağıtmaq pis olmazdı, yaxud bütün şerlərini fars dilində yazdığına görə Nizaminin, vətənində ölməli olduğu halda Suriyada qətlə yetirilməyi üstün tutan Nəsiminin heykəlini dağıtmaq üçün nəyi gözləyirlər?”-yazıçı haqqin.az-a açıqlamasında deyib.

Çingiz Abdullayev "Azəravtoyol”un rəhbərliyinə təkliflərini davam etdirərək onları "eyni səbəblərdən”, yəni məzarı başqa ölkədə olan və ümumiyyətlə üç dildə yazdığı üçün Füzulinin monumentini də dağıtmağa çağırıb. Yazıçı bildirib: "Bununla da dayanmaq olmaz. Bir halda ki, Müşfiqin heykəlini söküblər, gəlsinlər bütün qalan heykəlləri də söksünlər...”.

Xalq şairi Sabir Rüstəmxanlı məsələ ilə bağlı bir çox adamlarla danışdığını deyib: "Əvvəlcə onu deyim ki, Müşfiqin heykəlinin qoyulduğu yer biz ziyalıların heç vaxt xoşuna gəlməyib. Son zamanlar orada yaxınlıqda restoranların tikilməsi, bir çox iaşə obyektlərinin açılması bu yeri bir qədər də gözdən salmışdı. Əvvəl heykəlin arxasında kitabxana var idi, indi onu restoran əvəz edib. Bir neçə yolun kəsişməsində salınan parkda bir küncdə Müşfiqin heykəlinin qoyulması çox əlverişsiz idi. Çünki Müşfiq günlərində orada heç bir tədbir keçirmək mümkün deyildi. İndi də məlum olur ki, əslində heykəlinin oradan götürülməsi, Müşfiqə olan hörmətsizlikdən deyil, əksinə, ona olan yaxşı münasibətdən irəli gəlir. Belə ki, dövlət Müşfiqin heykəlini öz adına layiq bir yerə qoyacaq”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də məsələyə sərt mövqe bildirib. "Mikayıl Müşfiqin abidəsinin götürülməsi bizim hamımızı sarsıtdı. Məsələdən xəbərdar olan kimi dərhal müvafiq tapşırıqlar verdik. Bu, tam məsuliyyətsiz yanaşmadır” deyə, nazir bildirib.
![]()
Nazir bildirib ki, bu fakt Azərbaycan qanunlarına hörmətsizlik deməkdir: "Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Ona görə də, abidənin götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq. Artıq ”Azəravtoyol"un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına aparılacaq. Mən əminəm ki, bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır. Biz ictimaiyyəti əmin etmək istəyirik ki, bütün proseslərə ciddi nəzarət edirik. Müşfiqin heykəli mütləq bərpa olunacaq".
"Vallah, heç özümüz də bilmirik ki, bu məsələ niyə belə qabardılır”.

"Azəravtoyol ASC”nin mətbuat katibi Anar Nəcəfli kult.az-a danışarkən deyib. O, Müşfiqin abidəsinin götürülməsinin bütün qurumlarla razılaşdırıldığını bildirib: "Ötən ilin yayından etibarən ”Sovetski"nin yenidən qurulması işləri layihəsinə start verildi. Layihə çərçivəsində Statistika Komitəsinin və Nərimanov heykəlinin ətrafı və Füzuli meydanında yenidənqurma işlərinin görülməsi planlaşdırıldı. Bu layihə də bütün qurumlarla razılaşdırılıb. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi ilə. İndi Müşfiqin abidəsinin götürülməsinə nazirlik, mətbuat niyə belə sərt reaksiya verir, özümüz də bilmirik. Biz vandalizm aktı törətmirik. Əslində, abidənin yerləşdiyi məkan heç də Müşfiqə yaraşan yer deyil. Biz abidəni götürmüşük, aşağısındakı qranitlərə belə əl vurmamışıq. Hazırda həmin ərazidə ağır texnika işləyir, park salınır. Abidə orada qalsaydı, ciddi zərər görərdi. Biz orada daha geniş park salıb, abidəni də olduğu kimi yerinə qoyacağıq".
"Azəravtoyol” rəsmisi bakipost.az-a isə deyib ki, dövlət proqramına uyğun olaraq həmin ərazi genişləndiriləcək və orada 5000 kv.m-lik park və yaşıllıq zonası salınacaq: "Həmin ərazidəki ”Statistika dairəsi" ləğv ediləcək. Geniş park salınacaq. Müşfiqin büstü də həmin parkda ucaldılacaq. Düşünürəm ki, bu, Müşfiqsevərlər üçün xoş xəbərdir".
Günün ikinci yarısında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a bildirib ki, prezidenti İlham Əliyev Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olan Mikayıl Müşfiqin abidəsinin sökülməsindən ciddi narahat olub. Dövlətimizin başçısı məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verib.
Əli Həsənov bildirib ki, prezident tarixi əhəmiyyət kəsb edən tikililərin, mədəniyyət abidələrinin qanunvericiliyə uyğun şəkildə aidiyyəti dövlət orqanları ilə razılaşdırmadan, icazəsiz sökülməsini yolverilməz hesab edir və bundan sonra da belə əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaqlar.