Körpə düşüncəmlə xalçaların sehrli olduğuna inanmışdım... Naxışlarını ilmə-ilmə yozurdum. Sonra sehrli xəyallarım pərən-pərən olub, it-bata düşdü... Xalçaları oxumaq məharətimi unutdum...
Sən demə, bir xalçanın fəryadına səs verib, onun hekayəsini yazmaq onu oxumaqdan daha müşkül imiş...
Xalça üstündə böyümüşəm... Ortası qırmızı güllü, kənarları yaşıl yarpaqlı... "Çəmənlikdə” yorulanda "döyüş meydanı”na keçirdim – ətrafımda sıra ilə başında dəbilqə, əlində qalxan olan atlılar düzülürdü... "Döyüşçülər” heç vaxt qan tökmürdülər. Xalçada yaşıl və qəhvəyi rənglər üstünlük təşkil edirdi...
Bu xalçaların sinəsi nağıllarla dolu idi. Mənə elə gəlirdi ki, indicə uçacaq… Gəlinciyimdən uzaq düşməyim deyə, onu da mütləq xalçanın üzərinə qoyurdum...
Ətrafdakı heç nəyi itirəcəyim ağlıma gəlməzdi... Bircə gəlinciyimdən savayı...
İllər keçdi... Ağdama bombalar yağanda da şəhərdən qucağımda həmin gəlinciyimlə çıxdım... Mənimki hesab etdiyim hər şeyi tərk edərək...
Onlara məxsus olan hər şeylə vidalaşmağa macal tapmadan torpağını tərk etməyə məcbur olan insanların sayı Azərbaycanda bir milyondur... Bu bir milyon sözünü heç sevmirəm. Əhalinin 9 nəfərindən biridir deyə yox, sadəcə, rəqəmlər hadisələri statistikaya çevirib, adiləşdirir... İnsanın aid olduğu, xatirələri ilə bağlandığı məkanı tərk etməyin necə bir ağrı olduğunu heç kim önəmsəmir.
Bütün bunları bəstəkar Aygün Səmədzadə "Tut ağacı”nda o qədər möhtəşəm ifadə edib ki... Mahnının notları həyatımızdan salıb itirdiyimiz xatirələrlə tikə-tikə, qram-qram ömür, sevinc, səadət itirdiyimizi izah edir...
Ruhumu titrədən bu xəbəri də Aygün Səmədzadədən aldım:
- Los-Ancelesdə hərraca bir xalça çıxardılıb. Üzərində azərbaycanca yazı var... Bizimkidir, Vüsalə... Bir erməni satırmış...
Aygün xanımdan aldığım məlumatı elə həmin günün axşamı ABŞ-da yaşayan həmyerlimiz İradə həkim bir az da dəqiqləşdirdi:
- Xalçanı ailə dostumuz alıb... Xəbər verən kimi gedib baxdıq... Xalçanı açdılar... Qarşısında elə hüznlə dayandıq ki, sanki evə xalça yox, kiminsə nəşini gətirmişdilər... Ürəyimdən ancaq o keçirdi ki, kaş bu ilmələrin dili ola, bizə öz taleyini danışa...
- Deməli, bir xalça öz sahibini axtarır...
- Bəli, bunun ancaq bir adı var – xalça sahibini axtarır...
Xalçanı alan həmyerlimiz Elşad Tahirov Lent.az-a daha ətraflı məlumat verdi:
- Xalçaya necə rast gəldiniz?
- İstirahət günləri virtual hərraclara göz atıram. Mən xalça sevənəm. Lətif Kərimovun yaradıcılığını bəyənirəm, kitablarından kolleksiya toplayıram. Açığı, hərraclarda da həmişə Azərbaycan, Qarabağ xalçaları yazıb, axtarış verirəm. Bu dəfə də elə etdim. Xalçalara baxırdım ki, gördüm yazılıb "Antik Ermənistan - Qarabağ xalçası”. Diqqətimi çəkdi, açdım... İki xalça çıxardıb hərraca. Xalçaları böyütdüm, gördüm altında kiril əlifbası ilə, azərbaycanca yazı var... "Anasından əbədi yadigar...” Adı və təvəllüdü... Bu, mənə çox pis təsir etdi. Öz-özümə dedim, mən bu xalçaları burada qoymaram. Tez ikisini də aldım... Bu xalçalar iyirmi ildən çoxdur erməni əlindədir, qoy heç olmasa, mən mümkün qədər tez alıb, sahibini axtarıb tapım, göndərim, dedim...
-Xalçaların qiymətini bilmək olar?
- O qədər də peşəkar toxunmuş xalçalar deyil. Baxan kimi bilinir ki, həvəskar toxuyub. Bu, sadəcə bir ananın övladına öz əlləri ilə hazırladığı hədiyyədir. Üzərində "əbədi yadigar” yazılıb...
- Onu qiymətli edən də budur... Hekayəsi...
- Bəli, mənim üçün hekayəsi qiymətlidir. Elə ona görə də aldım... Yoxsa xalçanın elə də çox qiyməti yoxdur. Üzərinə "antik” yazılmağına baxmayın, XX əsrə aiddir...
-Yenə də neçəyə satdıqlarını bilmək istəyirəm...
- Xalçanın birinin qiyməti uzağı 300 dollar olardı, amma hərraca 850 dollara çıxartmışdılar.
- Bazarlıq etdiniz?
- Yox. Heç dialoqa girmək də istəmədim. Elə hərəsinə 850 dollar ödəyib, aldım. İndi çox istəyirəm ki, xalçanı həqiqi sahiblərinə çatdıram. Ümid edirəm, bu insanlar hələ də sağdırlar. Müharibədə girov, itkin düşməyiblər, şəhid olmayıblar...
- Xalçaların ikisində də yazı var?
- Yox, cəmi biri yazılıdır. Amma baxan kimi hiss olunur ki, ikisini də eyni adam toxuyub. Açığını desək, xalçanın ikisini də bir evdən...
- ...Oğurlayıblar...
- Talan ediblər... Bunlar bizi talan ediblər... Sərvətimizi illərdir talayırlar... Ümid edirəm, indi illər sonra xalça öz sahiblərinə qovuşacaq. Mən ikisini də göndərəcəyəm, bəlkə o adamın doğma evindən, keçmişindən heç bir xatirəsi yoxdur, qoy bu xalça ona mənim hədiyyəm olsun...
-Siz çox böyük insansınız!
- Bu bir azərbaycanlı kimi mənim borcumdur! İstəyirəm ki, bu insanlar öz evlərindən heç olmasa bu yadigarı saxlasınlar. Bu, sıradan bir yadigar deyil, buraya bir ana öz əlləri ilə övladının adını həkk edib... Gözünün işığına gözünün nurunu xərcləyib... "Əbədi yadigar” sözü... Bu sözdən çox sarsıldım... Çox təsirli sözdür... Qismətə bax... Ana o xalçaya "əbədi yadigar” yazanda hardan ağlına gələrdi ki, xalça qarışıq bütün evini, yurdunu, torpağını itirəcək...
- Xalçanı satan erməni alıcının azərbaycanlı olduğunu bildi?
- Hərracda qayda belədir ki, alıcıya məhsula şərh yazmaq təklif olunur. Mən də neqativ şərh yazdım. Sual belə idi ki, sən bu insanın saytdakı satışını necə qiymətləndirirsən? Cavab yazdım ki, yalançıdır! Satışa çıxartdığı əşyaların adları düzgün qeyd edilməyib...
- Təbii, şərtlərə görə oğurluqdur yazmaq olmaz...
- Əlbəttə! Qaydalara görə belə yazmağa haqqım yoxdur. Amma bunlar yüz faiz bizim xalçalardır. Mən özüm Qarabağ müharibəsi zamanı səyyar hospitalda çalışmışam...
- Aa... Hansı istiqamətdə?
- Ağdamda... Mən Biləcəri Dəmiryol Xəstəxanasının reanimasiya şöbəsində anestezioloq işləyirdim. 1992-ci ildə həkim briqadası ilə düz dörd ay Ağdamda işləmişəm...
- Artıq şəhər xəstəxanası bombardmanda dağıdılmışdı, yaralılara qatarlarda yardım göstərirdilər...
- Bəli! Bax, mən həmin o səyyar qatarlarda işləmişəm. Biz, dörd həkim idik – cərrahımız Rüstəmov idi. Mən, Malik, bir də Rauf Yaradanquliyev... Yaralı döyüşçüləri qatarda qəbul edir, yardım edirdik...
- Bu, ən ağır dönəmlər idi...
Bəli. Dörd ay ərzində saysız-hesabsız yaralı gördük... Yardım edir, qanaxmanı saxlayır, yaraları tikirdik... Vəziyyəti ağır olanları şəhərə yollayır, ambulator xəstələri isə 2-3 gün qatarda saxlayırdıq... Müayinə edir, yenidən antibiotik verib, göndərirdik...
- Girovluqdan azad edilən xocalıları da səyyar qatarlara gətirirdilər... O vaxt siz Ağdamda idiniz?
- Yox, biz onları görməmişik. Bu, bizdən əvvəl olmuşdu. Biz Ağdamın o günlərini gördük ki, qızğın döyüşlər gedirdi... 25 il keçib, hər şey bu gün kimi gözümün önündədir... O torpaq... O insanlar... Məni başa düşürsünüz yəqin... Çox istəyərəm ki, xalçanın həqiqi sahibi tapılsın... Heç ona deməyin, mən kiməm, sadəcə "bir azərbaycanlı alıb” desəniz, kifayətdir... Ümid edirəm, xalçaları toxuyan ana da yaşayır. Əgər yaşayırsa, xalçaları Azərbaycana özüm gətirib onlara təqdim edəcəyəm...
Elşad bəy xalçaların şəklini mənə, mən isə xalçaçı-ekspert, professor, "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradova təqdim edirəm. Xalça bilicimiz Qarabağdan Los-Ancelesə gedib çıxan xalçanın hansı bölgəyə aid olduğunu müəyyən edir:
- Zəngilan xalçasıdır! Qədim xalça deyil, XX əsrin ortalarına aiddir. Bu xalçadan bütün Qarabağda toxuyublar... Qubadlıda, Ağdamda və s.
Dəyərli oxucu! Bu xalçaların həqiqi sahibini tapmaqda bizə dəstək olacağınıza əminəm!
Düzdür, uşaqlığımın xalçasına bənzəyir. Amma bu, o deyil... Naxışlar bütün qarabağlılara tanış gələcək, Vidadi müəllimin dediyi kimi, bu xalçadan bütün Qarabağda toxuyublar...
Xalçanın həqiqi sahibi isə onun üzəridəki yazını tamamlaya bilən insandır...