Nyu Yorkda “Azərbaycan Evi”, “Azərbaycan” restoranı – bunların yaradıcısı Münəvvər Vahabova danışır (Fotolar)

"Amerikaya gəldiyi ilk gün adamda elə təəssürat yaranır ki, yenidən doğulub”

Nyu Yorku az-çox tanıyandan sonra bu gözəl şəhərdə özünə yuva qurmuş, məskən salmış azərbaycanlılardan da danışaq. Məlum, son illər Azərbaycandan sürətlə başlanan mühacir dalğası əsasən Avropa ölkələrini əhatə edib. 2015-ci ildə bununla bağlı həyata keçirdiyimiz  "Avropadakı mühacirlər” layihəsi sözügedən mənzərəni, reallıqları göz önünə sərmişdi. Amma Amerikadakı azərbaycanlılar.... yeni və tam fərqli kateqoriyadır. Buna orada yaşayan hər bir həmyerlimizlə söhbətdən sonra bir daha əmin oluruq. Təzyiq, təqib səbəbindən yox, sırf daha yaxşı yaşamaq üçün "Amerikanı yenidən kəşf edənlər”dir onlar. Gəldikləri gündən dişləri-dırnaqları ilə çalışan, yeni həyat qurmaq üçün hər şeyi sıfırdan başlamağa hazır olan cəsur həmyerlilərimizdən danışırıq.

Və heç biri də söhbət zamanı süni bəhanələrdən, yalançı təzyiq ssenarilərindən mədət ummur. Açıq-açıq "Mən daha yaxşı yaşamaq istəyirdim”, deyirlər və hekayələrini danışmağa başlayırlar.

Bu barədə növbəti yazılarımızda. Hələliksə...

Nyu York, Con F.Kennedi aeroportunda təyyarədən enən kimi, bir az ürkək şəkildə ətrafa göz gəzdirəndə min ilin tanışı kimi yaxınlaşan, çoxdandır görmədiyi qohumuna qovuşur kimi məni qucaqlayan ilk Nyu Yorklu azərbaycanlı barədə yazıram. Münəvvər Vahabova adı Azərbaycan oxucularına tanışdır. Azərbaycanla bağlı Nyu Yorkda keçirilən tədbirlərin əsas təşkilatçısı, Nyu York Azərbaycan Evi və Nyu York Azərbaycan Qadınlar Cəmiyyətinin sədri zaman-zaman medianın xəbərlər lentində görünür. Dediyim kimi, Nyu Yorkun mərkəzində, əlamətdar günlərdə, ermənilərə qarşı keçirilən aksiyalarda, anım tədbirlərində hər zaman ön plandadır. Üstəlik, unudulmaz "Azərbaycan” restoranının sahibəsi kimi də burda yaşayan həmyerlilərimiz onu yaxşı tanıyırlar.

Düşünün, Nyu Yorkun çoxmillətli bölgəsi sayılan Bruklinin mərkəzi küçələrindən birində, üzərində "Azərbaycan” yazılmış böyük bir restoran.. İçəridə milli musiqi və mətbəxdən gələn milli yeməklərin qoxusu. Qutab, dolma, aş... Müsahibə boyunca sanki Bakıdan ayrılmamış kimi hiss etdim özümü. Münəvvər xanım deyir ki, elə onun məqsədi də budur – Nyu Yorkda yaşayan azərbaycanlılar vətən özləmini, həsrətini az da olsa burda xəfiflətsinlər. Əylənmək istəyəndə də bura gəlsinlər, ortaq dərdlərimiz olanda da ürəklərini burda boşaltsınlar. Söhbətimiz də elə bu mövzularda olur. "Azərbaycan Evi”nin yaranması, burda keçirilən tədbirlər, bir azərbaycanlının Amerika macərası...

Mən 10 ildi Amerikadayam. Gələn gündən belə bir ocağımız olsun istəmişəm. "Azərbaycan Evi”ni 2014-cü ilin oktyabrında yaratdıq. O, həm Azərbaycanı tanıtmaq,  həm də maddi problemləri həll etmək üçün restoran kimi fəaliyyət göstərir. Amma bunun restoran kimi fəaliyyət göstərməsi ikinci dərəcəlidir. Bu məkan Azərbaycanın, onun mətbəxinin tanınması üçün böyük işlər görür, onu xaricilərə tanıdır. Azərbaycan xalqı çox qonaqpərvərdir. Xalqımızın mətbəxi, musiqisi, tarixi  çox zəngindir. Biz bunları tanıtmaq istəyirik.

"Nyu Yorkda yaşamağı bacaran adam dünyanın hər yerində yaşaya bilər”

Burda - Bruklində təkcə amerikanlar yox, bir çox millətlərin nümayəndələri yaşayır. Restoranın üzərinə böyük hərflərlə "Azərbaycan” sözünü yazmamız da bu səbəbdəndir – vətənimizin adını görsünlər, tanısınlar. Bu, bizim üçün fəxarətdir. Başqa ştatlardan qonaq gələnlər bu lövhəni  görən kimi mütləq ayaq saxlayır, tanış olur və yeməklərimizdən dadırlar. Bilirsiz ki, Azərbaycandan yeni gələn insanlar olur. Onların adaptasiya olunmasında, ilk anlarında, günlərində yardım etmək də bizim üzərimizə düşür. Bizdən bunu heç kim tələb etmir.  Amma çalışırıq ki, bizdən yardım istəyən şəxslərin əlindən tutaq.

-Nyu Yorkda azərbaycanlılar çoxdur?

-Mən burdakı  azərbaycanlıları tanıyıram. Düzdür, diqqət kənarında qalanlarla yaxından tanışlığım yoxdur. Amma əksər həmvətənlərimiz çalışırlar ki, gəlsinlər, bizimlə tanış olsunlar. Axır zamanlar gələnlərin sayı bir az çoxalıb.

-Nə ilə bağlıdır bu artım?

-Bəlkə yolların açılması, artıq gəlmənin asan olması, insanların dost-tanışları burda olduğu halda xəbərləşib gəlmələri də səbəb ola bilər.

-Bəs azərbaycanlıların Amerikaya uyğunlaşma prosesi necə gedir? Siz cəmiyyətin sədri olaraq bu durumu hər kəsdən daha yaxşı bilirsiz çox güman ki. Fərqli cəmiyyət, fərqli dünya.... Nədə əziyyət çəkir azərbaycanlılar?

-Təbii, tam fərqli. Bura gəldiyi ilk günlərdə insana elə gəlir ki, təzə doğulub. Ölçü vahidləri, dərəcə vahidləri başqa, çəki vahidi başqa... İnsan hər şeyə sıfırdan başlayır. Həm siyasi, həm iqtisadi, həm təhsil sahəsində ciddi fərqlər var. Məsələn, mən ixtisasca müəlliməyəm. Burda da həmin sahə üzrə fəaliyyətimi davam etdirirəm. Eyni zamanda öz sahəm üzrə təhsil alıram. Uşaqlarım da burda "high school”da oxuyurlar. Ona görə demək istəyirəm ki, burda təhsil almaq çətindir.

-Münəvvər xanım,  Avropaya gedən azərbaycanlı mövzusu artıq cəmiyyət üçün aydındır. Sosial müavinət, nisbətən rahat yaşama istəyi, təzyiqlərdən qurtuluş. Yaşamını davam etdirmək üçün Amerikanı seçən azərbaycanlı isə yeni kateqoriyadır..

-Azərbaycanlıların Amerikanı seçməsinin ilkin səbəbi çox güman ki, maddi səbəbdir. Burda işləmək, pul qazanmaq, ailələrinə pul göndərmək imkanları artır. Amma ilk növbədə dil problemi var. Nyu York çox bahalı şəhərdir və burada yaşamağı bacarmaq lazımdır. Belə bir deyim var ki, Nyu Yorkda yaşamağı bacaran adam dünyanın hər yerində yaşaya bilər. Bunun üçün fədakar olmaq, işləməkdən qorxmamaq, irəli getməyi sevmək lazımdır.

-Yerli əhalinin gəlmələrə münasibət necədir? Onları rahatlıqla qəbul edirlər, ya kənarlaşdırma, diskriminasiya cəhdləri hiss olunur?

-Xeyr, diskriminasiya barədə söhbət gedə bilməz. Hər kəs savadına, xarakterinə görə özünə yer tuta bilir. Demokratik ölkədir. Hər şeyi əldə etmək mümkündür.

-Bir azərbaycanlının Amerikada yaşayıb, baş çıxara bilməsi üçün nələr vacibdir? Nə qədər qazanmalıdır ki, bu problemlərin öhdəsindən gələ bilsin?

-Ağlı başında olan, işləməyi sevən adam burda yaşaya bilir. Burda evsiz, küçədə yaşayan amerikanlar da var. Hansı ki, həm ingilis dilini bilir, həm sənədləri var. Amma gələn miqrantlar da işləməyi sevirlər. Burda işləməyi sevən adam ac qalmaz heç vaxt. Bizdə dil problemi çoxdur. Amerikaya gəlməyi planlaşdıranlar ilk növbədə ilk hazırlıqlarını görsünlər – dil bilgiləri olsun. Bəzən elə adamlar gəlirlər ki, nə ingilis, nə rus dilini bilirlər. Bizim yaşadığımız bölgədə hətta rus dili ilə də keçinmək olar.

-Trampın gəlişindən sonra müsəlman ölkələrindən gələn insanlara qoyulan qadağa mövzusu aktualdır. Azərbaycan bu yasaq ölkələrin siyahısında olmasa da, narahatlıq gündəmdədir. Tramp Amerikadakı azərbaycanlılara nə vəd edir?

-Mənim fikrimcə, azərbaycanlılara heç bir təsiri olmayacaq. Heç 7 ölkəyə qoyulan qadağanın da davamı gəlməyəcək. Qoyulan qadağa get-gedə zəifləyir. Mənə elə gəlir ki, bu təsir zamanla azalacaq. Amerikada indi rənginə, irqinə görə insanlara qiymət verilmir. Müsəlman ölkələrindən gələn insanların hamısı isə terrorist deyil. Gec-tez bunu anlayacaqlar.

-Amerikada yaşamaq istəyən azərbaycanlılar hansı mərhələləri keçməlidir?

-Green Kart deyilən lotoreyanı  udmaq lazımdır. Bu, mümkündür. Mən sizin qarşınızda canlı nümunəyəm. 10 il bundan öncə Green Kartı qazanıb ailəmlə gəlmişəm. Tələbə statusu, işçi status, investor statusu ilə gələnlər də var. Ya da evlənmək yolu ilə bu, mümkündür. Yaxşısı budu, Amerikada yaşamaq istəyən insanlar Green Karta müraciət edib, şanslarını yoxlasınlar. İnvestor vizası ilə gələnlər isə müəyyən investisiya qoyduqdan sonra hətta Green Kart da qazana bilirlər.

-Siz bura köçəndə uşaqlarınız kiçik yaşlı idilər. Onların bura adaptasiyası necə keçdi? İndi Azərbaycan cəmiyyəti, mentaliteti ilə bağlı nə dərəcədə məlumatlıdılar?

-Bir oğlum, bir qızım var. Oğlumun 22, qızımın 14 yaşı var. Amma 10 il bundan öncə bura gələndə oğlum Anarın 13 yaşı var idi, qızımınsa 5. Evdə nənə tərbiyəsi görmüş bir uşaq idi. Anar necə azərbaycanlı idi, elə də qaldı. Çünki formalaşıb gəlmişdi. Amma qızım Nərmin 90 faiz amerikanlaşıb, uzaqlaşıb bir qədər. Düzdü, evdə azərbaycanca danışırıq. Mentalitetimizi itirməyəcəyik. Çalışacağıq ki, Azərbaycan mentalitetini dəyişməsin.

-Bruklində "Azərbaycan” adlı restoran... amerikanlara nə deyir?

-Birinci növbədə "Azərbaycan harada yerləşir” sualı yaranır. Azərbaycan sözünün mənasını soruşurlar. Biz də çalışırıq ki, onları tam məlumatlandıraq. Bizim burdakı azərbaycanlılara deyirəm ki, sizin hər bir hərəkətiniz Azərbaycan barədə təsəvvür yaradır. Çalışın elə yaşayın ki, "azərbaycanlıyam” deyəndə qürur duyasız. Bura bütün xalqların nümayəndələri gəlir. Sırf azərbaycanlıların məkanıdır desək, yanlış olar.


M.Vahabovanın həyat yoldaşı, "Azərbaycan Evi”nin həmtəsisçisi Mirhüseyn Vahabov isə arxa planda qalmağı tərcih edir. Necə deyərlər, o, daha çox "arxa cəbhədə” vuruşur. Deyir ki, xanımının burda Azərbaycan adına gördüyü işlərlə fəxr edir və bu məsələdə ona tam dəstəyi var. 

-Bu işin əsas təsisçisi Münəvvər xanımdır. Bu evi təşkil etmək, o yükün altına girib, bu ocağı qorumaq hər adamın işi deyil. Azərbaycandan gələn hər bir şəxs üçün qapımız açıqdır. Bəzən görürsüz zəng edirlər ki, Azərbaycan gəlmişik, filan yerdəyik, bizə kömək edin. Qarşılayırıq, kömək edirik. İlk vaxt üçün də düşündük ki, niyə Nyu Yorkda Azərbaycan Evi, ocağı olmasın? Niyə Azərbaycandan gələn hər bir adam aeroportda qalmalıdır? Dəfələrlə olub ki, aeroportdan taksi ilə, qucağında uşağı, əlində çamadanı ilə həmyerlilərimiz məhz bizim ocağa gəliblər. İlk dayanacaqları bura olub. Onlar deyəndə ki, biz bura gələndə özümüzü doğma məkanda hiss edirik, bu, insana doğrudan da ləzzət edir.

Amma elə sizin müsahibə vasitəsilə də deyirəm ki, vətəndən bura gələn azərbaycanlılar üçün qapımız hər zaman açıqdır. Həftənin 7 günü açıq oluruq. Onların işlə təmin olunmasına, yerləşdirilməsinə yardım edirik. Çalışırıq ki, burda özlərini yad yerdə hiss etməsinlər.




[email protected]