Bakıda narkotik neçəyədir?

İmkansız şəxslərin narkotiki necə əldə etdiyi maraq doğurur...

Bakıda narkotik neçəyədir?


Mütəmadi olaraq mətbuatda belə xəbərlərə rast gəlirik ki, "polis əməkdaşları tərəfindən saxlanılan şəxsin üzərinə baxış zamanı ondan narkotik vasitə aşkar edilərək götürülüb və həmin şəxs istintaqa cəlb olunub”. Xüsusilə də son zamanlar ictimai fəal şəxslərin bu cür ittihamla həbs olunduqlarının şahidi oluruq. Hətta bəzən onların çoxu işsiz, maddi vəziyyəti yaxşı olmayan şəxslər olurlar.
Bəs bu narkotik maddələrin qiyməti neçəyədir?


2015-ci ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası narkotik vasitələrin "qara bazar” qiymətlərini açıqlayıb.


Bildirilib ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq tiryəkin "qara bazar”da topdansatış qiyməti minimum 3 000, maksimum 7 000 dollar, pərakəndə satış qiyməti minimum 10 000, maksimum 15 000 dollar olub.


Müvafiq olaraq 1 kq heroinin "qara bazar”da topdansatış qiyməti 15 000-20 000 dollar, pərakəndə satış qiyməti 40 000-50 000 dollar, 1 kq marixuananın topdansatış qiyməti 6000-8000 dollar, pərakəndə satış qiyməti 8 000-12 000 dollar, 1 kq həşişin topdansatış qiyməti 2 500-4 000 dollar, pərakəndə satış qiyməti 6 000-8 000 dollar olub.


Yuxarıda qeyd olunan qiymətlər dollarla göstərilsə də, nəzərə alaq ki, həmin zaman manatın devalvasiyası baş verməmişdi. Yəni hazırda milli valyuta ilə bu maddələrin qiyməti qeyd olunanlardan 2 dəfə bahadır.


İllərdir dünyada və Azərbaycanda narkomaniyaya qarşı mübarizə aparılsa da qeyd olunur ki, əvvəlki illərdən fərqli olaraq, hazırda narkotik maddələrin növü daha da çoxalıb.


"10-15 il öncə ancaq otlar tapılırdı. Heroin, kokain və digər bu kimi maddələrə rast gəlinmirdi. Çox nadir hallarda isə tiryək aşkarlanırdı. Son zamanlar isə bu kimi maddələrin yayılması halları sürətlənib. Hazırda satılan narkotik maddələr süni şəkildə, kustar üsulla hazırlanır. Ona görə də insanın beynini, şüurunu məhv edir. Ancaq orijinal deyilən maddələr də var. Onlar isə əvvəla, xaricdə olur, ikincisi də, qiyməti çox bahadır. Bu maddələr də insan orqanizmi üçün zərərlidir. Ancaq ”qara bazar"da ucuz qiymətə satılanlar daha da təhlükəlidir. İndi bəzi ölkələrdə marixuananın müəyyən limitlə istifadəsinə icazə verirlər. Azərbaycanda da bu kimi məsələlər barəsində bəzi deputatlar fikirlər səsləndirirlər. Ancaq bir şeyi unudurlar ki, bu, çox incə bir məsələdir. Məsələ detallı şəkildə araşdırılıb, sonra qərar verilməlidir. Əvvəllər də qanunda belə idi ki, şəxsin üzərindən müəyyən miqdardan artıq "ot” tutulan zaman onu istintaqa verirdilər. Həmin miqdarı aşmayanda şəxsi tənbeh edib, buraxırdılar. Söhbət yalnız "otla” tutulanlardan gedir. İndi isə otdan daha çox, "ağ” deyilən digər maddələr yayılıb. Bu da çox zərərli və cəmiyyət üçün təhlükəlidir".




[email protected]