SON XƏBƏRLƏR
Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran dahi şəxsiyyət

“O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.” Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ilə yazıya körpü salmaq istədik. Çünki Azərbaycanı canından artıq sevən, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı ilə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya Vətəni sevməyi öyrədən, dövlətə, xalqa xidmət nümunəsini göstərən Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi və dahi rəhbərin bunun gerçəkləşdirilməsi istiqamətində atdığı addımların miqyası ölçüyəgəlməzdir. Çünki Ulu Öndər ölkənin ən çətin günlərində, müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayanda, torpaqlarımız işğal ediləndə, sabaha ümid itəndə xalqının səsinə səs verdi. Ümummilli Lider canından artıq sevdiyi Azərbaycanı xilas etmək üçün xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda qarşısında bir sıra həlli vacib məsələlər dayanırdı ki, onlardan biri torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bunun üçün Azərbaycan bütün sahələrdə güclənməli, müstəqil dövlət kimi özünü təsdiqləməli, diplomatik mübarizədə üstünlük qazanmalı, müstəqilliyinin və suverenliyinin qarantı olan ordusunun Qələbəyə hazırlığını təmin etməli, bir sözlə, Ulu Öndər Heydər Əliyevin təbirincə desək, dünyaya Günəş kimi doğmalı idi. Ümummilli Lider düşünülmüş siyasəti ilə Azərbaycanı dünyaya belə təqdim etdi.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Müstəqillik tariximizin hər bir mərhələsini müqayisəli təhlil əsasında indiki və gələcək nəsillərə çatdırmalıyıq. Bugünün gəncləri həmin dövrün reallıqları barədə çox da məlumatlı deyillər. Bu baxımdan dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışında dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən, Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı faciələrdən bəhs edərək bu çağırışı etmişdir ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: “Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?” Prezident İlham Əliyev, eyni zamanda, qeyd etmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə özünün yüksək idarəçilik bacarığı və vətənpərvərliyi, polad iradəsi, uzaqgörən, məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdi. O, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və həyata keçirdi. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Onun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması mükəmməl quruculuq proqramının tərkib hissələrindən oldu.

Prezident İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır”, Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” çərçivəsində Şuşadan xalqa müraciətində “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır. İl başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır. Eyni zamanda, hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik” kimi fikirləri cənab İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin Ona olan inamını, etimadını yüksək səviyyədə doğrulmasından keçirdiyi hissləri xalqımıza çatdırır.

22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi dövrə qədər əsas hədəf kimi Azərbaycanı daha da gücləndirməyi, bütün sahələrdə uğurlu inkişafa nail olmasını, informasiya cəbhəsində üstünlüyünü, ordumuzda qələbə əzmini gücləndirməyi qarşıya qoydu. 2003-2020-ci illər Qələbəyə hazırlıq dövrü kimi xarakterizə edilir. Ulu Öndər Heydər Əliyev elə möhkəm təməl yaradıb ki, onun üzərində Azərbaycanı inkişaf etdirmək, zirvələrə aparmaq üçün dövlətinə, xalqına bağlı Liderin olması əsas şərt idi. Prezident İlham Əliyev liderlik nümunəsini təqdim etdi, hər addımında Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi, Azərbaycanın inkişaf modelini daha da təkmilləşdirdi, Qələbəyə doğru gedən yolu addım-addım yaxınlaşdırdı. Bu gün hansı sahəyə diqqət yetirsək, yalnız uğur, zəngin təcrübə görə bilərik. 44 günlük Vətən müharibəsi bütün bu reallıqların təqdimatı oldu. Bir daha əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətimizdir. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda, Qarabağın döyünən ürəyi Şuşada üçrəngli Bayrağımız dalğalanır.


Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan müəllimlərinin
XII qurultayının fəxri nümayəndəsi, İlin müəllimi,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü


09.05.2026




ictimaifikir.az@mail.ru