![]()
"Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq".
Heydər Əliyev
Müasir Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi prosesi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun fəaliyyəti təkcə siyasi liderliklə məhdudlaşmamış, eyni zamanda dövlət quruculuğunun bütün əsas istiqamətlərini — siyasi sabitlik, iqtisadi inkişaf, mədəni dirçəliş, dil siyasəti, təhsil və səhiyyə sistemlərinin yenidən qurulmasını əhatə etmişdir.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə ciddi siyasi böhranın hökm sürdüyü bir dövrə təsadüf edirdi. Onun rəhbərliyi ilə dövlət institutları möhkəmləndirildi, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Xüsusilə, Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasının qəbul edilməsi dövlətçilik tarixində dönüş nöqtəsi oldu. Bu sənəd demokratik idarəetmənin hüquqi əsaslarını müəyyənləşdirdi və siyasi sabitliyin təmin olunmasına şərait yaratdı. Heydər Əliyev Azərbaycana sabitlik, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi, dövlətə ordu, əsgərə ehtiram, qürur bəxş etdi, vətəndaşına ən ali hüquq və azadlıqlar, sərbəstlik, təkmil Konstitusiya, azad və ədalətli seçkilər, xalqın səsi ilə ərsəyə gələn parlament verdi. Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi "dövlət xalq üçündür" ideyasıdır. Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır.
Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin gücləndirilməsi Heydər Əliyevin fəaliyyətində mühüm yer tuturdu. Əsas Qanunumuzda Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili təsbit olundu. Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır. Həmin qayğı və diqqət Heydər Əliyevin prezidentlik fəaliyyəti dövründə özünü daha qabarıq göstərdi. Ana dilimizin doğma adı bərpa olunmuş, “Azərbaycan dili” ifadəsi öz yerini tutmuşdur. Bu dövrdə Azərbaycanın dahi söz ustalarının, görkəmli şair və yazıçılarının, incəsənət xadimlərinin yubileylərinin keçirilməsi xalqımızın milli-mədəni irsinin qorunmasında, təbliğində və inkişafında çox böyük rol oynamışdır.Onun təşəbbüsü ilə Dövlət dili haqqında qanun qəbul edildi və dilin ictimai-siyasi həyatda rolu artırıldı. Bu siyasət ana dilinin qorunması və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi.
Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu Təhsil sisteminin yenidən qurulması və modernləşdirilməsi Heydər Əliyevin prioritet istiqamətlərindən biri idi. Onun rəhbərliyi ilə ali və orta təhsil sistemində islahatlar aparıldı, yeni təhsil müəssisələri yaradıldı və beynəlxalq əməkdaşlıq genişləndirildi. Bu siyasət ölkənin intellektual potensialının inkişafına zəmin yaratdı. ial mövqeyimdir”. 1993-cü ildən başlayaraq “Təhsil millətin gələcəyidir” deyən ulu öndərin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Əvvəlcə 1-4-cü siniflər, sonra isə yuxarı siniflər üçün dərsliklər dövlət vəsaiti hesabına çap olunmağa başladı. Müəllimlərin maaşları mütəmadi olaraq artırıldı. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” – deyən ümummilli lider Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən bir sıra sənədlər imzaladı. “Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan əlifbası və Azərbaycan Dili Günü (1 avqust) təsis edilməsi haqqında” 9 avqust 2001- ci il, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2 yanvar 2003-cü il tarixli fərman və sərəncamlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynadı. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının, öyrədilməsinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı. Bu gün birmənalı şəkildə deyə bilərik ki, ümummilli liderimizin rəhbərliyi, tövsiyələri ilə hazırlanmış proqramlar, seçdiyi strateji yol Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin etmişdir.
Heydər Əliyevin dövlət quruculuğu sahəsində fəaliyyəti kompleks və çoxşaxəli xarakter daşıyır. Onun siyasi uzaqgörənliyi, iqtisadi strategiyası və milli dəyərlərə bağlılığı müasir Azərbaycanın inkişaf modelini formalaşdırmışdır. Bu gün ölkənin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər məhz həmin siyasətin davamı kimi qiymətləndirilə bilər. Onun irsi Azərbaycan dövlətçiliyinin möhkəm təməli olaraq qalmaqdadır.
Qəhrəmanova Çinarə Məmməd qızı
Azərbaycan Dövlət İqtisad Universitetinin
Azərbaycan dili kafedrasının dosenti
09.05.2026