Tarixi ədalətin bərpası, regionda davamlı sabitliyin təmin olunması və sülh mühitinin formalaşdırılması istiqamətində Azərbaycanın atdığı addımlar bu gün beynəlxalq miqyasda yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməsi də məhz bu siyasətə verilən növbəti mühüm dəyərin ifadəsidir. Bu, təkcə diplomatik uğur deyil, eyni zamanda Cənubi Qafqazda yaranmış yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul olunmasının aydın göstəricisidir.
Gernika şəhərinin tarixində iz buraxmış faciələr, dinc insanlara qarşı törədilən vəhşiliklər bəşəriyyət üçün unudulmamalı dərslərdir. Otuz ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış və müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini dərindən anlayır. Lakin dövlət başçımızın müraciətində vurğuladığı kimi, müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit, təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalı, bəşəriyyət qarşısında sülh və barışıq naminə ortaq məsuliyyət hissi aşılamalıdır.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs artıq yalnız bəyanatlar səviyyəsində deyil, real nəticələr müstəvisində özünü göstərir. Regionda münasibətlərin normallaşması, əməkdaşlıq imkanlarının genişlənməsi və qarşılıqlı etimad mühitinin formalaşması bu siyasətin əsas uğurları sırasında yer alır. Münaqişədən sonrakı dövrdə dialoqun təşviqi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişafı sülhün praktik nəticələr verdiyini nümayiş etdirir.
Prezidentin mükafatın təqdimolunma mərasiminin iştirakçılarına ünvanladığı müraciəti nəzərdən keçirdikdə əsas məqam aydın olur: sülh təkcə siyasi razılaşma deyil, eyni zamanda, tarixi yaddaşın, yaşanmış acıların və gələcəyə dair məsuliyyətin nəticəsidir.
“Gernika şəhəri nümunəsində verilən əsas fikir ondan ibarətdir ki, müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini daha dərindən anlayırlar. Bu yanaşma Azərbaycanın son otuz il ərzində yaşadığı tarixi proseslərlə də üst-üstə düşür. Uzun illər davam edən münaqişə, itkilər və qeyri-müəyyənlik fonunda Azərbaycan cəmiyyətinin formalaşdırdığı düşüncə artıq yeni mərhələyə qədəm qoyur. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülh ölkəmiz üçün yalnız arzu deyil, həm də yeni bir reallıqdır. Bu reallığa uyğunlaşmaq isə həm psixoloji, həm də idarəetmə səviyyəsində dəyişikliklər tələb edir. Dövlətimizin başçısının çıxışında xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, sülh yalnız siyasi razılaşma kimi deyil, praktik nəticələr doğuran proses kimi təqdim olunur. Regionda iqtisadi əlaqələrin bərpası, nəqliyyat və ticarət imkanlarının genişlənməsi artıq nəzəri müzakirə mövzusu deyil, real prosesə çevrilir. Bu isə göstərir ki, davamlı sülh yalnız diplomatik masalarda deyil, gündəlik həyatın içində möhkəmlənir. Digər tərəfdən, Prezidentin müraciətində vətəndaş cəmiyyətinin roluna xüsusi yer ayırması diqqətdən qaçmır. Dövlətlərarası münasibətlər nə qədər vacibdirsə, xalqlar arasında etimadın qurulması da bir o qədər əhəmiyyətlidir. Bu baxımdan müxtəlif səviyyələrdə dialoqun təşviqi gələcək sabitliyin əsas sütunlarından biri kimi təqdim olunur.
Bu gün yaşıl enerji sahəsində təşəbbüslər, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional əməkdaşlıq platformalarının gücləndirilməsi ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir:
"Gernika” mükafatı Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi və ardıcıl siyasəti nəticəsində Azərbaycanın regionda formalaşdırdığı sülh strategiyasına verilən yüksək beynəlxalq qiymətin bariz ifadəsidir. Bu mükafat bir daha təsdiqləyir ki, ədalətə, dialoqa və qarşılıqlı etimada əsaslanan siyasət daim dəstək qazanır. Azərbaycan bundan sonra da regionda dayanıqlı sülhün, təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində qətiyyətli və ardıcıl addımlarını davam etdirəcək.
Namiq Babayev
Kliniki Tibbi Mərkəzin Aptek bölmə müdiri
01.05.2026