Abdullayeva Könül Təvəkkül qızı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
"Humanitar fənlər" kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru“Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Heydər Əliyev
Dünyanın ən inkişaf etmiş ölkələrinin keçdiyi yola nəzər saldıqda məlum olur ki, hər bir dövlətin inkişafında, güclənməsində, tanınmasında, xalqının taleyində həlledici rol oynamasında əsas və mühüm məsuliyyət dövlət başçısının üzərinə düşür. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmuşdur. Ulu Öndər Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm dahi tarixi şəxsiyyət, həm də təcrübəli bir dövlət başçısı kimi qalmışdır. Heydər Əliyev millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş şəxsiyyət olmuşdur. Ulu Öndər dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olunması istiqamətində əhəmiyyətli və misilsiz işlər görmüşdür. O, zəngin və mənalı həyatı boyu həmişə xalqını düşünmüş, qarşılaşdıqları çətinliklərdən xilas etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Dahi şəxsiyyət müstəqil Azərbaycanın memarı kimi ən uca missiyanı gerçəkləşdirərək bu şanlı tarixi öz əlləri ilə yazmışdır.
"Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyən Heydər Əliyevin ömür yolu Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Vətənimizin, xalqımızın taleyində ötən əsrin 70-ci illərindən XXI əsrin əvvəllərinədək taleyüklü bir dövrdə öz adını əməlləri, cəsarətli addımları və milli təfəkkürü ilə Azərbaycan tarixinə, Azərbaycan ictimai-siyasi fikir tarixinə həkk etmiş Heydər Əliyevin çoxşaxəli fəaliyyəti gənc nəsil üçün parlaq və əvəzolunmaz bir örnəkdir. Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Onun həyata keçirdiyi siyasət nəticəsində dövlət müstəqilliyinin qorunub saxlanılması, siyasi sabitliyin təmin olunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, xalqın rifahının artması müşahidə olunmağa başlamışdır. Ulu Öndərin atdığı addımlar, həyata keçirdiyi siyasət, uzaqgörənliliyi onun necə müdrik bir insan olmasından xəbər verirdi. Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Heydər Əliyev ölkənin, xalqın taleyi barəsində qərar qəbul edəndə bunu həmişə uzaqgörənliklə, gələcəyə hesablanmış şəkildə edirdi. Çünki xalqın nə istədiyini yaxşı bilirdi və buna uyğun istiqamətlərdə də addımlar atırdı. O, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm vermiş və bu hüquqların qorunması yolunda mühüm addımlar atmışdır. 28 dekabr 2001-ci ildə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edildi, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Bu, vətəndaşların hüquqlarının müdafəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu Öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olmuşdur. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər sahədə görmək olar. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olmasını reallaşdırmasındakı rolu danılmazdır. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə seçilirlər.
Geniş dünyagörüşlü insanların həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün gənclərimizə əsl nümunədir. Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O özü də qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olubdur: “Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Milli, maddi və mənəvi dəyərlərimizi təbliğ etmək və gənc nəsillərə ötürmək xalqımızın gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir.
Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir. Onun qadınlara olan münasibəti ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar bilinirdi. Zərifə xanım Əliyevaya verdiyi yüksək dəyər heç kimin diqqətindən yayınmazdı. Hər kəs onların bir-birilərinə necə qarşılıqlı hörmət münasibəti bəslədiklərinin şahidi olmuşdur. Ulu Öndər 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır...”
Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Qadın, həyat yoldaşına hörmət edən, ailə ocağını daim isidən qadındır. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətidir. Ümummilli Liderin zəngin irsinin daha dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.
Məhz Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, xeyriyyəçiliyinin, nəcibliyinin, insanlara qayğısının timsalında bütün dünya Azərbaycan qadınının hansı yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu görür. Beləliklə də Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda gender tərkibli bir dövlət siyasəti formalaşıb. Bu siyasət Azərbaycan qadınının daim irəliyə, tərəqqiyə doğru aparır. Azərbaycan qadınının vətənpərvər ruhda tərbiyə etdiyi övladlar 44 günlük Vətən müharibəsi dövründə qəhrəmanlıq göstərərək ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasına nail oldular. 44 günlük Vətən müharibəsində qazandığımız qələbədə qadınlarımızın rolunu xüsusi qeyd etmək vacibdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan qadını mərdlik və mətanət nümayiş etdirərək, dualarla cəbhəyə göndərib qələbə xəbəri ilə yolunu gözlədiyi və yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Dövlətçiliyimizə ən böyük töhfə də, heç şübhəsiz, 44 günlük müqəddəs Vətən müharibəsindəki qəhrəmanlığı və şücaəti əsla yaddaşlardan silinməyəcək bu gənc nəsildir”. Ölkəmizdə hazırda həyata keçirilən dövlət qadın və gender siyasətinin mühüm tərkib hissəsi qadın və qızların ali təhsilə və elmi fəaliyyətə fəal şəkildə cəlb olunmasının təşviq və təmin edilməsidir. Azərbaycanda son illərin statistik göstəriciləri elm sahəsində qadınların, xüsusilə də gənc tədqiqatçıların rolunun sürətlə artdığını və gender bərabərliyi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğunu təsdiqləyir. Faktlara diqqət yetirək. Ölkəmizdə savadlılıq səviyyəsi 100 faizə yaxındır. Son illərdə ali təhsil müəssisələrinə qəbul olan qızların sayı oğlanları üstələməyə başlayıb. Qızların təhsilinə dəstək layihələri çərçivəsində minlərlə tələbə qız müxtəlif tədqiqat və inkişaf proqramlarında iştirak edib. UNESCO-nun məlumatlarına əsasən, dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Ölkəmizdə isə bu rəqəm 40 faizdən çoxdur, yəni orta dünya göstəricisindən artıqdır.