Xocalı qurbanlarının qanı yerdə qalmadı

Babayeva Gülnarə Vəli qızı
ADPU-nun "Analitik və üzvi  kimya”  kafedrasının dosenti,
"Heydər Əliyev-100” media mükafatı laureatı

Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması tarixi ədalətin bərpasının, suverenliyin tam təmin olunmasının və xalqımızın milli qürurunun təntənəsi oldu. Bu hadisə 30 ildən artıq davam edən ədalətsizliyə son qoyulmasının, dövlət suverenliyinin bərpasının və milli qürurun təntənəsinin simvolu oldu. Xocalı Azərbaycan tarixində həm faciə, həm də müqavimət rəmzi kimi xüsusi yer tutur. Şəhər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi və burada Azərbaycan xalqına qarşı XX əsrin ən ağır cinayətlərindən biri Xocalı soyqırımı törədildi. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirildi, yüzlərlə insan yaralandı və əsir götürüldü.
Uzun illər ərzində Xocalı işğal altında qalsa da, şəhərin azad ediləcəyi gün Azərbaycan xalqının milli yaddaşında daim yaşadı. Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində mühüm addımlar atdı. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verildi və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlara müraciətlər edilməyə başlandı. Həmçinin Ulu Öndərin qərarı ilə hər il 26 fevral tarixinin Xocalı qurbanlarının anım günü kimi qeyd olunması təsbit edildi. Bu qərar xalqımızın yaddaşında şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına xidmət edir.Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində Heydər Əliyev Fondu da mühüm fəaliyyət göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası başladılmışdır. Bu kampaniya çərçivəsində dünyanın bir sıra dövlətlərinin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar və aktlar qəbul etmişlər. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçı silahlı qüvvələrdən təmizləndi və Azərbaycanın suverenliyi bərpa olundu. Bu əməliyyatlar nəticəsində bölgədə qanunsuz silahlı birləşmələr tərksilah edildi və dövlət idarəçiliyinin bərpası üçün şərait yaradıldı. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunması istiqamətində mühüm mərhələ kimi qiymətləndirildi.May ayının 28-də Müstəqillik Günündə Xocalıda səfərdə olan və xocalılılarla görüşən Prezident İlham Əliyev də vurğulamışdır: Müstəqilliyin bərpası elan olunandan dörd ay sonra Ermənistan Xocalı soyqırımını törətdi, günahsız insanları qətlə yetirdi, insanlığa qarşı cinayət törətdi. Xocalılılar faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə keçirməli oldular. Bayrağın Xocalıda dalğalanması bütün ölkədə böyük qürur hissi yaratdı.
Bayrağın ucaldılması yalnız simvolik hadisə deyil, həm də Xocalının bərpası və yenidən qurulması prosesinin başlanğıcı kimi qiymətləndirilir. Dövlət tərəfindən həyata keçirilən bərpa layihələri çərçivəsində:yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun bərpası, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, sosial və iqtisadi həyatın dirçəldilməsi kimi mühüm  dövlət proqramları həyata keçirilir. Bu gün xalqımız tariximizin ən şanlı səhifələrindən birini böyük qürur və minnətdarlıq hissi ilə yad edir. Ata vəsiyyətini layiqincə yerinə yetirən, ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində qazanılan qələbələr Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və gücünün təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə qəhrəman Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı, doğma Qarabağımızı 30 ilə yaxın davam edən işğaldan azad etdi. Bu zəfər təkcə hərbi uğur deyil, həm də tarixi ədalətin bərpası, şəhidlərimizin qanının yerdə qalmadığının sübutu oldu. Ordumuzun məhv etdiyi düşmən qüvvələri arasında Xocalı faciəsinin icraçılarının da olması xalqımız üçün ayrı bir mənəvi ədalətin təcəssümünə çevrildi.
Prezident İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycan heç vaxt bölgədə erməni faşizminin yenidən baş qaldırmasına imkan verməyəcək və ölkəmiz üçün hər hansı təhlükənin yaranmasına qətiyyətlə cavab verəcək. Bu mövqe dövlətimizin gücünü, xalqımızın birliyini və gələcəyə inamını nümayiş etdirir. Bu gün, Xocalı faciəsinin 34-cü ildönümündə həmin torpaqlarda Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlının qəlbini qürur və kövrək hisslərlə doldurur. O bayraq təkcə bir şəhərin deyil, bütün xalqın ləyaqətinin, mübarizəsinin və zəfərinin rəmzidir. Xocalıda üçrəngli bayrağımızın ucaldılması dünyaya bir daha göstərdi ki,Azərbaycan dövləti illərlə həll olunmayan bir məsələni öz gücü, siyasi iradəsi və milli həmrəyliyi ilə həll etdi.Bu gün Xocalı Böyük Qayıdış proqramının mühüm səhifələrindən birinə çevrilir.Bu səhifə Xocalı sakinlərinin doğma yurdlarına qayıdışı, dağıdılmış həyatların yenidən qurulması və tarixi ədalətin tam bərpası deməkdir. Qarşıdakı illərdə Xocalı yalnız faciə ilə deyil, dirçəlişin, yenidən doğuluşun və qələbə ruhunun simvolu kimi xatırlanacaq.
Xocalı qurbanlarının qanı yerdə qalmadı.Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etdi və bundan sonra da müstəqilliyini, suverenliyini və milli ləyaqətini qətiyyətlə qoruyacaq.

25.02.2026


[email protected]