Bəşəriyyətə qarşı törədilmiş soyqırım
Emilya Mehdiyeva
Bakı şəhəri, Neftçi Qurban adına
288 N-li tam orta məktəbin ingilis dili müəllimi
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, piyadaların 9 döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi.
Xocalıdakı özünümüdafiə qüvvələri son nəfərinə, son gülləsinə qədər vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu döyüşlər şəhəri müdafiə edən insanların göstərdiyi böyük qəhrəmanlıq, fədakarlıq nümunəsi idi. Xocalıya hücum zamanı erməni kəndlərinin mühasirəsində qalmış şəhərin 3000 nəfərədək silahsız mülki əhalisi düşməndən xilas olmaq üçün şəhəri tərk etdi. Çox təəssüf ki, o dövrdə Xocalıya heç bir kömək olmadığından həmin əhalinin demək olar ki, böyük bir hissəsi erməni vəhşiliyinin qurbanı oldu.
Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
Xalqımız uzun illərdir ki, bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib.
Uzun illər işğal altında qalan Xocalı şəhəri 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi.
Soyqırımın 34-cü ildönümü ərəfəsində Xocalı qatillərinin Bakı Hərbi Məhkəməsində yekunlaşan məhkəmə prosesi nəticəsində layiqli cəzanı almaları ilə ədalət öz yerini tapdı. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror əməliyyatları ilə tutularaq Bakıya gətirilən Xocalı cəlladları və xunta rejim rəhbərləri məsuliyyətə cəlb olundu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində ucaltdığı şanlı bayrağımız Azərbaycanın gücünü dünyaya bir daha nümayiş etdirdirərək, xalqımızın milli birlik və azadlıq uğrunda mübarizəsini əbədiləşdirdi. Soyqırımı qurbanlarının xatirəsi işğaldan azad olunmuş Xocalı şəhərində anıldı, mərasimdə iştirak edən Prezident cənab İlham Əliyev Xocalı Soyqırımı Memorialının təməlini qoydu.
Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.
Burada Xocalının həlak olmuş sakinlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bəzi epizodlar barədə danışmaq istərdim. Belə ki, 2018-ci ilin fevral ayında Goranboy rayonu ərazisində fəaliyyət göstərən Xocalı rayonunun Meşəli kənd tam orta məktəb kollektivinin təşəbbüsü ilə Xocalı soyqırımında şəhid olmuş 63 uşağın xatirəsinə məktəbin qarşısındakı ərazidə 63 ədəd həmişəyaşıl ağac əkilmişdir. Bu sətirlərin müəllifi qeyd olunan tədbirdən bir il sonra məktəbin direktoru Alğış Alışovun dəvəti ilə həmin məktəbdə olmuş və məktəblilərin və müəllimlərin ağaclara necə qayğı ilə qulluq etdiklərinin və qoruduqlarının şahidi olmuşdur. Bu gün də ağaclara və yaşıllıq sahəsinə müntəzəm olaraq aqrotexniki qulluq göstərilir, ağacların dibləri şumlanır, təbii gübrələr verilir, həmçinin qurumuş budaqlar budanır, yaşıllıq sahəsi yabanı otlardan təmizlənir.
Başqa bir epizod, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan xocalılar Çexiyanın Lidiçe şəhərində və Xocalıda həlak olan günahsız insanların xatirəsinə abidə ucaldıblar. Qeyd etmək və yada salmaq lazımdır ki, Lidiçedə 1942-ci ilin iyununda alman faşistlər tərəfindən kütləvi qırğın törədilib, 340 insanın, o cümlədən, 88 uşağın həyatına son qoyulub.
2012-ci ilin 13 iyununda Aşağı Ağcakənd qəsəbəsində Çexiya Respublikanın Azərbaycandakı səfiri Radek Mutullanın, Milli Məclisin deputatı Elman Məmmədovun, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun və rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu abidələrin açılışı olmuşdur. Bundan sonra həmin qəsəbənin Lidiçe küçəsində yerləşən Xocalı şəhər 4 saylı orta məktəbində Lidiçe və Xocalı faciələrinə həsr olunmuş sərgiya baxış oldu. Qəsəbənin Mədəniyyət evində Lidise şəhərində və Xocalıda törədilmiş faciələrlə bağlı sənədli filmlər nümayiş etdildi.
Yeri gəlmişkən bildirmək lazımdır ki, 2013-cü ildə Çexiyanın Xarici işlər üzrə komitəsinin deputatlar Palatasının Qərarı ilə Xocalı genosidini pisləyən qətnamə qəbul etmişdir.
Xocalı faciəsi nə qədər ağır olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Hal-hazırda Xocalıda da geniş quruculuq və bərpa işləri aparılır. Xocalı yenidən qurulur, abadlaşdırılır, xocalılar öz doğma yurdlarına qayıdırlar. Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Xocalı şəhərində bütün quruculuq işlərində yaxından iştirak edir. Belə ki, 2024-cü il fevralın 26-da o, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Eləcə də 2024-cü il mayın 28-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. İyulun 5-də isə Prezident İlham Əliyev Xocalı Hava Limanında olub.
2024-cü il sentyabrın 19-da Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə işlərlə tanış olan dövlət başçısı 2025-ci ilin fevral ayının 18-də yenidən Xocalıya səfər edib. Bu səfər çərçvəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Növbəti gün dövlət başçısı Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərə baxış kecirdi, kənd sakini Əvəz Orucovun evində yaradılan şəraitlə tanış oldu. Daha sonra Ballıca kənd sakinləri ilə görüş oldu. Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub. Qeyd etmək lazımdır ki, indiyədək 144 ailənin (651 nəfərin) Xocalı şəhərinə və Xocalının 7 kəndinə - dogma yurdlarına qayıdışı təmin olunub. Son köç bu ilin fevralın 16-da olub, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 30 ailə - 149 nəfər Xocalı şəhərinə köçürülüb.
Bəli, Xocalıya ədalət bərpa olundu. Bununla belə, Xocalını unutmadıq, unutdurmadıq və heç vaxt unutmayacağıq. Xocalı soyqırımının unudulmaması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu mənada Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyi xüsusi diqqətə layiqdir. Bu muzeyin Xocalı soyqırımı və xalqımıza qarşı törədilmiş digər cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən də gənc nəslin bu barədə məlumatlandırılması yolu ilə soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət etməsi nəzərdə tutulur. Zəngin tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri barədə dolğun məlumat vermək missiyasının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.
Bir zamanlar yurdlarından didərgin düşən sakinlər artıq yenidən dirçələn doğma şəhərlərinə qayıdırlar. Xocalı səmasında dalğalanan şanlı bayrağımız fəxrlə dalğalanır.
Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.
Qeyd edək ki, məktəbin ingilis dili müəllimi Emilya Mehdiyeva "7G" sinfində Xocalı soyqırımı – 26 Fevral 1992: Tariximizin qanlı səhifəsi, milli yaddaşımızın silinməz izi, şəhidlərimizin əziz xatirəsinə ehtiram və gələcək nəsillərə ədalət və həqiqət çağırışı
Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa keçirmişdir.
25.02.2026
[email protected]