Tarixin silinməz səhifəsi

VÜSALƏ MUSAYEVA
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin müəllimi 

Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış Xocalı soyqırımından 34 il ötür. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində baş verən hadisələr XX əsrin ən ağır humanitar faciələrindən biri kimi tarixə düşüb. Bu dəhşətli cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır soyqırımı aktıdır.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecədə Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridildi, yerli əhali xüsusi qəddarlıqla qətlə yetirildi. Yaddaşlara həkk olunan o dəhşətli gecədə yandırılan şəhərdən xilas olmaq istəyən insanlara aman verilmədi, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla qətlə yetirildi. Bu dəhşətli cinayət əməli nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansizlıqla qətlə yetirildi. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürüldü, insanların başlarının dərisi soyuldu, müxtəlif əzaları kəsildi, gözləri çıxarıldı, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilidi.
Dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edildi. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlandı. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldıldı. Heydər Əliyev Fondu Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərdi.
Tarixə nəzər saldıqda, zaman-zaman ermənilərin işğalçılıq siyasətinin, Azərbaycana qarşı olan torpaq iddialarının şahidi oluruq və bu məkirli siyasət erməni xislətinin sağalmayan sindiromudur. Bölgədə hər zaman təxribat və terrora əl atan ermənilər 1988-ci ildən başlayaq açıq şəkildə ölkəmizə qarşı torpaq iddialarına başladılar.
1988-ci ildən erməni separatçıları tərəfindən xalqımıza qarşı başladılan silsilə terror proseslərinin ən dəhşətli və qorxulu pik həddi 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilmiş Xocalı qətliamı oldu. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Xocalı faciəsi ermənilərin türk xalqına qarşı amansızlığı və insanlığa qarşı cinayəti idi.
Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Xocalı faciəsini törətməklə ermənilər tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib. Xocalı unudulmayan qan yaddaşımızdır!
Qeyd edək ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi məhz Ulu öndər Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Bu gün ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi əziz tutulur, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirləri düzənlənir.
Xüsusilə qeyd etmək lazımdır ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilərək Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə Xocalı soyqırımı qurbanlarına ucaldılmış abidə kompleksi dövlətimizin şəhid soydaşlarımızın xatirəsinə dərin ehtiramının əyani təcəssümüdür.
Ancaq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Xocalının qisasını artıqlaması ilə aldı, düşmənə illərlə unuda bilməyəcəyi sarsıdıcı zərbələr endirdi və ən əsası bu Xocalı şəhərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır.

25.02.2026


[email protected]