Qədim diyarımızın tarixi memarlıq nümunələri milli sərvətimizdir

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, 
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı, 
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi barədə Sərəncam imzalayıb. 
Bu gün ölkənin elə bir sahəsi yoxdur ki, onun dinamik inkişafı üçün böyük imkanlar yaradılmasın. İqtisadi tərəqqisinə görə nəinki MDB-də, hətta dünyada lider dövlətlərdən olan Azərbaycan bu uğuru məhz ölkə başçısının düzgün və düşünülmüş siyasi-iqtisadi kursunun sayəsində qazanıb. İqtisadi inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birində qərarlaşan Azərbaycan bu gün öz simasını dəyişərək, müasirləşib, gözəlləşir, tarixini qoruyaraq inkişaf edir.
Tarixə nəzər saldıqda görürük ki, bəşər svilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri olan Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmış və onlardan biri də memarlıqdır. Memarlıq tarixdir - insanlıq tarixi. Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların isə sayı olduqca çoxdur.
Yaxın keçmişimiz olan ötən əsr Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin salınması ilə bağlıdır. Abşeronda fəhlə qəsəbələrinin tikilməsi həmin dövrdə gənc sovet memarlığının ilk nümunələri idi. 20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlandı. Bu layihələr üçün milli memarlıq ənənələri ilə yanaşı, klassik formaların tətbiqi xarakterikdir. Bu dövrdə Azərbaycan memarlarının yaradıcılıq axtarışları yeni memarlığın milli ənənələrlə uyğunlaşdırılması meyilləri ilə səciyyələnir.
Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış şəhərcik olan Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən sonrakı dövr memarlığında özəl yer tutur. Neft Daşları 1949-cu ildə Xəzərdə zəngin neft yatağının tapılması ilə bağlı yaranmışdır. Bu qeyri-adi şəhərciyin bədii-memarlıq simasını "adi" yaşayış evləri, mədəni-məişət müəssisəsi korpusları, orijinal küçə-estakada sistemi və s. müəyyənləşdirir.
1960-cı illərdə isə Azərbaycan şəhərsalma və memarlığın inkişafında keyfiyyətcə yeni dövr başlayır. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri məhz bu illərdə paytaxt tipli böyük şəhərə çevrilmişdir. Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar ucadılmışdır. Bunların tam əksəriyyəti Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə və fəal nəzarəti altında layihələndirilib tikilmişdir. Onun Azərbaycana rəhbər təyin olunması bu sahədə böyük uğurlara səbəb oldu. Təkcə onu qeyd edək ki, sovet dövründə Bakının təsdiq edilmiş baş planının hazırlanmasında Heydər Əliyevin xidməti əvəzsizdir. O, həqiqətən, paytaxtımızın çağdaş şəhərsalma tələblərinə cavab vermək baxımından gələcək taleyini böyük uzaqgörənliklə həll etmişdir. Bakıda və onun yaxınlığında tikilmiş bir sıra sənaye müəssisələri, bu dövrdə yaradılmış infrastruktur və nəqliyyat sistemi Azərbaycanın bugünkü müstəqilliyi və iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratmışdır.
60-cı illərin sonu - 80-cı illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki, Respublika Sarayı, "Bakı", "Qarabağ", "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, Baş poçtamtın yeni binası, Respublika Statistika İdarəsinin binası, Bakı Dəmir Yolu Vağzalı, Nərimanov rayon icra hakimiyyətinin binası, Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivinin binası, "Nigah sarayı", "Gülüstan" şadlıq sarayı kompleksi, Yüngül Atletika Maneji, Bakı şəhəri Nizami rayon icra hakimiyyətinin binası, Azərbaycan Respublikası Prezident Aparatının binası və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir.
Ulu Öndər binaların inşası zamanı xüsusi diqqət ayırmış və tikintinin problem və çətinlikləri ilə şəxsən tanış olmuşdur. Hətta bəzi binalar üçün zəruri olan müxtəlif tikinti materialarının Bakıya xarici ölkələrdən gətirilməsi yalnız Heydər Əliyevin qayğıları və təşkilatçılıq qabiliyyəti sayəsində mümkün olmuşdur.
Qeyd edək ki, O, yeni binaların inşası ilə yanaşı, bir sıra memarlıq abidələrinin bərpa və təmirini də diqqətdə saxlamışdır. 1976-cı ildə 850 illik yubileyi təntənə ilə keçirilmiş Əcəmi Naxçıvaninin yaratdığı nadir sənət inciləri - Yusif ibn Küseyr və Mömünə xatın türbələri demək olar ki, dağılmaqdan xilas edilərək bərpa olunmuşdur. Respublikanın başqa yerlərindəki abidələrdə də yenidənqurma işləri aparılmış, Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə və Kələxana türbələri ilkin görkəminə qaytarılmışdır. Şuşa, Şəki, Şamaxı, Ordubad, Bakı və s. şəhərlərin memarlıq abidələrinin bərpası üzrə intensiv və planlı iş aparılıb. Bu baxımdan, Bakıdakı orta əsr Azərbaycan daş memarlığının incisi sayılan Şirvanşahlar sarayı ansamblının bərpası özəllikcə gözədəyəndir.
Müstəqillik dövründə tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirildi. Azərbaycanın ümumi görkəmində nəzərəçarpacaq dəyişikliklər özünü büruzə verdi. Müasir həyatımızda Azərbaycanın simasının dəyişməsi məhz Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Bu gün bir-birindən fərqli üslubda və görkəmdə inşa olunan memarlıq abidələri Azərbaycanın görkəminə füsünkarlıq, cazibə, gözəllik gətirmişdir. Şəhərsalma sahəsində dövlət siyasətinin istiqamətlərinə uyğun olaraq reallaşan tədbirlərin həyata keçirilməsi bu mənzərəni daha da zənginləşdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılması bu sahədə daha böyük nailiyyətlərin əldə olunmasına dəlalət edir. Komitə müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak edərək bu siyasətin həyata keçirilməsini təmin edərək şəhərsalma və milli-memarlıq ənənələrinin qorunub saxlanılmasına diqqət artırır. Bu gün Azərbaycanda milli və tarixi irsin, şəhərsalma, memarlıq abidələrinin, təbii-mədəni landşaftın, digər qoruq ərazilərinin saxlanılması, mühafizəsi və zənginləşdirilməsinə önəm yetirilir. Son illərdə ölkəmizin əldə etdiyi uğurlarda, memarlıq abidələrin inşa və bərpasında bunu sezməmək mümkün deyildi. Heydər Əliyev Sarayının, Nizami adına kinoteatrının, muzey və teatr binalarının, "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulması və əsaslı təmiri, turizm obyektlərinin, idman-sağlamlıq komplekslərinin inşası həyata keçirilərkən memarlıq fonu, memarlıq-planlaşdırma həllərinin həcm-məkan həlli, eləcə də fasadların tərtibatında milli memarlıq ənənələrinə uyğun üsulları tətbiq edilmişdır.
Onu da vurğulayaq ki, Bakı şəhərində bu gün tikilən memarlıq obyektlərinin layihə sənədlərinin hazırlanmasında yerli memarlarla yanaşı məşhur əcnəbi memarlarda iştirak edir, müasirliklə klassikanın vəhdətində gözəlləşən paytaxtımıza müasir dünyanın yeni mütərəqqi memarlıq nümunələrini bəxş edirlər.
Bu gün paytaxtımızda, dənizkənarı park ərazisində orijinal formasına görə milli musiqi aləti olan tarı xatırladan Muğam Mərkəzi tikilib istifadəyə verilib. "Üç alov" kompleksinin, orijinal formalı Azərbaycan Xalçası Muzeyinin, Heydər Əliyev Mərkəzinin və s. inşası memarlıq baxımından əhəmiyyətlidir. Təbii ki, son illər ölkəmizdə istifadəyə verilən müasir tikililər ölkəmizin iqtisadi inkişafının göstəricisidir.

27.01.2026



[email protected]