Nailə Yusif qızı Yusifova
UNEC, dosent
Prezident mükafatçısı
Bəhlul Yusifov- Qərbi Azərbaycanın Maarifçi Alimi
Kommunist Partiyasının qocaman üzvü Bəhlul Yusifov xalqımızın həyatı Böyük Oktyabrın şəfəqlərində nurlanan, bütün ömrünü sovet hakimiyyətinin qurulması və möhkəmlənməsi, yeni ictimai quruluşun yaradılması və inkişaf etdirilməsi işinə həsr edən yaşlı nəslinə mənsubdur. O, zəngin, maraqlı hadisələrlə dolu olan mənalı həyat yolu keçmiş, bütün ömrünü dövrünün yeni cəmiyyət qurulması və möhkəmləndirilməsi uğrunda mübarizəsinə həsr etmişdir.
Bəhlul Həbib oğlu Yusifov 1903-cü ilin mart ayında Ağrıdağ vadisinin Böyük Vedi kəndində (Qərbi Azərbaycan) kəndli ailəsində anadan olmuşdur. O, hələ 16 yaşlı gənc ikən kəndlilərlə birlikdə “Qırmızı partizan” dəstələrinə qoşularaq, 1919-cu illərdə sovet hakimiyyəti uğrunda daşnaklara qarşı mübarizə aparmışdır. Gənc Bəhlula “Qırmızı tabor”un üzvü adı verilmişdir. Ermənistanda sosialist inqilabının qələbəsi və sovet hakimiyyətinin qurulması milyonlarla kəndli ailələrinin, o cümlədən Yusifovlar ailəsinin həyatında yeni səhifə açdı. Geniş tərəqqi yoluna çıxartdı.20-ci illərin əvvəllərində gənc Bəhlul Sovet Ermənistanında sosialist tədbirlərin həyata keçirilməsi, yeni ictimai quruluşun bərqərar edilməsi uğrunda mübarizəyə qoşuldu. 1921-ci ildə komsomol sıralarına qəbul olundu, bir il sonra isə Özək (1920-ci illərdə Azərbaycanın “Əsas qüvvəsi/Mərkəz”) katibi seçildi.
B.H.Yusifov Ermənistanda bir komsomolçu kimi 1921-1925-ci illərdə xalq təsərrüfatını bərpa etmək, sosializmin mövqelərini möhkəmlətmək üçün yüksək səylə çalışır, mənalı həyat yolunu yaradırdı. Bəhlul Yusifov İrəvan və onun ətrafında maarifin inkişafında mühüm rol oynamışdır. O, komsomolçu gənclərlə birlikdə, bir tərəfdən kənddə qolçomaq və düşmən ünsürlərinə qarşı mübarizəni gücləndirir, digər tərəfdən isə aclıq, yoxsulluq və cəhalət əleyhinə mübarizə aparırdı.
Cəsarəti ilə çoxlarına nümunə olan Bəhlul Yusifov bütün bu illər ərzində bir tərəfdən biliyini artırır, digər tərəfdən partiya tapşırıqlarını həyata keçirərək, gəncləri ev-ev gəzib təhsilə cəlb edərək, bilik vermək və yaşlı əhalini savadlandırmaq üçün böyük işlər görürdü.
1926-cı ildə Bəhlul Yusifovun həyatında əlamətdar hadisə baş verdi. O, həmin il partiya (UİK(b)P) sıralarına qəbul olundu. Partiya qərarlarının həyata keçirilməsi uğrunda mübarizə onun sonrakı həyatının əsas mənasına çevrildi.
1927-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Leninakan vilayətinin Amasiya rayonuna, partiya komitəsinə təlimatçı göndərildi. 1928-ci ildə 26 Bakı komissarı adına Zaqafqaziya Kommunist Universitetinə oxumağa ezam edildi. Burada o, ali təhsil ocağının çoxmillətli müdavimləri sırasında əsil beynəlmiləlçilik və ideya mətinliyi məktəbi keçdi.
1928-1932-ci illərdə unuversitetdəki təhsil illəri B.H.Yusifovun ideya-nəzəri hazırlığının yüksəldilməsində, kommunist dünyagörüşünün formalaşmasında mühüm mərhələ oldu. Gələcəyin fəal ideoloqu Bəhlul Yusifov bütün mənalı ömrünün sonrakı yarım əsrini müqəddəs bir işə, orta və ali təhsilli mütəxəssis kadrların hazırlanması, xalq maarifinin inkişaf etdirilməsi naminə həsr etmişdi.
1933-cü ildə Zaqafqaziya Kommunist Universitetini bitirdikdən sonra B.H. Yusifov Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin sərəncamına göndərildi. Onun həyatının yeni, daha məsul bir dövrü burada başladı. Bəhlul Yusifov bir müddət Vedi rayon partiya komitəsində şöbə müdiri vəzifəsində çalışdı. Sonra isə xalq maarifi sistemində rəhbər işə irəli çəkildi. 1940-cı ildə təhsil sahəsində xidmətlərinə görə Ermənistan SSR-nin “Əməkdar müəllimi” fəxri adına layiq görüldü. 1933-1942-ci və 1944-1946-cı illərdə İrəvanda Azərbaycan Pedoqoji Texnikumunun direktoru vəzifəsində çalışarkən təcrübəli pedoqoq Bəhlul Yusifov təlim-tərbiyə işlərinin daha da yaxşılaşdırılması, müəllim kadrlarının mükəmməl hazırlanması, icbari təhsilin həyata keçirilməsi işinə böyük əmək sərf etdi, xeyli mühüm işlər gördü. O, gənc müəllimlərə xüsusi diqqət və qayğı göstərirdi. İrəvan Türk Pedaqoji Texnikumu təkcə tədris müəssəsi kimi deyil,eyni zamanda Qərbi Azərbaycanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, milli dəyərlərin, incəsənətinin inkiafı və qorunub saxlanmasında böyük rol oynamıdır.
Böyük Vətən müharibəsinin davam etdiyi ən çətin dövrdə Bəhlul Yusifov maariflə əlaqədar olan məsul işə göndərildi. 1942-1943-cü illərdə o, Ermənistan SSR-nin Zəngibasar rayonunda MTS siyasi şöbəsinin rəisi vəzifəsində çalışaraq, partiyanın “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarını zəhmətkeşlərə izah edir, kənd əməkçilərinin cəbhəyə hərtərəfli köməyini təşkil edirdi.
1946-cı ildə Bəhlul Yusifov Bakıya gələrək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) marksizm-leninizm kafedrası üzrə aspiranturaya qəbul oldu. “Leninçi “İskra” və Azərbaycanda inqilabi hərakat” mövzusunda namizədlik dissertasiyası müdafiə edir və tarix elmləri namizədi alimlik dərəcəsi adını alır.
1950-ci ildə B.H.Yusifov Azərbaycan K(b)P Mərkəzi Komitəsinin qərarı ilə Azərbaycan Neft və Kimya İnstitutuna müəllimliyə göndərilir. 33 ildən çox ali təhsil ocağının Partiya tarixi kafedrasının dosenti vəzifəsində işləyir. Yaşadığı və çalışdığı bu illər ərzində Bəhlul müəllim öz zəngin təcrübəsi, bilik və bacarığını institutda təlim-tərbiyə işlərinin yaxşılaşdırılması, ali təhsilli mühəndis kadrların hazırlanması, onların marksizm-leninizm nəzəriyyəsi ilə sılahlandırılması işinə sərf etmişdir. Bu müddətdə minlərlə tələbə gənclər Sov.İKP tarixi kursuna dair onun mühazirələrini və xeyirxah, dəyərli məsləhətlərini dinləmiş, kommunizm ideallarına sarsılmaz inam, əməyə, Vətənə, xalqa sədaqət və sönməz məhəbbət hissi qazanmışlar. Onun onlarla yetirmələri hazırda elm sahəsində çalışır və müəllimlərinin adını ucalıqlara qaldırırlar.
Bəhlul Yusifov bütün əmək fəaliyyəti illərində partiya və sovet orqanlarında fəal ictimai iş aparmış, markisizm-leninizm ideyalarının təbliğatçısı, zəhmətkeşlərin, xüsusi ilə gənclərin xeyirxah məsləhətçisi olmuşdur. 1935-1937-ci illərdə Ermənistan K(b)P Mərkəzi Komitəsinin yanında fəaliyyət göstərən Azərbaycan mühazirəçilər məktəbinin direktoru və mühazirəçisi olmuş, 1940-cı ildə İrəvan şəhər Sovetinə deputat, 1953-1966-cı illərdə isə institutun “Neft mexanikası və ümumtexnika” fakültəsində partiya təşkilatı katibi seçilmişdir.
Kommunist Partiyası və sovet hökuməti B.H.Yusifovun əməyini layiqincə qiymətləndirmişdir. O, “Şərəf nişanı” ordeni, çoxlu medallar, SSRİ və Azərbaycan SSR Ali və Orta İxtisas nazirliklərinin, Fəxri fərmanları ilə təltif edilmişdir. 1940-cı ildə ona Ermənistan SSR-nin “Əməkdar müəllim”i fəxri adı verilmişdir. Ömrünün böyük bir hissəsini elmə, təhsilə, milli pedaqoji kadrların hazırlanması işinə həsr etmiş, gözəl təşkilatçı, böyük insan Bəhlul Yusifov 1984-cü ildə dünyasını dəyişmişdir. Kommunist, beynəlmiləlçi, partiya və əmək veteranı B.H.Yusifovun zəngin həyat bioqrafiyası, onun vicdanlı əmək sevinci ilə dolu olan hər bir ömür səhifəsi necə ki, sovet gənclərinə, eləcə də indiki və gələcək nəsillər üçün layiqli nümunədir.