20 Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir
Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
“Ümumi kimya və kimyanın tədrisi texnologiyası” kafedrasının müdiri,
kimya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan xalqının yaddaşında 20 Yanvar yalnız bir faciə günü deyil. Bu tarix həm də milli ləyaqətin, azadlıq iradəsinin və imperiya zorakılığına qarşı mənəvi qələbənin simvoludur. 1990-cı ilin yanvarında baş verən qanlı hadisələr XX əsrin sonlarında Sovet totalitarizminin Azərbaycan xalqına qarşı törətdiyi ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Bu qanlı qırğın 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdləri və milli azadlıq hərəkatının yüksəlişi fonunda formalaşmışdı. Sovet rəhbərliyi gərginliyi aradan qaldırmaq əvəzinə, Azərbaycan xalqına qarşı güc tətbiq etməyi seçdi.
Bakıda və respublikanın digər bölgələrində dinc əhalinin iradəsini sındırmaq məqsədilə həyata keçirilən hərbi əməliyyat insanlıq əleyhinə öncədən planlaşdırılmış cinayət idi. 66 mindən artıq silahlı hərbçinin Bakıya yeridilməsi, fövqəladə vəziyyətin elan olunmasından əvvəl şəhərə qoşunların daxil olması bu niyyətin açıq sübutudur.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakını faktiki olaraq işğal etdi. Qadın, uşaq, qoca demədən silahsız insanlar tankların, zirehli maşınların, avtomat silahların atəşi altına alındı. Fövqəladə vəziyyət elan olunmadan əvvəl artıq onlarla insan qətlə yetirildi. Əməliyyata rəhbərlik edən SSRİ hərbi-siyasi rəhbərliyi xalqı məlumatlandırmadan, hüquqi normaları kobud şəkildə pozaraq, Bakıda misli görünməmiş qəddarlıq nümayiş etdirdi. Nəticədə 147 nəfər öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə ailənin taleyi sarsıldı. Bu, sovet rejiminin öz vətəndaşına qarşı törətdiyi açıq hərbi cinayət idi.
Qanlı Yanvar hadisələri Sovet imperiyasının Azərbaycandakı siyasi və hüquqi dayaqlarını tamamilə sarsıtdı. Xalqın Sovet rejiminə, Komunist Partiyasına inamı birdəfəlik məhv oldu, insanlar kütləvi şəkildə partiya sıralarını tərk etdilər. Azərbaycan cəmiyyəti anladı ki, bu sistem azadlıq, ədalət və insan hüquqları ilə uzlaşmır.
Eyni zamanda, hadisələr bəzi siyasi dairələrin əsl niyyətlərini də üzə çıxartdı. 20 Yanvara siyasi qiymət verilməsi tələbi ilə çıxış edən qüvvələrin sonradan bu məsuliyyətdən yayınması xalq tərəfindən unudulmadı.
Faciədən bir gün sonra, 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyevin Moskvada verdiyi bəyanat Azərbaycan tarixində dönüş nöqtəsi oldu. O, bütün təzyiqlərə baxmayaraq, Sovet rəhbərliyini açıq şəkildə ittiham etdi, 20 Yanvarı hüquqa, demokratiyaya və humanizmə zidd cinayət adlandırdı. Bu mövqe xalqın səsini dünyaya çatdırdı və milli ümidləri diri saxladı.
Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə Naxçıvanda, 1994-cü ildə isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə rəsmi siyasi-hüquqi qiymət verildi. Bu qərarlarla Qanlı Yanvar totalitar rejimin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz kimi tanındı.
20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin ardıcıl siyasətinin tərkib hissəsidir. Şəhidlər Xiyabanında ucaldılan “Əbədi məşəl” memorial kompleksi, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, şəhid ailələri və əlillər üçün geniş sosial təminat mexanizmləri bunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar nəticəsində 20 Yanvar şəhidlərinin ailələrinə və hadisələr zamanı əlillik alan şəxslərə göstərilən dövlət qayğısı davamlı şəkildə artırılıb. Bu yanaşma şəhidlərin xatirəsinə real ehtiramın ifadəsidir.
20 Yanvar həm də Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir. O gün tökülən qan azadlıq yolunda ilk böyük qurban oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı dönməz xarakter aldı və müstəqil Azərbaycan ideyası ümumxalq amalına çevrildi. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası göstərir ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb. Onların ruhu azad və bütöv Azərbaycanın səmasında dalğalanan üçrəngli bayrağımızda yaşayır.
20 Yanvar faciəsi tariximizin ən ağrılı, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Bu gün biz həmin hadisələrə yalnız hüznlə deyil, həm də qürurla baxırıq. Çünki 20 Yanvar Azərbaycan xalqının sınmadığını, azadlıq naminə hər cür qurban verməyə hazır olduğunu bütün dünyaya sübut etdi. Şəhidlərimizin xatirəsi əbədidir, onların yolu isə müstəqil, güclü və suveren Azərbaycanla davam edir.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar günündə xalqımız öz istiqlaliyyəti uğrunda əzmlə çarpışmış, qurbanlar vermişdir. Sovet imperiyası qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğınların yaraları hələ də sağalmamışdır. Xalqımız hələ də o müdhiş 20 Yanvar gecəsini xatırlayır, həmin faciənin ağrı-acısı ilə yaşayır, bu xəyanətin və vəhşiliyin səbəbkarlarını lənətləyir, azadlıq qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edirlər. Təəssüf ki, xalqımızın başına gətirilən bu müdhiş faciə barədə o zaman dünya birliyi, beynəlxalq aləm xəbərsiz idi. İkiüzlü Qorbaçov rejimi xalqımıza qarşı qanlı terror aktı törətməklə yanaşı, həm də Azərbaycanı informasiya blokadasına almış, haqq səsimizi boğmağa çalışmışdı.
Belə bir ağır məqamda ulu öndər Heydər Əliyev hadisəyə dərhal münasibət bildirdi, həyatını təhlükədə qoyaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gedib, orada xalqın düçar olduğu faciənin əsl mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırdı. Dünyanın ən nüfuzlu informasiya vasitələri də məhz Heydər Əliyevə istinad edərək faciə barədə məlumatlar yaydılar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.
Ulu öndər Heydər Əliyev demişdir: “Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi və bizim xalqımıza qarşı soyqırım idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Ümummilli lider Heydər Əliyevin səyləri ilə bu tarixi cinayətə 1994-cü il mart ayının 29-da lazımi hüquqi-siyasi qiymət verilmiş, hadisənin bədnam iştirakçılarının adları açıqlanmışdır. Məhz ulu öndərimizin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısının gücləndirilməsi məqsədilə xeyli tədbir görülmüşdür. Onun səyləri ilə bu hadisələrin qurbanlarına və onların ailələrinə maddi və mənəvi yardım göstərilməsi haqqında qərarlar qəbul edildi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görüldü.
O qanlı yanvar faciəsindən xalqımızı 35 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın, mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. Xalq arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin, onun birinci katibi Əbdürrəhman Vəzirovun fəaliyyəti də kəskin etirazlar doğurmuşdur. Respublikada belə bir fikir mövcud olmuşdur ki, Azərbaycanın rəhbərliyi Dağlıq Qarabağ məsələsində Mərkəzlə sövdələşərək öz xalqına qarşı gizli xəyanətkar planlar həyata keçirir. Azərbaycan rəhbərləri öz yarıtmaz və yararsız fəaliyyəti ilə xalqla hakimiyyət arasında keçilməz uçurum yaratmışdı. Məhz həmin dövrdə bir neçə ay Bakıda və respublikamızın digər şəhər və rayonlarında keçirilmiş izdihamlı mitinqlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Cəmiyyətdə yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün Azərbaycan SSR-in rəhbərliyi mövcud imkanlardan istifadə etməmişdir. Hakim dairələrin müxalifətlə apardığı iş siyasi oyun və intriqalar istiqamətində qurulmuş və yarıtmaz olmuşdur. Bir çox taleyüklü məsələnin həllində Azərbaycan rəhbərliyi aciz olmuş, nəticədə respublikada kəskin hakimiyyət böhranı yaranmışdır.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda —yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik. Çünki 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq salnaməsi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Qanlı Yanvar faciəsi qurbanlarının işıqlı xatirəsi azadlıq və müstəqillik sevən hər bir insan üçün əzizdir.
17.01.2026
[email protected]