Qasımova Ləzifə Nağı qızı
BDU-nun "Pedaqogika” kafedrasının
müdiri, pedaqogika elmləri doktoru, professor
Tanrı verən ömrü hər kəs bir cür, kimi özü üçün, kimi doğmaları və əzizləri üçün, kimi isə milləti, xalqı, vətəni və dövləti üçün yaşayır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Viktor Mari Hüqo demişdir: “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir.”. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi-Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
Heydər Əliyev ömrünün 81-ci ilində dünyasını dəyişdi. Millət və dövlətə xidmətə həsr olunmuş mənalı bir ömür başa çatdı. Bu, mürəkkəb, enişli və yoxuşlu, fərəhli anları ilə yanaşı, uğursuzluq zolaqlarından da xali olmayan illər olub. Heydər Əliyevin keçdiyi ömür yoluna nəzər salıb çox məqamları vurğulamaq mümkündür.
Heydər Əliyevin zəngin ictimai-siyasi ömür yolunun zirvələrini xronikal qaydada birər-birər xatırlamaq olar. Amma bunların hamısını etməklə biz onsuz da bəlli olan fikir və mülahizələri təkrarlamış olardıq. Heydər Əliyevin ömür yolu, onun şəxsi keyfiyyətləri bütün məziyyətləri ilə yetərincə məlumdur. Çünki Heydər Əliyev hər zaman Azərbaycan xalqına bağlı olub və onun ömür yolu elə Azərbaycan tarixinin bir hissəsidir. Əgər söhbət Heydər Əliyevin siyasi portretindən gedirsə, bircə tezislə məhdudlaşmaq kifayət edər. Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi.
Azərbaycanın bugününə nəzər salsaq, qeyd-şərtsiz iddia edə bilərik ki, Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini 20-30 il öncədən görən lider olub. Heydər Əliyevin rəhbərlik etdiyi sovet Azərbaycanında əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, bu layihələrin bugünkü müstəqil Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar.
Hələ sağlığında canlı əfsanəyə çevrilmiş nəhəng dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin qurduğu müasir müstəqil Azərbaycan əmin əllərdədir və ulu öndərin mütərəqqi ideyalarını hər zaman rəhbər tutan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasət sayəsində dayanıqlı inkişaf edərək daha da qüdrətlənir.
Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.
04.12.2024
[email protected]