Qalib ordunun tarixi zəfəri


YEGANƏ BAXŞƏLİYEVA
Bakı şəhəri, general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin 
riyaziyyat müəllimi, "Qızıl qələm", "Vətənpərvər xanım", "Azərbaycan bayrağı", 

"Zəfər", "Qabaqcıl təhsil işçisi", "İlin nüfuzlu ziyalısı", "İlin müəllimi", "Sadiq Heydərçi" mükafatları laureatı

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ordumuzun qələbəsi dünya hərb elminin tarixində mühüm izlər qoydu
Bu gün Azərbaycan Ordusu 106 yaşını qeyd edir. Ordumuzun yaranmasının çox şərəfli tarixi var.
Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğu işinə xüsusi önəm verir. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə uğurlu əməliyyat  həyata keçirir və Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilir. Ordu quruculuğu işinə böyük önəm verən Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunur.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə ordu quruculuğu prosesi  tamamilə yeni mərhələyə qədəm qoydu.
Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizat olunması yönündə ciddi işlər görüldü və qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrildi. “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
Qeyd edək ki, İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.
Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Belə ki, aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Beləliklə də Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə tarix yazdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Ordumuz Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqeləri azad etdi.
Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində mühüm izlər qoydu. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, çox qısa bir zamanda, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.
Dekabrın 10-da isə bu qələbənin şərəfinə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız nümayiş etdirildi.
2023-cü il noyabrın 8-də isə Xankəndidə hərbi parad keçirildi. Paradda çıxış edən Prezident, Ali Baş Komandan İlham Əliyev qeyd edib: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməmişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.

26.06.2024


[email protected]