Vətənin etibarlı müdafiəçisi, müstəqilliyin təminatçısı – Müzəffər, Qalib Azərbaycan Ordusu

Kəmalə Osman qızı İskəndərova
ADPU-nun Kimya və bioilogiya fakültəsinin
Həmkarlar İttifaqı Təşkilatının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent 


1918-ci il 26 iyun tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının verdiyi qərarla general-leytenant Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi sayılan Əlahiddə Azərbaycan korpusu yaradılıb. Xalqımız qarşısında əvəzsiz tarixi xidmətləri olan, 100 illik yubileyini böyük qürur və təntənə ilə qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə həmin gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunub.
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq aləm tərfindən etiraf edilir: “Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Bu qələbə eyni zamanda qardaşlıq rəmzi kimi də tarixə düşdü. Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi.
2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun məğrur hərbçiləri qarşısında diz çökən, ağ bayraq qaldıran düşmən müharibədən sonra da öz çirkin niyyətlərindən əl çəkmədi. Dəfələrlə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində, sərhəddə təxribatlara cəhd edən ermənilər ayıq-sayıqlığını itirməyən Silahlı Qüvvələrimiz tərəfindən layiqli cavablarını aldılar.  Əminliklə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərin siyasi irsinə sonsuz sədaqət göstərərək ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında daim misilsiz töhfələr verəcəkdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il mayın 10-da Şuşadan xalqımıza tarixi müraciətində dediyi kimi: “...Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır – həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib...Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq...”

22.06.2024


[email protected]