Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb.
Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək
sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.
Bununla yanaşı, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.