Pediatr: 1-8 yaş qızılcaya ən həssas qrup hesab edilir

Qızılca virusu bütün bədəndə əsasən səpgilərlə müşahidə olunan, respirator simptomlarla keçən yoluxucu infeksion xəstəlikdir. Yüksək hərarət və halsızlıqla özünü göstərən qızılca, infeksiyaya yoluxan xəstələrin öskürməsi, asqırması və danışması əsnasında hava-damcı yolu ilə yayılır.

bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günel Əliyeva deyib.

Pediatr bildirib ki, qızılca əlamətləri virusa yoluxduqdan sonra 8-12 gün arası meydana çıxır. Xəstəlik ictimai yerlərdə, hətta yoluxmuş insanla təmasda olmadığı təqdirdə də ötürülə bilər.

"Bu virus xüsusilə qış və yaz aylarında müşahidə olunur. Yoluxma bütün yaşlarda baş verə bilər. Bununla belə, 1-8 yaş ən həssas qrup hesab edilir”, deyən həkim xəstəliyin əlamətləri barədə də danışıb: "Xəstəlik burun axıntısı, yüksək hərarət, halsızlıq, konyunktivit, quru öskürək, boğaz ağrısı, ağız içində kiçik ölçüdə ağ ləkələr və bütün bədəndə səpgilər şəklində özünü göstərir”.

G.Əliyeva bildirib ki, xəstəliyin orta inkubasion dövrü 10-14 gündür. Bununla belə, 7-23 gün arası dəyişə bilər. Xəstə ilə təmasdan qızdırmanın başladığı günə qədər olan dövrü əhatə edir. 2-4 günlük prodromal dövr (xəstəliyin inkubasiya dövrü ilə xəstəlik arasında baş verən dövrü) qızdırma, səpgilər, kataral əlamətlər, öskürək, konyunktivit əlamətləri, ağ ləkələri ilə təzahür edir.

Prodromal əlamətlərin başlanmasından 2-4 gün sonra mərhələli eritematoz makulopapulyar səpgilər əmələ gəlməyə başlayır. Səpgilər əvvəlcə üz nahiyəsində əmələ gəlir, daha sonra isə mərhələli şəkildə gövdədə aşağı ətraflara yayılır. 4-7 gün müddətində davam edən səpgilər itdikdən sonra müvafiq nahiyələrdə qabıqlanma müşahidə edilir.

Pediatr qızılca orqanizmdə fəsadları barədə də danışıb: "Kiçik yaşlı uşaqlar arasında qızılca ilə yoluxma daha çox peyvənd olunmayanlarda müşahidə olunur. Bu zaman onlarda pnevmoniya, otit, ensefalit, larinqotraxeobranxit, ishal və stomatit kimi ağırlaşmalar müşahidə oluna bilər. Əgər uşaqlarda qızılcanın ağır halları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır.

Mütəxəssisin sözlərinə görə, qızılcanın xüsusi müalicəsi yoxdur, sadəcə immuniteti gücləndirən müalicə aparılır. Əgər sağlam insan qızılca xəstəsi ilə təmasda olubsa, o zaman ona 72 saat ərzində peyvənd vurulması tövsiyə olunur.

Xəstəlikdən qorunma barədə danışan G.Əliyeva bildirib ki, qorunmanın ən effektiv yolu peyvəndlənmədi. O, xatırladıb ki, Azərbaycanda tətbiq olunan və Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən 3 komponentli "QPM” vaksini qızılca ilə yanaşı, parotit və məxmərək kimi virus mənşəli xəstəliklərə qarşı olan bir peyvənddir.

"Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi”nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.

Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

11-40 yaşlı əhali qruplarına aid olan şəxslərə isə qızılcadan qorunmaq üçün 1 doz vaksin olunması kifayətdir”, – deyən pediatr valideynlərin nəzərinə çatdırıb ki, əgər övladlarınız peyvənd olunmayıbsa, onları riskə atmamaq üçün Səhiyyə Nazirliyinin tətbiq etdiyi peyvənd təqviminə uyğun olaraq mütləq peyvənd etdirin.




[email protected]