Yanvarın 20-də Bakıda havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Azərbaycanda yanvarın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.




[email protected]