Fransa siyasiləri iki ölkə arasında iqtisadi əməkdaşlığa da zərbə vurur

Fransa 30 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsini istəməmiş, danışıqlar prosesində beynəlxalq vasitəçi rolu oynayan  dövlətlərin biri kimi torpaqlarımızın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışmışdır. 
Vaxtilə  indiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalmış, onların geri qayıdış hüququnun bərpasına çağırış etməmişdir. Amma indi ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün  canfəşanlıq edir.  Bir sözlə, bu ölkə yenə də öz ikili standartlar siyasətinə sadiqdir.
Bu il yanvarın 17-də isə Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatı qərəzli, birtərəfli və əsassız qətnamə qəbul etmişdir. Ümumiyyətlə, Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr iki ölkə arasında münasibətlərə olmazın zərbə vurur. Bu günlər Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin qəbul etdiyi bəyanatda deyildiyi kimi, həmin münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər. Komitə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq respublikamızın hökumətinə bir  sıra tədbirlərin görülməsi ilə bağlı çağırış edib. Çağırışlarda iqtisadi məsələlər də öz əksini tapıb. Belə ki , bəyanatda deyilir: "Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın. "Total" da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin".
Fransada fəaliyyət göstərən erməni lobbisinin, onun təsirinə düşən Fransa  rəsmilərinin və siyasətçilərinin əməlləri ancaq pozuculuq fəaliyyətinə yönəldilib. Erməni fitvasına gedən Fransa gərək ki, bu yola düşməyə. Dünyada bol təbii sərvətləri, əlverişli coğrafi mövqeyi ilə tanınmış, etibarlı tərəfdaş kimi şöhrət və rəğbət qazanmış  Azərbaycanla  iqtisadi münasibətlərin pozulmasına yol verməyə.
Fransa niyə o həddə çatdırmalıdır ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yuxarıda sözügedən məzmunda bəyanat qəbul etsin. O cümlədən, uzun illərdir Azərbaycanda çalışan, enerji sahəsində möhkəm və uğurlu tərəfdaşlıq əlaqələri quran, birgə layihələr həyata keçirən "Total" şirkətinin ölkəmizdən çıxarılmasına çağırış edək. 
Qeyd edək ki, "Total" Azərbaycanda artıq 27 ildir çalışır. Bu şirkət Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin 11 səhmdarından biridir və  layihədə 5 faiz iştirak payına malikdir. 
2009-cu ildə Xəzərin Azərbaycan sektorundakı "Abşeron" yatağının  kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Fransanın "TotalEnergies" şirkəti arasında saziş imzalanıb. 2011-ci ilin əvvəlində  qazma prosesi başlanıb. Yataqdan ilk qaz keçən il iyul ayının əvvəlində hasil olunub. Yatağın işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi sualtı hasilat quyusunu "Neft Daşları"ndakı mövcud qurğularla əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Yataqda illik hasilatı 1,5 milyard  kubmetrdən 6 milyard kubmetrədək artırmaq planlaşdırılır. Bütün bunlar "Total"ın Azərbaycanla birgə işinin məhsulu, uğurlu nəticəsidir.
Bu şirkətin Azərbaycanla əməkdaşlıq və tərəfdaşlığı davam etdiyi bir halda Fransa siyasətçilərinin düzgün olmayan addımları işə zərbə vurur.
Xatırladaq ki, keçən il iyunun 3-də "Bakı Enerji Həftəsi-2023" çərçivəsində "Naxçıvan və Şərqi Zəngəzurun "yaşıl enerji" potensialı" mövzusunda xüsusi sessiya keçirilib. Həmin tədbirdəki çıxışında  "TotalEnergies" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut Naxçıvan və Şərqi Zəngəzur regionları da daxil olmaqla Azərbaycanın zəngin bərpaolunan enerji potensialına malik olduğunu bildirib. Regis Agut "TotalEnergies"in iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində "yaşıl enerji" istehsalının artırılması kimi ümumi hədəflərinə töhfə vermək məqsədilə Azərbaycanla potensial günəş və külək enerjisi layihələri üzrə tərəfdaşlıq etməyə hazır olduqlarını ifadə edib.
Azərbaycan Respublikasının Energetika Nazirliyi və "TotalEnergies" şirkəti arasında "250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş-elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" da elə həmin vaxt imzalanıb.  
Odur ki, Fransanın düzgün olmayan siyasəti iki ölkə arasında iqtisadi münasibətlərə də zərbə vurur, o cümlədən "Total"ın Azərbaycandakı fəaliyyətini risk altına atır.


[email protected]