SON XƏBƏRLƏR
Sağalmayan Xocalı yaramız

Sağalmayan Xocalı yaramız 
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, 
dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan Qadını” media medalı mükafatları laureatı
 
 
Xocalı soyqırımının 31-ci ili tamam olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ikinci böyük yaşayış məntəqəsi olan Xocalıya Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni qüvvələr yeridilib.
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Sağalmayan Xocalı yaramız
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşdular. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdi.
Xocalı faciə yaddaşımızda elə iz qoyub ki, çətin yaddaşımızdan silinə
Ermənilər Azərbaycanı və azərbaycanlıları məhv etmək məqsədi ilə müxtəlif zamanlarda terrorçuluqla məşqul olmuşdular. Qarabağın dağlıq hissəsində yerləşən Xocalı şəhəri növbəti erməni terroruna məruz qaldı. Bu elə vaxta təsadüf edirdi ki, sovetlər birliyi dağılmışdı və xaos əmələ gəlmişdi. Xocalı Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Rayonun memarlıq abidələrindən Söyüdlü kəndində Qız qalasını və Mahrasa məbədini, Novosaratovka kəndindəki məbədi, Qalakənd kəndindəki qalanı, Böyük Qaramurad kəndindəki qalanı, Dikdaş kəndi ərazisindəki alban kilsəsini və Həmşivəng məbədini, Cəbətkeçməz kəndindəki üç körpünü xüsusi qeyd etmək lazımdır. Maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Tarix unudulmur və insanlar tərəfindən ona dəyərli qiymət verilir. 1992-ci ildən sonra Xocalı Faciəsini bütün dünya ölkələrinə və xalqlarına ətraflı şəkildə çatdıran Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndərimiz Heydər Əliyev və hörmətli prezidentimiz İlham Əliyev bu faciənin insanlığa yaraşmayan, heç bir əqli düşüncəyə sığmayan olduğunu isbat etdilər. Xocalı Faciəsindən sonra erməni vandalizmi müxtəlif zamanlarda Azərbaycan rayonlarına atəş açmaqla dinc əhalini öldürürdü. Hörmətli prezidentimiz İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, belə vandalizmlər bizim iradəmizi sındıra bilməz, biz işğal olunmuş torpaqlarımızı azad edəcəyik. 2020-ci ilin iyun-sentyabr aylarında erməni vandalları Azərbaycannın dinc əhalisinə qarşı terrorlar törətdilər. Nəhayət, 2020-ci ilin sentyabrın 27-də ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə erməni vandallarına cavab vermək üçün Azərbaycan xalqı ayağa qalxdı və sücaət Zəfərlə baça çatdı. Bu Zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik. Müharibədən sonra ermənilərin Azərbaycan sərhədlərinin tanınmasına baxmayaraq, erməni vandalları bu müharibənin nəticəsilə razılaşa bilmirlər. Belə xəbis düşüncə tərzi ilə erməni xalqı yaşaya bilməz.
Xocalı faciəsinin işıqlandırılmasında milli qəhrəmanımız, jurnalist Çingiz Mustafayevin böyük zəhməti vardır. Fevralın 27-də hərbi vertalyotla Xocalıya gedir və çəkiliş edib Xocalı faciəsini bütün dünyaya göstərir. Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev - 15 iyun 1992-ci ildə Naxçıvanik kəndində Ermənistan ordusunun hücumunu lentə alarkən mina qəlpələrindən ölümcül yaralanıb və həlak olub. Allah Çingiz Mustafayevə də, və digər qəhrəman jurnalistlərinə Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovaya, Ali Mustafayevə, AzTV-nin operatorlarına Fəxrəddin Şahbazov, Sırac Abışov, Məhərrəm İbrahimov rəhmət eləsin.
Azərbaycan xalqının tarixinə Xocalı faciəsi elə bir səhifə yazıb ki, onu heç cür unutmaq olmaz. Odur ki, bu faciəni biz filmlərdə, hekayələrdə, şeirlərdə yaşatmalıyıq. Yaşatmalıyıq ki, bizdən sonra gələn nəsil də unutmasın. Unutqanlıq daha bir faciənin başlanğıcıdır. Unutmayaq ki, bir daha belə faciə yaşamayaq.



[email protected]