"Lazarev klubu”nun oktyabrın 30-da İrəvanda keçirilən 5-ci iclasında rusiyalı politoloq Andranik Miqranyanın gürcü xalqını "məxluq” adlandırması və Gürcüstana qarşı təzyiq göstərilməsi ilə bağlı çağırışı Gürcüstanın Azərbaycanlı İcmasının da ciddi etirazına səbəb olub.
ictimaifikir.az xəbər verir ki, Gürcüstanın Azərbaycanlı İcması məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) açıq məktubla müraciət edib.
Müraciətdə A.Miqranyanın Gürcüstan ictimaiyyətindən üzr istəməsi və onun ölkəyə girişinə qadağa qoyulması tələb olunur.
Sənəddə deyilir ki, Gürcüstan müstəqillik qazandıqdan sonra həmsərhəd olduğu dövlətlərlə mehriban qonşuluq əlaqələrinə ciddi önəm verir və daim öz suveren mövqedən çıxış edir. Avropa və Asiya arasında əməkdaşlıq və dostluq qapısı rolunu oynayan, qlobal iqtisadi layihələrin reallaşdırılmasında xüsusi çəkisi olan Gürcüstan sadəcə qonşu yox, eyni zamanda, müasir tarixdə taleyüklü rola malik etibarlı və strateji tərəfdaşa çevrilib.
Gürcüstanın suverenliyinə hörmət etməyən bəzi dairələrin təxribatçıları isə vaxtaşırı ölkəmizin müstəqilliyini şübhə altına alan bəyanatlar səsləndirir, qonşular ilə münasibətlərin sarsıdılmasına hesablanmış hərəkətlərə yol verir, təxribatyönümlü, cinayət xarakterli əməllər törədirlər.
Bir neçə gün əvvəl Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, Demokratiya və Əməkdaşlıq İnstitutunun Nyu-York ofisinin rəhbəri, politoloq A.Miqronyan "Lazerev klub”un İrəvanda keçirilmiş 5-ci iclasında çıxış edərkən Gürcüstan dövlətinin, xalqının şərəfinə toxunan, ləyaqətini alçaldan təhqiramiz ifadələr işlədərək vətəndaşı olduğumuz ölkəni təhqir edib.
"Biz Gürcüstanın Azərbaycanlı İcması gürcü qardaşlarımız və digər milli azlıqlarla birlikdə Miqranyanın ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə hörmət etməməsinə, havadarlarına arxalanaraq ictimaiyyət arasında açıq şəkildə Gürcüstan vətəndaşlarını təhqir etməsinə öz qəti etirazımızı bildiririk. Gürcüstanın Xarici İşlər Nazirliyindən Andranik Miqranyanın Gürcüstan dövlətindən və vətəndaşlarından üzr istəməsini təmin etməsini, digər aidiyyəti qurumlardan Miqranyanın ölkəmizə girişinə qadağa qoyulmasını təkidlə tələb edirik", - deyə bəyanatda vurğulanıb.
Müraciəti "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”, "Alyans” Gənclər Mərkəzi", "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”, "Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Assosiasiyası”, "Borçalı İrəli” İctimai Birliyi və "Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi” təşkilatları imzalayıblar.