SON XƏBƏRLƏR
Sosial güvənliyin etibarlı təminatı - məşğulluq

Əhalinin məşğulluğu dövlətin xüsusi önəm verdiyi sahədir. Bu da təsadüfi deyil, çünki vətəndaşın sosial müdafiəsinin ən etibarlı forması məhz məşğulluqdur. Həmin məqsədlə ölkədə yeni istehsal və xidmət sahələri yaradılır ki, bu da iş yerlərinin artması deməkdir. Dövlət həm də sahibkarlara müxtəlif güzəştlər edir ki, öz bizneslərini genişləndirib daha çox iş yeri açsınlar.

Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 77 min 640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. Onlardan 16 min 232-si özünüməşğulluq proqramına cəlb olunmaqla seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılıb. Proqramın icrasına başlandığı 2017-ci illə müqayisədə bu rəqəm 13,8 dəfə çoxdur.

Bütün kateqoriyadan olan insanların sosial müdafiəsi və məşğulluğunun dövlətin diqqət mərkəzində olması danılmazdır. Ancaq şəhid ailəsi üzvləri və müharibə əlilləri həssas kateqoriyadan olduğu üçün onların məşğulluğuna xüsusi diqqət yetirilir. Bu məqsədlə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinin məşğulluq problemi həll olunub. Onların yarısı isə özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatının qurulmasına yardım göstərilmişdir. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təmin etmə proqramıdır. Bu məqsədlə keçirilən məşğulluq marafonuna dövlət və özəl sektorun dəstək verməsi sayəsində 2 mindən çox şəhid ailəsi üzvü və müharibə əlili işlə təmin olunmuşdur.

Dövlət başçısı həssas kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə daim qayğı ilə yanaşır və bu barədə bütün məmurlara göstərişlər verir. Müxtəlif dövlət proqramlarının icrası barədə qərarlar qəbul edilir. Prezident İlham Əliyev şəhid ailəsi üzvləri və müharibə əlillərinin məşğulluğunun önəmli olduğunu bildirərək demişdir: "Vətən müharibəsində qəhrəmanlıq göstərmiş övladlarımızın məşğulluq məsələləri də mənim göstərişimlə öz həllini tapır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə genişmiqyaslı işlər görür - Məşğulluq Marafonu keçirilir. Mənim tərəfimdən sahibkarlara tövsiyə edilib ki, işə qəbulda ilk növbədə Vətən müharibəsində fərqlənmiş gənclərimizi nəzərə alsınlar. Əlbəttə ki, dövlət qurumları qarşısında bu vəzifəni mən qoymuşam. Siz də bu amili nəzərə almalısınız ki, öz canını fəda etməyə hazır olan gənclərimiz işlə təmin edilsin. Onların peşə qabiliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif tədbirlər görülməlidir. Yəni biz onları gələcək fəaliyyətə hazırlamalıyıq. Bir daha qeyd etmək istəyirəm ki, kadr məsələlərinin düzgün təşkilində əsas prinsiplər, bax, dediyim iş qabiliyyəti, vətənpərvərlik və dövlətçilik əsasları olmalıdır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların özünüməşğulluq proqramının icrası davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Gəncə şəhəri və ətraf rayonlardan olan 74 nəfər özünüməşğulluq proqramı çərçivəsində lazım olan vasitələrlə təmin olunub. Cari ilin əvvəlindən həmin bölgədə yaşayan 400 nəfərə yaxın şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib. Bu ilin birinci rübündə ümumilikdə agentlik tərəfindən 4,1 min nəfər şəxs işsiz və işaxtaran kimi özünüməşğulluq proqramına cəlb edilib. Həmin şəxslər əvvəlcə çalışacaqları sahələr üzrə təlimlərə qatılır, qiymətləndirmədən keçdikdən sonra aktivlərlə təmin olunur.

Məlumdur ki, işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə onların ixtisaslı kadr kimi hazırlanmasına ehtiyac var. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində daha 11 peşə üzrə hazırlıq kursu fəaliyyətə başlayıb. Kursa cəlb olunan 152 işsiz şəxs burada qənnadçı, şirniyyatçı, alətçi-çilingər, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran, bağban və digər peşələr üzrə hazırlanacaq. Burada onlar işəgötürülənlərlə əməkdaşlıq çərçivəsində nəzəri biliklərlə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da qazanacaqlar. Kursu uğurla başa vuranlar sertifikat almaqla bərabər, işlə də təmin olunacaq.

Dövlət vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə haqqı ödənilən ictimai iş yerlərinin açılması proqramının əhatə dairəsini də genişləndirir. Görülən məqsədyönlü tədbirlər sayəsində əhalinin məşğulluğunun artırılması sahəsində yeni uğurlar əldə olunur.

 




[email protected]