SON XƏBƏRLƏR
ÜMT: Son 50 ildə ekstremal hava hadisələri 2 milyondan çox insanın ölümünə səbəb olub

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, son 50 il ərzində texnogen qlobal istiləşmənin nəticəsində baş verən ekstremal hava hadisələri 2 milyondan çox insanın həlak olması və iqtisadiyyatda 4,3 trilyon dollar itki ilə nəticələnib.


BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, ÜMT-nin məlumatına görə, hava, iqlim və su ilə bağlı təhlükələr 1970-2021-ci illər arasında 12 minə yaxın təbii fəlakətə səbəb olub. İqlim dəyişikliyindən ən çox zərər çəkən inkişaf etməkdə olan ölkələrdə hər 10 ölümdən 9-u baş verib, eyni zamanda, iqlim şokları və ekstremal hava şəraiti nəticəsində iqtisadi itkilərin 60 faizi də onların payına düşüb.

ÜMT bildirib ki, ən az inkişaf etmiş ölkələr öz iqtisadiyyatlarının ölçüsü ilə əlaqədar olaraq təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına "qeyri-mütənasib” yüksək xərc çəkiblər. Təşkilatın baş katibi Petteri Taalas qeyd edib ki, "ən həssas icmalar təəssüf ki, hava, iqlim və su ilə bağlı təhlükələrin ağır yükünü daşıyırlar". Bu ölkələrdə son yarım əsrdə bir neçə fəlakətin ümumi daxili məhsulun (ÜDM) 30 faizinə bərabər olan iqtisadi itkilərə səbəb olduğu bildirilir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərində hər beş fəlakətdən biri ÜDM-in 5 faizindən çoxuna ekvivalent” təsir göstərib, bəzi fəlakətlər isə bu ölkələrdə bütün ÜDM-ni məhv edib.

Planetin ən böyük qitəsi olan Asiya son 50 ildə ekstremal hava, iqlim və su ilə əlaqəli ekstremal hadisələr nəticəsində ən yüksək ölüm halları ilə üzləşib. Burada 1 milyona yaxın ölüm qeydə alınıb. Afrikada isə iqlim dəyişikliyi nəticəsində 733 585 təbii fəlakət baş verib, ölənlərin 95 faizi quraqlıq qurbanı olub.

Bununla belə, ÜMT vurğulayıb ki, təkmilləşdirilmiş erkən xəbərdarlıqlar və koordinasiyalı fəlakət idarəetməsi fəlakətlərin ölümcül təsirini azaltmağa kömək edib. Məhz bunun nəticəsində 2020-ci və 2021-ci illərdə qeydə alınan ölüm halları əvvəlki onilliyin orta göstəricisindən aşağıdır.

Ötən həftə Myanma və Banqladeşin sahilyanı ərazilərində dağıntılara səbəb olan və yoxsul insanları vuran güclü siklon qasırğasının nümunəsinə işarə edən P.Taalas xatırladıb ki, keçmişdə oxşar hava fəlakətləri hər iki ölkədə yüz minlərlə insanın ölümünə səbəb olub. O əlavə edib: "Şükürlər olsun ki, erkən xəbərdarlıqlar və fəlakətlərin idarə edilməsi sayəsində bu fəlakətli ölüm nisbətləri artıq geridə qalıb”.

ÜMT daha əvvəl bildirmişdi ki, gözlənilən hava təhlükəsindən cəmi 24 saat əvvəl xəbərdarlıq edilməsi zərəri 30 faiz azalda bilər. Bu səbəbdən erkən xəbərdarlıq sistemlərinə qoyulan sərmayə ölkələrə on dəfə artıq gəlir gətirir. Təşkilat BMT-nin "Hamı üçün Erkən Xəbərdarlıqlar” təşəbbüsünü həyata keçirmək məqsədi ilə bazar ertəsi Cenevrədə açılan dördillik Ümumdünya Meteoroloji Konqresi üçün hava şəraitinin yaratdığı fəlakətlərin insan və iqtisadi xərcləri ilə bağlı yeni nəticələrini açıqlayıb. Təşəbbüs erkən xəbərdarlıq xidmətlərinin 2027-ci ilin sonuna qədər Yer kürəsində hər kəsə çatmasını təmin etmək məqsədi daşıyır. O, ötən ilin noyabrında Şarm əl-Şeyxdə keçirilən COP27 iqlim dəyişikliyi konfransında BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən irəli sürülüb.

Hazırda dünyanın yalnız yarısı erkən xəbərdarlıq sistemləri ilə əhatə olunub, inkişaf etməkdə olan dövlətlər və ən az inkişaf etmiş ölkələr bu məsələdə çox geridə qalıb. Bu ilin əvvəlində BMT rəhbəri təşkilat rəhbərlərini və tərəfdaşları bir araya gətirərək təşəbbüsün həyata keçirilməsini sürətləndirməyi tövsiyə edib.

Təşəbbüsün 2023-cü ildə tətbiqi üçün xüsusilə risk altında olan 30 ölkədən (onların təxminən yarısı Afrikadadır) ilk onluğu müəyyən edilib.




[email protected]