Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir və biz bu şərəfli ömrü professor Mahirə Hüseynovanın "Missiya” kitabı ilə tanış olaraq öyrənirik. Kitabı vərəqləyəndə Azərbaycan xalqının nə qədər xoşbəxt olduğuna bir daha inanırsan. Çünki ki, onun Heydər Əliyev kimi Ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Kitabda Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı H.Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.
Müəllif kitabda Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolunu, zaman və məkan anlayışına sığmayan fenomal şəxsiyyətini elmi yanaşma şəklində təqdim etmişdir. Belə ki, Ümummilli lider H.Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələrdə çalışaraq çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
M.Hüseynova dahi şəxsiyyətin Azərbaycanda siyasətə gəlişinin hər iki dövrünü yüksək qiymətləndirmiş, ayrı-ayrılıqda təhlilini vermişdir. Müəllif kitabda respublikamızın siyasi və mədəni həyatında da olan böyük dəyişikliklərdən də bəhs etmişdir. Məhz H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər.
Kitabda ən maraqlı fakt isə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi, bu işdə Ümummilli lider Heydər Əliyevin xidmətlərinin göstərilməsidir.
Müəllifin "Missiya” kitabında H.Əliyevin siyasətinin müstəqillik dövrünü əhatə edən hissəsi də konkret faktlara əsaslandırılıb. Belə ki, dahi şəxsiyyət H.Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmişdir. M.Hüseynova əsərində siyasi hadisələri düzgün qiymətləndirmiş və H.Əliyevin siyasətdən uzaqlaşdığı dövrdə ermənilərin bundan istifadə etməyini dəqiq göstərə bilmişdir. Həqiqətən də əgər o vaxt H.Əliyev Azərbaycanda və ya sovet rəhbərliyində olsaydı heç vaxt Dağlıq Qarabağ kimi problem meydana çıxmazdı. H.Əliyev amili, onun gücü, qüdrəti erməni millətçilərini belə təxribatlardan çəkindirirdi.
Hörmətli dilçi alim M.Hüseynova kitabında haqlı olaraq qeyd edirdi ki, yeganə nicat yolunu H.Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Ulu öndər xilas edə bilər. Burada məşhur fransız mütəfəkkiri Volterin "dövlətin xilası üçün bir dahi insan kifayətdir” kəlamı yada düşür. H.Əliyev də Tanrının Azərbaycan xalqının taleyinə bəxş etdiyi bir qismət, zamanında millətinin xilaskarı olmaq üçün göndərilən dahi insan idi.
Sonra müəllif qeyd edir ki, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan H.Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını,Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. H.Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi. "Missiya” kitabında haqlı olaraq qeyd edilir ki, müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi şəxsiyyət "siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı. Müəllifin söylədiyi kimi Ümummilli lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Zaman H.Əliyevin bu inamını təsdiq edir və Ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edərək, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparmaqdadır. Müəllif kitabda Ümummilli lider H.Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsindən də söhbət açılmışdır.
Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyev adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Tarix durduqca Heydər Əliyev fenomeni öz yerini saxlayacaq və onun həyat və fəaliyyətini əks etdirən "Missiya” kitabı hər zaman aktual olaraq qalacaqdır.
İradə Məzahim qızı Kərimova
ADPU, Azərbaycan dilçiliyi kafedrasının müdiri
filologiya üzrə fəlsəfə doktoru, dosent