XIX əsr Azərbaycan ədabiyyatında bədii nümunələrdə sinonimlərin işlənməsi


Gülnar Fuad qızı Muxtarzadə
ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi

XIX əsr Azərbaycan xalqına Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi böyük ədəbi simalar vermiş, onu realist dramaturgiya və teatrla, milli mətbuatla, inqilabi-demokratik fikirlərlə, azadlıq ideyaları ilə tanış etmişdir. Onların yaradıcılığı dilçilik baxımından da əhəmiyyətlidir.
Sinonimlər (yun. eyni adlı) gerçəkliyin eyni əşya, hadisə, əlamət və ya hərəkəti ilə bağlı olan, lakin onu müxtəlif formalarda adlandıran semasioloji hadisədir. Sinonimlər müxtəlif münasibətlərdə eyni bir əşyanın adı olub, səs tərkiblərinə göra fərqlənən və bütövlükdə öz oxşarlığını saxlayan sözlərdir. Məna ümumiliyi və üslüb çalarlığı sinonimlərin əsas xüsusiyyətləridir. Sözlər arasında sinonimik münasibətin yaranması onların leksik mənaları ilə bağlıdır. Sinonimlərə belə tərif vermək olar: Məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tarkibə malik sözlərə sinonimlar deyilir. Bəzən sinonim sözlərin eyni mənaya da malik olduğunu göstərirlər. Lakin belə sözlər sinonim deyil, dubletlər adlanır. Dubletlər dili lazımsız sözlərin təkrarı hesabına ağırlaşdırır və ifadənin səlisliyini pozur. Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir, onlar mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna görə də müxtəlif şəraitdə (mətn, nitq, situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilir. Məsələn, universitet - darülfünum, eynək - çeşmək - gözlük, ağ - bayaz, bahar - yaz və s.
XIX əsr bədii ədəbiyyat parçalarında işlənən sinonimlərə dair nümunələrə nəzər salaq:
Gərçi yoxdur mülkü malım, dövlətim, simü zərim,
Təndürüstəm, hiç yox əmrazdən illət mənə.
(S.Ə.Şirvani)
S.Ə.Şirvanidən verilmiş parçada mülkü mal və dövlət sözləri sinonimdir. Sərvət, mal, mülk, pul və b. maddi nemətlərin məcmusu anlamını ifadə edirlər.
Yaxud:
Bir kəsin olmasa əqli, şüuri,Əlbəttə, matəmə dönər süruri;Həzəratın özgə idi mənzuri,Əlminnətü-lillah kim, oldu damaq.Hər kimin ki, gülsə fələk yalına,Baxmaz işin qabağına, dalına;Bu övladın əmlakına, malınaLəvənd oğlu xub olmuşdu dadanaq.
(Q.Zakir)
Q.Zakirdən verilmiş tənqidi-satirik şeirdə əql və şüur, əmlak və mal sözləri sinonimdir. Əql və şüur insanda düşünmə və dərketmə qabiliyyəti; zəka anlamındadır.
Nə həkim, nə loğman, nə cərrah qaldı,
Mənim bu dərdimi bilən olmadı.
Qohumdan, qardaşdan, dost-müsahibdən,
Bağlandı yolları, gələn olmadı.
(Aşıq Alı)
Yəqin əl çəkəcək dustu aşinalərdən,
Divanə tək düşəcək çöllərə anan, getmə!
(X.Natəvan)
X.Natəvanın “Getmə” qəzəlindən verilmiş beytdə dust və aşina sözləri sinonimdir. Dust – is. [fars.] klas. bax dost. Birisi ilə dostluq münasibəti olan adam, yaxın yoldaş; Aşina – is. 1. Dost, yaxın yoldaş. 2. Məlumatlı, vaqif, tanış, xəbərdar, bələd.
Aşıq Alıdan verilmiş qoşmada həkim, loğman, cərrah sözləri sinonimdir. Həkim - is. [ər.] 1. Ali tibb təhsili olan adam; təbib, doktor; Loğman - əfsanəvi bir həkimin adı olub, klassik ədəbiyyatda və canlı dildə bütün dərdlərə çarə edən, adamlara yol göstərən bilici şəxs; Cərrah - is. [ər.] Xəstələri yarmaq üsulu ilə müalicə edən həkimdir.
İnsan payız ölə, yazda diriləZimistanda boran-qarı çəkmiyə.
Günü-gündən işi düşər müşgülə,Hər kəs namus, qeyrət, arı çəkmiyə.
(Aşıq Ələsgər)
Aşıq Ələsgərin “Çəkmiyə” qoşmasından verilmiş bənddə namus, qeyrət, ar sözləri sinonimdir. Namus - is. [ər.] 1. İnsanın öz şəxsi və ictimai davranışını təyin edən mənəvi və əxlaqi prinsiplərin məcmusu; şərəf, qeyrət, heysiyyət; Qeyrət - is. [ər.] Vətən, xalq, ailə namusu; ən əziz və müqəddəs sayılan bir şeyin təəssübünü çəkmə, şərəfini, heysiyyətini qoruma. Ar - is. [ər.] Həya, abır, utanma; namus, qeyrət, izzəti-nəfs, mənlik.




[email protected]