Qayınatasını öldürən gənc: "Dedi həyatda sonuncu günündür"

Qayınatasını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. İki uşaq atası qətli özünümüdafiə məqsədi ilə törətdiyini deyir. Hadisə isə ailə münaqişəsi zəminində baş verib.


 "ictimaifikir.az" musavat.com-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı rayon sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İman oğlununun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qayınatası Kərəmov Roman Novruz oğlunu qətlə yetirməkdə təqsirli bilinən Tural Rüstəmov sərbəst ifadə verib. Qətlin necə baş verməsini və həmin ana qədər yaşananları danışan Rüstəmov qayınatasını başqa çıxış yolu olmadığı üçün öldürdüyünü bildirib.

 

"Qayınatam evdən çıxanda mənimlə öpüşüb, görüşdü”

 

 

Rüstəmov ifadəsində qayınatası ilə aralarında başlayan soyuqluğun səbəbi haqda danışıb və qeyd edib ki, mərhum Kərəmov ailəsində olan məsələlərə tez-tez müdaxilə edərək onunla mübahisə edirmiş:"Hadisədən bir gün qabaq qayınatam bizə qonaq gəlmişdi. Bazarlıq edib, evə getdim. Onunla görüşüb hal-əhval tutdum. Hiss edirdim ki, o, mənə qarşı soyuq münasibət göstərir. Bir az keçəndən sonra qayınatam 4 yaşlı oğlumun üstünə qışqıraraq ona və mənim ünvanıma nalayiq ifadələr işlətdi. Mən bundan əsəbiləşib evi tərk etdim. İstəmədim evdə uşaqların yanında mübahisə olsun. Atamın evinə getdim ki, əsəblərim sakitləşsin. Zərgər işləyirdim. Bakıya qızıl göndərməliydim. Təxminən bir saatdan çox vaxt keçəndən sonra qayınatama zəng vurub ondan xahiş etdim ki, Bakıya gedəndə mənim qızıllarımı da özü ilə aparsın. Həmin gün Bakıya gedəcəkdi. O, yaşadığım binanın qarşısına gəldi. Qızılların mağazada olduğunu bildirdim. Xahiş etdim ki, qızılları mağazadan götürək. Sonra soruşdum ki, "sən bayaq nə üçün mənim oğluma söyüş söydün? Axı o sənin nəvəndir". Qonşular da şahiddirlər ki, o, mənə aqressiv cavab verərək maşına oturmağımı, söhbəti başqa yerdə davam etməyimizi dedi. Bu məqamda aramızda mübahisə düşdü. Qardaşım müdaxilə edərək bizi ayırdı. Sonra valideynlərim gəldilər. Evdə söhbət etdik. Aramızda problem qalmadı. Qayınatam evdən çıxanda mənimlə öpüşüb görüşdü”.

 

"Səni öldürməyə aparıram"

 

Rüstəmov deyib ki, problem aradan qalxdıqdan zonra həmişə olduğu kimi işə gedib. İşdə olduğu vaxt qayınatası ona zəng edib.

 

Rüstəmov ifadəsində bildirib ki, telefonu açanda qayınatası onu söyüb: "Söyüşlə danışaraq mağazanın qabağında məni gözlədiyini dedi, çölə çıxmağımı tələb etdi. Həmin an pəncərədən baxanda onun əlində bıçaq gördüm. Hər ehtimala qarşı işlətdiyim yeyə alətini cibimə ataraq onun yanına getdim. Mənə dedi ki, "maşına otur, səninlə söhbətim var". Mən dəqiq bilmirdim ki, nəyə görə belə hərəkət edir. Maşına əyləşən kimi o, qapıları bağladı. Söyüş söydü ki, telefonu söndür. Mən də onu sakitləşdirmək üçün telefonu söndürdüm. Yolda hara getdiyimizi soruşdum. Mənə dedi ki, "Bu gün sənin həyatda sonuncu günündür. Səni öldürməyə aparıram". Mən düz hərəkət etmədiyini dedim, geri qayıtmağımızı xahiş etdim. Dedim ki, sən mənim qayınatamsan, özü də hacısan, dünən aramızda söhbət oldu və ordada qaldı. Dava-dalaş lazım deyil".

 

"Çaqqal dərəsi"ndəki qanlı hadisə

 

Rüstəmovla qayınatası İsmayıllının mərkəzindən 8-9 km aralıda yerləşən "Çaqqal dərəsi” adlanan meşəyə gəliblər. Cinayət hadisəsi də elə burada baş verib: "İlk dəfə idi ki, "Çaqqal dərəsi”nə gedirdim. Vahiməli yer idi. Maşından düşəndə dəhşətə gəldim. Filmlərdə belə vahiməli səhnələrə rast gəlmişdim. Roman Kərəmov da maşından düşdü. Bir-iki metr aralanmışdıq ki, gözləmədiyim anda mənə bıçaq atdı. Bu an sağ əlimi qabağa verdim ki, bıçaq boğazıma girməsin. Onun atdığı bıçaq əlimi kəsdi. Bundan sonra o yenə üstümə hücum çəkəndə cibimdən iş alətini çıxarıb onu vurdum. Yarası o qədər də ciddi deyildi. Mənim əlimdən dəhşətli qan axırdı. Dedim ki, gəl, təcili həkimə gedək, qanaxmadan ikimiz də öləcəyik. O, heç nə olmamış kimi məni yenə öldürəcəyini deyib üstümə qaçdı. Qayınatamın gözü dönmüşdü. Həyəcanlı olduğumdam qaça bilmədim. O, mənə çatanda əlindən tutdum ki, vurmasın. Daha sonra hər ikimiz yerə yıxıldıq. O, fiziki cəhətdən məndən güclü olduğundan onun əlindən çıxa bilmirdim. Əlimdəki yeyə ilə onun bıçaq olan əlinə yüngül zərbələr vurdum ki, bəlkə bıçağı əlindən yerə atar. Amma o daha da qızışmışdı. Niyyəti ancaq məni öldürmək idi. Allaha yalvarırdım ki, buradan sağ çıxım. Başqa yolum qalmamışdı. Ya mən ölməli idim, ya da o...”

 

Qayınatası ilə Rüstəmov arasında 13 yaş fərq olub. Rüstəmov hadisədən sonra İsmayıllı Rayon Polis İdarəsinə gedərək könüllü olaraq təslim olduğumu bildirib.

 

Məhkəmə prosesində zərərkəşmiş kimi tanınan mərhumun həyat yoldaşı Məryəm Kərəmova da ifadə verib. O, həyat yoldaşının üstündə həmişə bıçaq olduğunu bildirib: "Hadisə baş verən gün biz Bakıya getməliydik. Həyat yoldaşım məni qaynımla yola salaraq müştəri götürəcəyini dedi. Biz elə bildik ki, o, müştəri götürüb Bakıya gələcək. Şamaxıda bizə xəbər gəldi ki, belə bir hadisə baş verib”.

 

"Qayınatam narkoman olub"

 

Ərinin kürəkənini meşəyə hansı məqsədlə aparmasından xəbərinin olmadığını deyən M.Kərəmova ifadəsinə əlavəsində deyib: "Axşam söz-söhbət oldu. Sonra öz aramızda həll elədik. Yoldaşım kürəkəni ilə gülə-gülə sağollaşdı. Sabahı gün nə üçün Turalı ora apardığını bilmirəm”.

 

Qayınanasının çıxışından sonra əlavə söz istəyən Rüstəmov qeyd edib ki, mərhum qayınatası narkotik vasitə istifafəçisi olib: "Buna görə də dəfələrlə öz ailəsində münaqişə olurdu. Mənim indiyə kimi bir adamla problemim olmayıb. 16 yaşımdam işləyib, pul qazanmışam. Ailəmlə 5 ay idi ki, yeni evə köçmüşdük. Qayınatam içki aludəçisi olduğundan qohumları onu bir neçə il əvvəl həcc ziyarətinə göndərmişdilər. Elə bilirdilər ki, o, Həccə gedəndən sonra düzələcək. Bütün İsmayıllı bilir ki, qayınatam həccə getsə də narkoman olub. O, öz arvadına işgəncələr verib. Dəfələrlə polisə düşüb, 4 dəfə arvadı ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Qohumları da şahiddirlər ki, o, keçən il öz qayınatasının yaşadığı evə basqın edib, güllə atmışdı. Onları mənim atam barışdırdı. Yoldaşımla aramda problem olan kimi məni ölümlə hədələyirdi. Qohumlarına neçə dəfə demişəm ki, onu məndən uzaq edin. Mən zərərçəkmiş tərəfə sual vermək istəyirəm ki, harada görünüb ki, qayınata öz qızının ərini öldürməyə aparsın? Mən ondan yolboyu xahiş etdim ki, mənim iki balam var. O, vecinə də almadı. Bu gün mən balalarımdan ayrı düşmüşəm. Onların harada olmasından xəbərim yoxdur”.

 

Tural Rüstəmov sonra məhkəmədən ədalətli qərar gözlədiyini söyləyib.

 

Növbəti məhkəmə prosesi martın 16-na təyin edilib.

 

Qeyd edək ki, 29 yaşlı Tural Rüstəmov Cinahət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.




[email protected]