Laçının azadlığı Azərbaycanın yenilməzliyinin, dövlətimizin iradəsinin və xalqımızın sarsılmaz birliyinin ən parlaq səhifələrindən biri kimi tarixdə əbədi qalacaq

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, 
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı, 
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı 

1 dekabr Azərbaycan dövlətçiliyinin ən mühüm tarixi zirvələrindən biri kimi yaddaşlara həkk olunmuşdur. Bu gün Laçın rayonunun işğaldan azad edilməsinin ildönümü olaraq yalnız bir torpağın qayıdışı deyil, Azərbaycanın milli mənafeyinin, siyasi iradəsinin və hərbi-diplomatik gücünün parlaq təcəssümüdür. Laçın gününün qeyd edilməsi fərdi hisslərin deyil, bütöv bir xalqın qürurunun, dönməzliyinin və dövlətçiliyinin təntənəsidir.

Laçın həm coğrafi mövqeyinə, həm strateji kommunikasiya xəttində dayanmasına, həm də Qarabağ bölgəsi ilə arasında körpü rolunu oynamasına görə xüsusi əhəmiyyət daşıyır. Ermənistan tərəfindən illərlə işğalda saxlanılan Laçın, Azərbaycan torpaqlarının parçalanmasına xidmət edən ən mühüm hərbi-strateji həlqə kimi istifadə olunmuşdur. Bu baxımdan Laçının azad olunması təkcə bir rayonun qaytarılması deyil, Qarabağın bütövlükdə tam nəzarətə götürülməsinin əsas mərhələlərindən biri olmuşdur.
2020-ci ilin möhtəşəm Qələbəsindən sonra yaranan yeni siyasi reallıq Ermənistanı Laçını boşaltmağa məcbur etdi. Azərbaycan Prezidentinin qətiyyətli siyasi xətti, ordunun gücü və xalqın həmrəyliyi Laçının döyüşsüz, lakin tam şərtsiz şəkildə azad olunmasına gətirib çıxardı. Bu hadisə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi düzənin, beynəlxalq arenada möhkəmlənən nüfuzunun və diplomatiya ilə hərbi gücün parlaq sintezinin bariz nümunəsidir.
Laçının azad edilməsindən sonra burada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri dövlətin bu bölgəyə verdiyi dəyərin göstəricisidir. Sıfırdan salınan yollar, müasir tunellər, yeni enerji infrastrukturunun qurulması, “Ağoğlan” və “Sus” istiqamətlərində geniş yenidənqurma işləri, Laçının şəhər mərkəzinin tamamilə yeni konsepsiya ilə inşası regionun sürətlə dirçəldiyini nümayiş etdirir. Azərbaycan dövlətinin məqsədi təkcə Laçını bərpa etmək deyil — onu ölkənin ən müasir, təhlükəsiz və yaşayış üçün cazibədar bölgələrindən birinə çevirməkdir.
Eyni zamanda “Böyük Qayıdış” çərçivəsində laçınlıların öz doğma yurdlarına qovuşması milli yaddaşın bərpası, mənəvi birliyin möhkəmləndirilməsi və tarixi ədalətin tam şəkildə təmin olunmasının mühüm mərhələsidir. Laçının sakinləri yenidən öz evlərinə dönərək bu torpağı dirçəltməkdə, ona yeni ruh verməkdə yaxından iştirak edirlər. Bu proses həm dövlətin gücünü, həm də xalqın Vətən sevgisini bir daha ortaya qoyur.
Laçın gününün ən mühüm mənalarından biri də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin ruhuna ehtiramın təcəssümüdür. Bu torpaqların azadlığı, ölkənin bütövlüyü, milli ləyaqətin bərpası şəhidlərin qanı və mübarizliyi üzərində qurulmuşdur.
Bu gün Laçın Azərbaycan üçün yalnız bir rayon deyil — milli qürurun, strateji üstünlüyün, dövlətçilik iradəsinin və sarsılmaz birlik ruhunun rəmzidir. 1 Dekabr — Laçın Günü ölkəmizin yeni dövrünün, möhkəmlənən gücünün və gələcəyə inamının parlaq simvolu kimi bundan sonra da tariximizdə əbədi yaşayacaq.
44 günlük İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan qəsəbəsi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı. Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana təhvil vermək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq”.
Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib, beynəlxalq və yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər, xəyanət dayanmışdı. Həmin dövrdə AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etməyə can atırdı. Hakimiyyəti ələ keçirmək üçün ən çirkin əməllərə əl atdılar, təcavüzkar Ermənistan tərəfindən Şuşanın, Laçının işğal edilməsinə şərait yaratdılar. Beləliklə, Şuşa, Laçın düşmənə təhvil verildi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Amma Laçının işğalı strateji nöqteyi-nəzərindən fəlakət idi. Sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu.
Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın bu gün özünün yeni həyatına qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin Laçın rayonuna səfərləri Böyük Qayıdışa xidmət edən mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. 2023-cü ilin 28 May -Müstəqillik Günü laçınlıların Laçın şəhərinə qayıdışı ilə tarixə yazıldı. Dövlətimizin başçısı İlham Əliyev Laçında şəhərə qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edərkən azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda bu çağırışı edib ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.
Dövlət başçısı İlham Əliyev laçınlılarla görüşündə bu mühüm məqamı da xatırlatmışdır ki, 2011-ci il dekabrın 24-də doğum günümdə laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı: “O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar. İndi isə qurub-yaratmaq vaxtıdır.”
Bu gün sevinc hissi ilə qeyd edirik ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Laçın da həyatının yeni dövrünü yaşayır. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında beynəlxalq status daşıyan hava limanının istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Artıq azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı fəaliyyət göstərir.
1 dekabr Laçının azad edilməsinin beşinci ildönümü Azərbaycan xalqı üçün daha bir qürur günüdür. Bu gün biz şanlı Zəfər tariximizi, beş il ərzində görülən böyük abadlıq-quruculuq işlərini, dirçələn həyatın hər addımını, öz yurdlarına qayıdan insanların sevincini qürurla izləyirik. Laçının azadlığı Azərbaycanın yenilməzliyinin, dövlətimizin iradəsinin və xalqımızın sarsılmaz birliyinin ən parlaq səhifələrindən biri kimi tarixdə əbədi qalacaq.


01.12.2025


[email protected]