Aynur Allahyarqızı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində
Sənaye və Texnologiya Kolleci “Dillər “ kafedrasının müəllimi
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ilin iyulun 14-də Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən ölkəmizdə ana dilimizin inkişafı ilə bağlı yeni dövr başlayıb. Xalqına, dövlətinə böyük məhəbbət bəsləyən, xalqımızın işıqlı gələcəyi üçün çalışan Ümummilli Lider həm də milli dilimizin böyük təəssübkeşi idi. O, bu baxımdan şəxsi nümunəsi ilə Azərbaycan xalqının qəlbinə əbədi həkk olunub.
Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə, daha doğrusu, 1969-cu ilin noyabrında Bakı Dövlət Universitetinin (ovaxtkı Azərbaycan Dövlət Universiteti) 50 illik yubileyində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilində çıxışı SSRİ-də böyük əks-səda yaratdı. Bu, Ulu Öndərin xalqına, vətəninə olduğu kimi, dilinə - doğma Azərbaycan dilinə olan milli təəssübkeşliyinin ən bariz nümunəsi idi. Bununla, Azərbaycan KP MK-nın I katibi kimi Heydər Əliyev milli varlığın, milli kimliyin partiyalılıq prinsipindən üstün olduğunu əyani şəkildə göstərdi və Azərbaycan dili ilə bağlı gələcək tədqiqatların genişləndirilməsinin istiqamətlərini müəyyənləşdirdi. Azərbaycan dili ilə bağlı yazılmış dərsliklər dilimizin tədrisində mühüm əhəmiyyət kəsb etsə də, bu tipli dərsliklərin sovet hakimiyyəti dönəmində xüsusi dövlət mükafatı alması məqbul hal sayılmırdı. Ulu Öndər bu stereotipi də qırdı, bu qadağanın da obrazlı desək, üstündən xətt çəkdi. Ulu Öndərin diqqəti və qayğısı nəticəsində ali məktəblərin Filologiya fakültəsində tədris olunan müasir Azərbaycan dili fənni ilə bağlı Ə.Dəmirçizadənin “Müasir Azərbaycan dili. I hissə: Fonetika, orfoepiya, orfoqrafiya”, S.Cəfərovun “Müasir Azərbaycan dili. II hissə: Leksika”, M.Hüseynzadənin “Müasir Azərbaycan dili. III hissə: Morfologiya” və Ə.Abdullayev, Y.Seyidov və A.Həsənovun “Müasir Azərbaycan dili. IV hissə: Sintaksis” dərslikləri 1974-cü ildə Dövlət mükafatına layiq görüldü.
SSRİ zamanında Ulu Öndərin dilimizlə bağlı ən cəsarətli addımı isə Azərbaycan dilinin rəsmən dövlət dili statusu alması ilə bağlı olub. 1978-ci il aprelin 21-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilmiş Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” maddəsinin (73-cü maddə) daxil edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin şəxsi iradəsi əsasında həyata keçirilib. Onu da əlavə etmək lazımdır ki, müttəfiq respublikaların konstitusiyasına belə bir maddənin daxil edilməsi SSRİ-də böyük şücaət tələb edirdi. Bunu yalnız dahi şəxsiyyət Heydər Əliyev edə bilirdi. 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında ana dilimizin adlandırılması ilə bağlı keçirilən ümumrespublika müzakirəsində Ümummilli Lider həmin dövrü xatırlayaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz. Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”.
1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında ana dilimizin adının adlandırılması ilə bağlı keçirilən ümumrespublika müzakirəsində Ümummilli Lider dilimizin adının Azərbaycan dili adlandırılmasını tarixi, elmi və ictimai baxımdan əsaslandırmışdır. Dilimizin adının “türk dili”, “azəri-türk dili”, “azəri türkcəsi”, “Azərbaycan-türk dili” adlandırılmasını təklif edənlərin fikirlərinə hörmətlə yanaşaraq, öz şəxsi fikrini belə ifadə etmişdir: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düz deyil”. Beləliklə, Ulu Öndərin tarixi həqiqətə işıq tutan bu fikri dilimizin adının Azərbaycan dili adlandırılmasında əsas oldu və Ümummilli Liderin uğurlu dil siyasətinin nəticəsində 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına dövlət dili ilə bağlı ayrıca bir maddə (21-ci maddə) daxil edildi. Həmin maddədə birmənalı şəkildə göstərilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafına və qorunmasına xüsusi diqqət və qayğı göstərib. Bununla bağlı Ümummilli Liderin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanını, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanını, “Azərbaycan Respublikasında dövlət dili haqqında” 2002-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli Fərmanını qeyd etmək olar. Bu fərmanlar ölkəmizdə Heydər Əliyevin dil siyasətinin həyata keçirilməsində, Azərbaycan dili ilə bağlı tədqiqatların yeni istiqamətdə aparılmasında xüsusi əhəmiyyət kəsb edib.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinin qorunması və inkişafına daim diqqət göstərir. Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması ilə bağlı fərman və sərəncamları Azərbaycan dilinin XXI əsrdə yeni inkişaf mərhələsinə qədəm qoymasında və dillə bağlı yeni istiqamətdə tədqiqatların aparılması üçün geniş imkanlar yaradır.
Ulu Öndər Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafında göstərdiyi tarixi xidmətləri bütün dövrlərdə Azərbaycan dilçiliyində yeni-yeni tədqiqatların aparılmasına öz töhfəsini verəcək.
Dekabr ayının 12-si Ümummilli lider Heydər Əliyevin anım günüdür. Bu dahi insanın əbədiyyətə qovuşmasından keçən illər ərzində insanlar heç zaman onun yoxluğunu hiss etməyiblər. Özü bir neçə dəfə qeyd etmişdi ki, nə qədər Azərbaycan varsa, o da olacaq. Başqa bir reallıq, bəlkə də həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin anım gününün qeyd edilməsi Azərbaycanda insanları birləşdirmək gücünə malik olan dövlətçilik ənənəsinə çevrilib. Onun həm doğum, həm də anım gününün insanlar tərəfindən böyük hörmət və ehtiramla qeyd edilməsi, əslində Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycan Heydər Əliyevin qoyduğu yolla gedərək ən uğurlu ölkə adını hələ uzun illər qoruyacaq. Vaxtilə Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Əslində bu artıq bir həqiqətdir. Ona görə də ölkədə uşaqdan böyüyə qədər hamı o dahi insanı unutmur, onun xatirəsini həmişə əziz tutur.
11.12.2025
[email protected]