Məlahət Abdullayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
Riyaziyyat fakültəsi, Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti,
"Heydər Əliyev-100" media mükafatı laureatı
Azərbaycan tarixində Heydər Əliyev adı müstəqilliyimizin bərqərar olmasının, dövlətin dayaqlarının möhkəmlənməsinin və xalqın öz gələcəyinə inamının simvoludur. O, dövrün lideri olmaqla yanaşı, həm də gələcək nəsillərə yol göstərən ideyaların, strateji düşüncənin və milli qürurun təcəssümüdür. Onun qurduğu siyasət modeli Azərbaycanın bu gün qazandığı uğurların ideoloji və iqtisadi təməlidir. Ulu öndər ölkəmizin sabitlik üzərində yüksələn dövlət olmasının vacibliyini anlayırdı. Məhz, onun uzaqgörənliyi ilə Azərbaycanda vətəndaş cəmiyyəti formalaşdı, iqtisadi islahatlar dərinləşdi, beynəlxalq münasibətlərdə balanslı siyasət həyata keçirildi.
Heydər Əliyev 1993-cü ildə ölkəni ağır böhran dövründə yenidən idarə etməyə başlayaraq Azərbaycanın gələcəyini elə bir məntiqlə və planlı şəkildə qurdu ki, bu siyasətin davamlılığı bu gün də öz bəhrəsini verir. Məhz, onun 1994-cü ildə imzaladığı “Əsrin müqaviləsi” sayəsində Azərbaycan beynəlxalq enerji xəritəsində mühüm yer tutdu. Bu sənəd təkcə neft ixracını deyil, həm də Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını təmin edən başlanğıc nöqtəsi oldu və sonrakı onilliklərdə ölkənin sosial rifahı, iqtisadi sabitliyi və beynəlxalq nüfuzunun artmasına möhkəm zəmin yaratdı.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev atasının başladığı strateji xətti qətiyyətlə davam etdirir. Heydər Əliyev siyasətinin mərkəzində olan əsas prinsip dövlətin möhkəmliyinin və xalq rifahının təmin edilməsi bu gün daha da dərinləşərək həyata keçirilir. Regionlarda genişmiqyaslı inkişaf proqramları, sosial layihələr, infrastruktur islahatları və qeyri-neft sektorunun gücləndirilməsi – bütün bunlar Heydər Əliyev ideyalarının müasir mərhələdə gerçəkləşməsidir. Onun “Azərbaycanın gələcəyi gənclərdir” kəlamı isə bu gün təhsil, elm və gənclərin inkişaf siyasətinin ana xəttinə çevrilib.
Heydər Əliyev mükəmməl siyasətçi olmaqla yanaşı, həm də milli ruhun daşıyıcısı idi. O, dövlətçiliyi milli dəyərlərlə birləşdirdi və xalqın tarixində özünə əbədi yer qazandı. Onun qurduğu ideoloji məktəb müstəqil Azərbaycanın dövlət idarəçiliyinin əsasına çevrildi. Bu gün İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr, Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, iqtisadi göstəricilərin yüksəlişi, ölkəmizin regional liderə çevrilməsi ulu öndərin qoyduğu təməlin gücünü sübut edir.
Heydər Əliyev siyasəti həm sabitlik, həm də inkişafın təminatıdır. Bu siyasət xalqla dövlət arasında etimad körpüsü yaratdı, Azərbaycanı xaosdan çıxararaq müasir, güclü və öz sözünü deyən dövlətə çevirdi. Ulu öndərin xidmətləri bu gün yalnız tarixdə deyil, hər yeni layihədə, hər sosial təşəbbüsdə, hər uğurlu diplomatik addımda yaşayır. Onun yaratdığı sabitlik mühiti və inkişaf modeli Azərbaycanın bugünkü uğurlarının bünövrəsidir.
12 dekabr Heydər Əliyevin anım günü həm də minnətdarlıq günüdür. Xalq bu gün ulu öndərin əziz xatirəsini yad etməklə yanaşı, onun qoyduğu yolun nə qədər düzgün, uzaqgörən və ədalətli olduğunu bir daha dərk edir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında əbədi olaraq müdriklik, dövlətçilik və milli həmrəyliyin rəmzi kimi qalacaq. Onun ideyaları, həyata keçirdiyi siyasət və qurduğu müstəqil dövlət bu gün də inkişafın, sabitliyin və gücün ən böyük təminatıdır!