AZƏRBAYCAN TARİXİNİN HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru,
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı,
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı
Hər bir xalqın böyüklüyü, tarixinin möhtəşəmliyi onun yetişdirdiyi görkəmli şəxsiyyətlərin həyatı, fəaliyyəti ilə bilavasitə bağlıdır. Elə böyük şəxsiyyətlər var ki, xalq onları özünün idealı, əbədiyaşar qəhrəmanı, əbədi lideri hesab edir. Belə böyük şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir.
Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda doğru olaraq Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi sahəsində xidmətləri göstərilib. Heydər Əliyev, həqiqətən, dövlətçilik tariximizdə dərin, silinməz izlər qoyub.
Naxçıvanda əvvəlcə orta məktəbdə, pedaqoji texnikumda təhsil alan Heydər Əliyev sonralar Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Neft və Sənaye Universiteti), Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti), SRRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb.
Araşdırmalar göstərir ki, Ulu Öndərin fenomen şəxsiyyət kimi formalaşması aldığı mükəmməl təhsillə, eyni zamanda ailə mühiti, özünün daim çalışqan, zəhmətkeş, dərin zəka sahibi kimi həmişə axtarışda olması, vətənpərvərlik, vətəndaşlıq keyfiyyətləri ilə sıx bağlı olub. Onun həyatı bütövlükdə məktəbdir. Bu həyat məktəbi hər bir Azərbaycan vətəndaşı üçün həmişə örnək və böyüyən nəsillərə nümunə olaraq qalacaqdır. Hələ uşaqlıq və gənclik illərindən Heydər Əliyevin intellekti, mənəvi-əxlaqi keyfiyyətləri, liderlik xüsusiyyətləri ona böyük rəğbət yaradıb.
Onun köməyi ilə neçə-neçə azərbaycanlı Sovet dövründə mərkəzi hökumətin rəhbərlərinin qəzəbindən xilas olub, azərbaycanlıların əleyhinə hazırlanan qərar layihələri, yaxud qərarlar ləğv edilib. Məsələn, İkinci Dünya müharibəsində Mehdi Hüseynzadənin qəhrəmanlığını, onun partizan dəstələrində düşmənə qarşı igidliklə döyüşdüyünü məhz Heydər Əliyev üzə çıxarıb, əldə etdiyi hərbi arxiv sənədlərini diqqətlə araşdıraraq onun döyüş yolunun əsl qəhrəmanlara xas olduğunu sübut edib. Mehdi Hüseynzadənin SSRİ-də ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, ona həsr olunan “Uzaq sahillərdə” əsərinin tarixi materiallar əsasında yazılması və eyniadlı filmin çəkilməsi də Ulu Öndərin təşəbbüsü ilə olub. Sonrakı illərdə Azərbaycanın milli düşüncəli tanınmış ziyalılarının, o cümlədən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk və başqalarının qorunmasında, onlar üçün daha geniş yaradıcı mühitin formalaşdırılmasında böyük xidmətləri olub.
Heydər Əliyev yaşadığı dövrün, zəmanəsinin görkəmli siyasi, dövlət xadimi olmaqla yanaşı, həm də bu günün və gələcəyin böyük şəxsiyyətidir. Onun ideyaları hər zaman aktualdır. Bu ideyalar həm də Azərbaycanın müstəqilliyinin, müstəqil dövlət kimi inkişafının təməl prinsipləridir. Həmin prinsiplər mahiyyətcə Azərbaycançılıq məfkurəsində ehtiva olunmuşdur. O bütün həyatı boyu azərbaycançılıq amalı ilə yaşayıb və bütün fəaliyyəti bu məfkurə üzərində köklənib. Ulu Öndər azərbaycançılığı milli ideologiyamız, milli düşüncə sistemimiz kimi yüksək qiymətləndirir və onun birləşdirici, inkişafetdirici gücünün nə qədər böyük olduğunu əsaslandırırdı. Azərbaycanın milli-mənəvi dəyərləri, dövlətçiliyi, adət-ənənələri, dilimizə, tariximizə, mədəniyyətimizə olan münasibət məhz azərbaycançılıq ideologiyasının məzmun komponentləri kimi birləşir və vəhdət yaradır. Bu birləşdirici funksiya eyni zamanda xalqın birliyinin daha möhkəm təminatına, onun inkişafının davamlı, sistemli olmasına zəmin yaradır.
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin olunarkən milli kadrların yetişdirilməsini planlı şəkildə həyata keçirməyə başlayıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb (hərbi lisey) açıb və gənc azərbaycanlı zabitlərin hazırlanması üçün geniş imkanlar yaradıb. O zaman SSRİ-nin mövcudluğu şəraitində Azərbaycanda – Sovet İttifaqının tərkibində olan milli respublikada belə bir məktəbin açılması çətin olsa da Ulu Öndərimiz SSRİ rəhbərliyini razı salıb. Bu o zaman Azərbaycanın gələcəyi üçün atılan qətiyyətli bir addım idi. Belə ki, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən sonra milli ordu quruculuğunda bu kadrlar böyük rol oynadılar. Əks halda, milli ordu quruculuğunda və müstəqilliyimizin qorunmasında daha böyük çətinliklər yarana bilərdi.
Heydər Əliyevin 1970-ci illərdə istedadlı azərbaycanlı gənclərin Azərbaycandan kənarda, başqa respublikalarda, xüsusilə Rusiyanın tanınmış ali məktəblərində təhsil almağa göndərmək ənənələrinin əsasını qoyması Azərbaycançılığa, Vətənə, millətə xidmətinin yeni bir nümunəsi idi. Heydər Əliyevin azərbaycanlıların xaricdə təhsil alması siyasətini dəstəkləməsi ölkəmiz üçün çox əhəmiyyətli idi. Xaricdə ali təhsil alanlar beynəlxalq təcrübə ilə daha yaxından tanış olur və ölkəmizə qayıdarkən xarici təcrübəni, yeni texnologiyaları yerli şəraitə daha rahat şəkildə uyğunlaşdırıb tətbiq edirdilər. İstehsalın yeni texnologiya əsasında təşkili isə istehsal sahəsində daha işlək, çevik mexanizmlərin formalaşdırılmasına şərait yaradırdı. Təsadüfi deyil ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə (1969-1982) ölkəmizin iqtisadi artımı, istehsal səviyyəsi və gücündə köklü irəliləyişlər olub. Həmin illərdə Azərbaycan Sovet İttifaqına daxil olan respublikalar arasında həmişə birinci yerdə olub və nümunəvi respublika kimi tanınıb.
Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdən biridir. Ümummilli Lideri dünyanın bir çox görkəmli ictimai siyasi xadimləri, müdrik insanları ilə müqayisə edənlər çox vaxt onun Azərbaycana rəhbərlik etdiyi dövrləri, yüksək vəzifələrdə olduğu illəri nəzərə çatdırırlar ki, bu da təbii hesab olunur. Fəaliyyətinin hər bir dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə, dünya azərbaycanlılarının həmrəyliyinə söykənən güclü, möhtəşəm, qüdrətli, müasir ruhlu bir dövlətin yaradılması idi. Elə bir dövlət ki, müstəqilliyi, özünəxas çalarları ilə və daim inkişaf edərək dünyada layiqli yer tutsun.
Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətinin kəskin geosiyasi ziddiyyətlərin mövcudluğu şəraitində Azərbaycan dövlətçiliyinin xilası olduğunu deyən deputat əlavə edib: “Dövlətimizin qorunub saxlanılması azadlığımızın, müstəqilliyimizin mövcudiyyəti deməkdir, qurtuluş deməkdir!” Ümummilli Lider Heydər Əliyevin dövlətçilik haqqında baxışları nəzəri-təcrübi konsepsiya əhəmiyyəti daşıyır. Bu konsepsiyada dövlətçilik anlayışı, dövlət və dövlətçiliyin qarşılıqlı əlaqəsi, dövlətçiliyin milli ideologiyada yeri, əhəmiyyəti və digər məsələlər əksini tapıb. Ulu Öndərin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyası ilə birgə, onun Azərbaycan dövlətçiliyinin tarixinə tətbiqi də həyata keçirilib. O, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin də banisidir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin idarəetmə mexanizmini və hüquqi sistemini formalaşdırıb. Ən vacib məsələlərdən biri də Azərbaycan dövlətçiliyində siyasi varisliyin təmin edilməsidir”.
Onun sözlərinə görə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan edəndə bütün dünya qarışıq vəziyyətdə idi. Sosialist düşərgəsi dağılmışdı, Qərb siyasi dairələri üçün özlərindən tam asılı məkanların yaranması imkanları genişlənmişdi. Qərb yeni müstəqil dövlətlərin ozünəməxsusluğunu qəbul etmək istəmirdi. Bu xüsusiyyət onlar üçün bir köhnəlik əlaməti idi və buna görə də liberalizm, demokratiya, insan haqları, iqtisadi inteqrasiya, islahatlar, azad ticarət və digər bu kimi təmtəraqlı ibarələrdən istifadə edərək, öz iradələrini qəbul etdirməyə aramsız cəhdlər göstərirdilər. Bu tələyə düşənlər oldu və acı nəticələrlə üzləşmək məcburiyyətində qaldılar. Təəssüf ki, Azərbaycan da 1993-cü ilin birinci yarısına qədər kənar təsirlərin altında idi.
Belə bir məqamda Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi zərurətini dərk edən Azərbaycan xalqı öz gələcək taleyini dahi şəxsiyyətə etibar etməklə çox ağır müsibətlərdən yan keçə bildi. Həmin məqamda onun dahiliyi bütün parlaqlığı ilə özünü göstərdi. Hər şeydən əvvəl güclü dövlət qurmaq ideyasını cəmiyyətə təlqin edən dahi şəxsiyyət demokratik cəmiyyətin yalnız güclü dövlətdə mümkün ola biləcəyini isbat etdi. Ulu Öndər “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”, – deyə müstəqil dövlətçilik məfkurəsində bu mübarizənin son dayanacağının inkişaf etmiş Azərbaycan olacağını göstərmiş oldu.
Ə.Ələkbərli deyib ki, Azərbaycan xalqı haqlı olaraq Ulu Öndər Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Ümummilli Lider Heydər Əliyev müstəqilliyi, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və onların inkişafı ilə bağlı ən düzgün qərar verəcək. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir.
Heydər Əliyevi idarəetmənin ustadı və siyasətin kamil bilicisi adlandıran deputat əlavə edib: “Ulu Öndər deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir.
Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Ulu Öndər Heydər Əliyev demişdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Ə.Ələkbərli qeyd edib ki, Ulu Öndər Heydər Əliyev çevik, ədalətli və prinsipial siyasət sahibi idi. Onun ən başlıca keyfiyyəti xalqımıza xas olan milli-mənəvi dəyərlərə ürəkdən bağlılığı, milli ideyanı yaşadıb inkişaf etdirməkdən ötrü öz canını sərf etməsi, bütün ömrünü millətin mədəni–mənəvi intibahına həsr etməsi idi. Tarix boyu alimlər, ədəbiyyatçılar, filosoflar öz xalqının mədəni tərəqqisi üçün çox iş görüblər. Amma dahi rəhbərimizin Azərbaycan xalqı üçün gördüyü işi heç kəs görə bilməyib. Məhz onun gərgin fəaliyyəti sayəsində ölkəmiz yüksək mənəvi dəyərlərə malik tolerant və dünyəvi bir məmləkətə çevrildi. Həyat amalı “hər şeydən öncə Vətəndir, milli mənafedir” şüarı olan Ümummilli Liderin əməlləri yaşayır, ideyaları layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilir, nəsillərə örnək olan nümunələr yaradılır. Məhz, buna görədir ki, indi Heydər Əliyev müstəqil Azərbaycanın simvollarından birinə çevrilib, Azərbaycanın bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanıb.
11.12.2025
[email protected]