Sağlığında orqanlarını bağışlayanların orqanlarının götürülməsi üçün yaxınlarından icazə alınmayacaq

Bu ilin avqust ayından bəri ölkədə icbari tibbi sığorta çərçivəsində orqan transplantasiya əməliyyatları icra olunur. Bu il həm Dövlət Proqramı ilə, həm də öz hesablarına əməliyyat olunanlar da var. Orqan transplantasiyası əməliyyatına ehtiyacı olan xəstələrin heç də hamısının donoru olmur. Bu da meyitdən orqan köçürülməsi məsələsini daima gündəmdə saxlayır. Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əsas məqsədi də Donor Bankının yaradılmasıdır.

Vahid informasiya bazası hazırlanır

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib ki, hazırda donorlar, resipiyentlər və donor orqanların vahid informasiya bazası hazırlanır: "Düşünürəm ki, gələn ildən biz bunu istifadə edə biləcəyik. Proqram Səhiyyə Nazirliyi tərəfindən hazırlanır. Operator, yəni onu fəaliyyətini təmin edən qurum isə bizim mərkəzdir. Orqanlarını bağışlamaq istəyən vətəndaşlarımız var, ilk sıralarda bizim əməkdaşlarımızdır. Biz onlardan ərizələrini alırıq, qeydiyyatdan keçiririk”.

Etika komissiyası insan alverinin qarşısını alır

Hazırda, donor olmaq prosesi də asanlaşıb. Orqana ehtiyacı olan xəstənin donoru onun uzaq qohumu və ya tanışı da ola bilər. Bu məqamda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bütün sənədləri hazırlayaraq Səhiyyə Nazirliyi tərəfindən yaradılan Etika komissiyasına göndərir:

"Azərbaycan qanunvericiliyinə görə, ancaq birinci dərəcəli qohumlar donor ola bilər. Onların donor olmağı təmənnasız sayıla bilər. Yaxın qohum olmayan insanlar donor olmaq istədikdə həmin insanlar sənədləri ilə birlikdə Etika komissiyasına göndərilir. Həmin komissiya orqan bağışlanmasının təmənnasız olub-olmamasını araşdırır. Həqiqətən təmənnasız proses olduğuna qərar verilirsə, bizə icazə məktubu yazılır. Bundan sonra əməliyyata icazə verilir. Bu proses insan alverinin qarşısını alır. Etika komissiyası 2023-cü ilin aprel ayından fəaliyyət göstərir. İndiyə qədər 30 belə hal olub ki, Etika Komissiyasına göndərilib. Həm müsbət, həm mənfi cavablar var”,- deyə Yeganə Abbasova vurğulayıb.

Beyin ölümünün diaqnostikasının protokolu tərtib edilib

Yeganə Abbasova bildirir ki, beyin ölümünün diaqnostikasının protokolu tərtib edilib. Protokol Elmi Şurada təsdiq olunub və artıq Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin saytında yerləşdirilib:

"Klinik olaraq beyin ölümü diaqnozunun təsdiq olunması asanlaşdırılıb. İnstrumental müayinə metodları ilə beyinə qan gedib-getmədiyini müayinə etmək olur. Ölmüş beyni olan meyit, sadəcə süni tənəffüs aparatında olduğu üçün qanı hələ də oksigenləşir. Belə olduqda ürək hüceyrələri qidalanır, ürək öz aparıcı sisteminə görə 2-3 sutkaya qədər işləyə bilir. Həmin 2-3 sutka bizim Donor Bankımızdır. Hər zaman reanimatoloqlara deyirik ki, xəstədə beyin ölümü olarsa, bunu bizə xəbər versinlər. Donor Bankı reanimasiya şöbələrində beyin ölümü diaqnozu qoyulmuş, bioloji ölümü təsdiq olunmuş meyitlərdir. Hansı ki, onlar 2-3 sutka ərzində süni tənəffüs aparatında qalırlar. Orqanları götürmək üçün mütləq ürək çalışmalı və orqanları oksigenlə təmin etməlidir”.

Yeganə Abbasovanın sözlərinə görə, indiyə qədər beyin ölümü diaqnozu qoyulan iki xəstə haqqında onlara məlumat verilib:

"Çox güman ki, beyin ölümü baş verməsi halları çox olur, sadəcə bizə iki dəfə müraciət olunub. Biz beyin ölümü gerçəkləşən şəxsin ailəsi ilə danışıqlar aparmışıq, amma onlar bundan imtina ediblər. Düşünürəm ki, bu normal haldır, Türkiyədə belə bir mərkəz 1975-ci ildə yaradılsa da, ilk dəfə meyitdən orqan köçürülməsi 2005-ci ildə reallaşıb. Mən özüm həkim-reanimatoloqam. Otuz ildən çox kritik vəziyyətdə olan xəstələrlə işləmişəm. Səudiyyə Ərəbistanında da çalışmışam. Bu müsəlmanlığın tam mərkəzi olan bir ölkədir. Reanimasiyada beyin ölümü baş verdikdə xəstə yaxınları vəfat edən şəxsin orqanlarının bağışlanması ilə bağlı razılıq verirdilər. Bizim mərkəz yeni yaranıb, imtinalar olacaq. Düşünürəm ki, bizdə Donor Bankı daha tez fəaliyyət göstərəcək. Eyni zamanda, həkim-reanimatoloqlar, neyrocərrahlar və nevropatoloqlar da bizə kömək etməlidirlər, çünki beyin ölümü diaqnozunu onlar qoyurlar”.

Həkim-koordinatorlar xəstə yaxınları ilə danışıqlar aparırlar

"Hazırda 3 koordinatorumuz var, onlardan ikisi həkim, biri isə tibb bacısıdır. Biz Türkiyənin Səhiyyə Nazirliyində belə bir mərkəzin bütün işi ilə tanış olduq, onlar bizə seminarlar keçdilər, beyin ölümü zamanı orqanların paylanması prosesini müşahidə etdik. Həkim-koordinatorlar xüsusi kurslar keçərək sertifikat da alıblar. Xəstə yaxınları ilə necə danışmalı olduqları təcrübəsini öyrəniblər. Bunun böyük əhəmiyyəti var, çünki xəstəsi vəfat edən ailənin hansı vəziyyətdə olduğu məlumdur. Onlarla bu vəziyyətdə danışıq aparmaq, necə savab iş gördüyünü bildirmək böyük bir bacarıq tələb edir. Xəstənin qohumu həqiqətən başa düşməlidir ki, o, insan həyatını xilas edir. Gələcəkdə isə sağlığında orqanlarını bağışlayan insanlar beyin ölümü keçirdikdə onların yaxınlarından icazə alınmayacaq. Çünki razılıq prizumpsiyasına görə, sağlığında orqanlarını bağışlayacağına razılıq veribsə, vəfat etdikdən sonra razılıq verilən orqanlar avtomatik olaraq götürülür”, - deyə İdarə Heyətinin sədri Yeganə Abbasova qeyd edib.

Azərbaycanda 4 minə yaxın xəstə hemodializdədir

Yeganə Abbasovanın sözlərinə görə, sağlığında orqanlarını bağışlayan insanlar vəfat etdikdən sonra böyük bir savab işləmiş olurlar:

"Bir meyit 10 nəfəri yaşada bilər. Azərbaycanda 4 minə yaxın xəstə hemodializdədir. Hemodializdə olan insanlar həftədə 3 dəfə 3-4 saat dializdə olurlar, onlar normal işləyə, təhsil ala bilmirlər. Yalnız orqan transplantasiyasından sonra onlar normal həyata qayıdırlar”.




[email protected]