Onun xalqımız qarşısındakı xidmətləri misilsizdir
Azərbaycanın bu günkü regional və beynəlxalq mövqeyini izləyərkən, araşdırarkən, bizlər bir daha keşməkeşli tarixi hadisələri incələyərək, bir çox mühüm amillərə varırıq. Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda Heydər Əliyevin xalqın təkidli tələbi, sosial sifarişi ilə rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın, tərəqqinin Azərbaycan modelini yaratdı. Əslində, bu strategiya hələ uzun illər öncədən müəyyənləşdirilmişdi. Qalırdı zamanını, vaxtını gözləməyə... Uzaqgörən Lider bu zamandan tam vaxtında istifadə edərək, Azərbaycan xalqının xilasını reallaşdırdı. Bu xilas olmasaydı, müstəqil Azərbaycan da olmayacaqdı... Beləliklə, sarsılmaz əqidəyə, möhkəm iradəyə malik, qətiyyətli, yenilməz və müdrik bir İnsan olan Heydər Əliyevin zəngin həyatını, siyasi irsini və s. bu kimi faktorlarını araşdırdıqca, bizlər bir daha müəyyən edirik ki, Onun Azərbaycan üçün atdığı hər bir tarixi addım bizlərə əvəzedilməz bir nümunədir. Çünki Heydər Əliyev dühası rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
Azərbaycanın XX əsr tarixinə öz adını qızıl hərflərlə yazmış, böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ümummilli Lider Heydər Əliyev geniş və çoxşaxəli fəaliyyəti ilə dövlətimizin quruculuq tarixində, milli məfkurənin formalaşmasında, ictimai-siyasi həyatında əsaslı dönüş yaratmışdır. Ulu Öndər Heydər Əliyev əsrin əvvəllərindən formalaşan demokratik ənənələrin yaşanmasında və inkişafında, milli-mədəni irsimizin qorunmasında və təbliğində əvəzsiz rol oynamış, Azərbaycanı bütün dünyaya tanıtmışdır. Onun xalqımız qarşısındakı xidmətləri misilsizdir.
Böyük istedadı və uzaqgörən siyasəti sayəsində Heydər Əliyev müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuşdur. Onun Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirdiyi kompleks tədbirlər təkcə ədəbi-mədəni sferaları əhatə etməmişdir. Həmçinin elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələrdə həyata keçirdiyi məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin hazırlamışdır.
Məlum olduğu kimi, müstəqilliyin ilk illərində respublikada baş alıb gedən siyasi hərc-mərclik, hakimiyyət uğrunda çəkişmələr dövlətimizə ağır zərbələr vururdu. Belə bir şəraitdə bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Təbii ki, həmin illərdə xalqımızın Ümummilli Lider Heydər Əliyevi təkidlə tələb etməsinin bir çox səbəbləri var idi: 1970-80-ci illərin əvvəllərində gördüyü işlər, ən ağır məqamlarda xalqla birlikdə olması, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verməsi, onun rəhbərliyi ilə 3 sentyabr 1991-ci il Naxçıvan Ali Sovetinin sessiyasında "Azərbaycan Kommunist Partiyasının və onun strukturlarının fəaliyyətinə münasibət haqqında" məsələ müzakirə edilərək kommunist partiyasının fəaliyyətinin dayandırılması haqqında qərar verilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağının ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Dövlət bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək "sovet sosialist" sözlərinin çıxarılması və digər bir-birindən mühüm addımlar yalnız onun 1993-cü ildə xilaskarlıq missiyasını uğurla həyata keçirə biləcəyini göstərirdi. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı. Onun məqsədyönlü siyasəti ilə milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı.
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və ölkədə sabitliyin təmin edilməsində Ermənistanla Azərbaycan arasında 1994-cü ilin mayında imzalanmış müvəqqəti atəşkəs haqqında saziş mühüm rol oynadı. Bu, Heydər Əliyev diplomatiyasının böyük uğuru idi. Belə ki, atəşkəs sazişinin imzalanması dövlət quruculuğu istiqamətlərində olduğu kimi, respublikanın silahlı qüvvələrində də islahatlar keçirilməsinə zəmin yaratdı. Silahlı Qüvvələrdə müasir yeniliklərin tətbiqi, vahid rəhbərlik əsasında döyüş əməliyyatlarının planlaşdırılması, qoşunların təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunu daha da gücləndirdi.
Ölkə həyatının bütün sahələrini əhatə edən hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlar həyata keçirilməyə başlandı və bunun sayəsində Azərbaycan dərin tənəzzüldən inkişaf yoluna çıxdı, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi.
Novruzova Nazəni Aslan qızı
ADPU-nun kimya üzrə fəlsəfə doktoru, dosent,
"ADPU-100”, "Dəmir yumruq”, "Heydər Əliyev-99”, "Şuşa -270",
"H.Əliyev-100" media mükafatları laureatı, redaksiya heyətinin fəxri üzvü
08.05.2024
[email protected]