Əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğumuz cənab İlham Əliyevin təşəbbüsü ilə daha da inkişaf etdirilmiş, təkmilləşdirilmişdir


Ləzifə Nağı qızı Qasımova
BDU-nun pedaqogika kafedrasının müdiri,
pedaqogika elmləri doktoru, professor


Vətənpərəvərliyin yüksək mərhələsi hərbi vətənpərvərlikdir. Yeniyetmə və gənc nəslin milli köklərimizə bağlılıq, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək peşəsindən, vəzifəsindən asılı olmayaraq hər kəsin, hər yerdə qarşısında duran ən ümdə vəzifələrdəndir.
Bu gün fərəhli haldır ki, əskəri xidmətə çağırılan gənclərimiz böyük həvəslə bu işə qoşulurlar. Gənclərimiz ilkin hərbi bilik və vərdişlərə böyük maraqla yiyələnirlər. Gənclərin ordu həyatı ilə ilkin tanışlıqları onların hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarına zəmin yaradır. Hansı peşədə çalışmasından asılı olmayaraq, gənclərimizin milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaşlar kimi formalaşmasında hər kəs bir olmalı, birgə fəaliyyət göstərməlidir. Bu işdə ən böyük məsuliyyət isə əlbəttə, müəllim və pedaqoqların, tərbiyəçilərin üzərinə düşür. 
Bu gün parta arxasında əyləşən hər bir şagirdimiz yaxşı anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onların övladlıq, vətəndaşlıq borcudur. Şagirdlərimizi Vətənimizin fəal müdafiəsinə hazırlamalı, ilkin hərbi hazırlığqa və vərdişlərə ilkin vaxtlardan öyrətməliyik. Bu gün tarixi Zəfər qələbəmiz gənclərimizdə vətənpərvərlik, hərb peşəsinə sevgi, orduya rəğbət xeyli qüvvətlənmişdir. Bu gün hətta oğlanlarla yanaşı, gənc qızlarımız da hərbçi olmaq arzusundadırlar. Onların hər biri yaxşı bilir ki, aprel döyüşlərində də, II Qarabağ Vətən müharibəsində düşmənə ağır zərbələr endirən qəhrəman oğullarımızdır ki, onlar da vaxtilə parta arxasında əyləşmişlər. Şagirdlərimizi Mübarizlər, Raquflar, Turallar, Çingizlər, Poladlar, Amidlər, Aydın Manerovlar kimi mərd, cəsur, Vətənə bağlı, fədakar qəhrəmanlar kimi yetişdirməliyik.
Hərbi-vətənpərvərlik tərbiyəsi Azərbaycan gənclərinin mənəvi inkişafına öz qüvvətli təsirini göstərir. Bəşəriyyət tarixində hər bir xalq özünəməxsus şəkildə ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə xüsusi əhəmiyyət vermişdir. Məsələyə bu baxımdan yanaşdıqda gənc nəslin hərbi-fiziki tərbiyəsinin məzmun və formasının səciyyəvi xüsusiyyətləri olduğunu deyə bilərik. Hər şeydən əvvəl, bu cür tərbiyə üsulunun tarixi çox qədim olmaqla yanaşı, həm də xarici işğalçılara qarşı milli-azadlıq müharibələrində təşəkkül tapmışdır.
Hərbi vətənpərvərlik tərbiyəsi - vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə - bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.
Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma vətəninə, xalqına hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərinə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. 
Hərbi vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.
1970-80-cı illərdə respublikamıza rəhbərlik edən Heydər Əliyev gənclərlə iş siyasətində uzaqgörənliklə elə işlər görmüşdü ki, onların dəyərlərindən müstəqil ölkəmiz indi də faydalanmaqdadır. 
1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızda hökm sürən hərc-mərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə iş, demək olar ki, yox dərəcəsində idi. Xalqımızın lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı problemlərimizin həlli ilə yanaşı, dövlətimizin gənclər siyasətində də ciddi dönüş yaratdı. “Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır” - dedi. 
Bu gün Azərbaycan gənclərinin hərbi-fiziki tərbiyəsinə dair biliklərə diqqətin artırılması gənclərin vətənpərvərlik, milli vüqar və döyüş ənənələri əsasında tərbiyəsinə ciddi təsir göstərir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fikirincə, vətənpərvər olmaq üçün üç şərt vacibdir: “Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs görək öz vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşı bilsin. 
İkinci budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə vətənə bir xeyir verə bilsin. 
Üçüncüsü budur ki, gərək vətəninin xeyir-şərini öz xeyir-şərindən vacib hesab etsin, özünü vətənə fəda etməkdən qorxmasın. O şəxsdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz”.
Azərbaycan Gənclərinin I Forumunda (1996) çıxış edən Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanılmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini ən vacib məsələ hesab edərək demişdir: “Bildiyiniz kimi Azərbaycan müstəqilliyini ağır və çətin bir dövrdə alıbdır. 1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və hərbi quruculuq, ordu yaranması prosesi gedir. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına çatana qədər özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm. Ancaq gərək hər bir gənc orduya səfərbər olmağa hazır olsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin. Əksinə, orduda xidmət etməmiş gənc gərək düşünsün ki, cəmiyyətdə o, hansı borcunu yerinə yetirməlidir. Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox, sadəcə olaraq müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır. 1970-ci ildə mən Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəbin yaranmasına nail oldum. O məktəbdə Cəmşid Naxçıvanskinin - biim qəhrəman generallardan birinin adı verildi. Əgər bu hərbi məktəb olmasaydı, bizim ordumuzdakı o zabitlərin çoxu yəqin olmayacaqdı. Çünki bu zabitlərimizin çoxu həmin məktəbin yetirməsidir”.
Qarabağ məsələsində Heydər Əliyevin mövqeyi həmişə birmənalı və prinsipal olmuşdur. Onilliklər boyu ermənilər Azərbaycanın bu tarixi ərazisini Ermənistana birləşdirilməsi uğrunda çalışmış, bu məqsədlə dəfələrlə keçmiş ittifaqın rəhbərliyi məsələ qaldırmışlar. Hələ 1960-cı illərin axırında onlar növbəti dəfə baş qaldıranda, bu siyasi fitnəkarlığa qarşı o zaman dövlət təhlükəsizlik orqanında yüksək vəzifə tutan Heydər Əliyev sərt və barışmaz mövqeyini bildirmişdir.
1993-cü ilin sonunda və 1994-cü ilin əvvəllərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səngərlərimizə şəxsən baş çəkməsindən sonra ruhlanan ordumuz Füzuli və Goranboy cəbhələrində itirilmiş torpaqlarımızı azad etdi və Tərtər bölgəsində düşmən qüvvələrinin irəliləməsinə imkan vermədi.
Hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi daha mühüm əhəmiyyət kəsb edir. Çünki neçə illərdir ki, hiyləgər və məkrli düşmənlərimiz olan ermənilər xalqımıza qarşı qəsbkarlıq müharibəsi aparırlar. Belə bir düşmənə qarşı ləyaqətlə mübarizə aparan gənclərdə inamın, hərbi vətənpərvərlik hisslərinin tərbiyə edilməsi ən zəruri məsələ kimi qarşıda durur.
Xalqımız gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin vətənpərvərliyə dair əməlini və nəzəri görüşlərini yüksək qiymətləndirir və onu minnətdarlıqla yad edirik. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri yüksək vətənpərvərlik nümunələri göstərək Vətən uğrunda mübarizəyə qalxdılar. Bu gün bizim gənclərimiz yüksək vətənpərvərlik, şücaəti, qəhrəmanlıq nümunələri göstərərək vətənin azadlığı uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda fədakarlıq göstərdilər. Onlar vətən üçün canlarını fəda etdilər.Vətən uğrunda ölümün gözünə dik baxaraq bayrağımızı ucaltdılar, özləri də şəhidlik zirvəsinə ucaldılar.
Əbədiyaşar komandan, Milli liderimiz Heydər Əliyevin dediyi “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” sözləri, gənclərimizin vətənpərvərlik tərbiyəsinin düzgün qurulması üçün  bizim qarşımızda duran ən vacib məsələ və ən düzgün istiqamətdir. 
Ali Baş Komandan - İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı qüvvələri “Dəmir yumruq” əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan tarixi zəfər yürüşünə başladı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçiriliməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikasi, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu uğurla təmin etdi. 
Əsası Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğumuz cənab İlham Əliyevin təşəbbüsü ilə daha da inkişaf etdirilmiş, təkmilləşdirilmiş muasir standatlara cavab verən silahlar və artilleriya eyni zamanda müxtəlif tip qoşun növləri ilə düşmən ordusunu məhv etdi. Əskər və zabitlərimiz bu 44 gün ərzində Ermənistanın 30 ilə yaxın bir müddətdə qurduğu istehkamları yararaq keçdi. Davam edən müharibə dövründə 4 oktyabrda Cəbrayıl şəhəri, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhəri düşmən qüvvələrinin işğalından azad edildi. Ordumuzun qəhrəman övladları öz missiyasını yerinə yetirdi. Onlar Şuşa şəhərini böyük şücaət və mərdliklə dağlardan, meşələrdən, sıldırım qayaları keçərək, onlara dırmanaraq əlbəyaxa döyüşdə düşməni məhv edərək işğaldan azad etdi. 8 noyabrda Şuşanın işğaldan azad edilməsi tarixi bir nailiyyət idi. Bundan sonra düşmənin təslim olmaqdan başqa yolu qalmadı. Ermənistan ordusu darmadağıın dağıldı, 10 mindən çox fərarisi, 8 mindən çox ölüsü olan Ermənistan ordusunun yenilməzliyi haqqındaki mif Azərbaycan ordusu tərəfindən məhv edildi, Azərbaycan ordusu öz gücünü düşmmənə göstərdi.
Müzəffər ordumuz 44 gün ərzində düşmənə qalib gələrək işğal olunmuş torpaqlarımız azad olundu. Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyev müzəffər ordumuzun qələbəsi ilə Azərbaycan tarixinə silinməz izlər həkk etdi. O Zəfər tarixini əbədi olaraq yazdı, tariximizin parlaq səhifəsini yaratdı. 10 noyabrda Ermənistan müharibənin başa çatması ilə bağlı Kapitulyasiya aktına imza atdı.
2020-ci il 8 noyabr Azərbaycan tariximizə “Zəfər” bayramı kimi qızıl hərflərlə yazıldı. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu”, müdrik rəhbərliyi altında, onun uzaqgörən siyasəti sayəsində işğal edilmiş torpaqlarımız azad edildi. Prezident İlham Əliyevin təbirincə desək, “bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir.. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”. Tökülən qanlar durduruldu. Erməni vəhşiliyinə, erməni qəsbkarlığına son qoyuldu. Bölgədə savaş kəsildi. Düşmən təslimçilik haqqında tarixi bəyanata gizlənərək imzasını qoydu
Azərbaycan xalqının qəhrəmanlıq dastanı bu gün də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparır onlar sərhədlərimzi inamla qoruyurlar.
Bu gün respublikamızda mənəvi əsasların təsir dairəsi genişlənərək yeni məzmun kəsb etmiş, insanların fəaliyyətinə, gündəlik davranışlarına mənəvi keyfiyyətlərin təsiri güclənmiş, onların sosial və əxlaqi məsuliyyətinin artmasına şərait yaratmışdır. Əxlaqi və hüquq normalarına əməl edilməsi, Vətənin xeyrinə işləmək, Vətən uğrunda canı fəda etmək hər bir gəncin təbii tələbat və sarsılmaz daxili qanununa çevrilmişdir. Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinə göstərdiyi diqqət və qayğı, maddi və mənəvi dəstək xalqımız tərəfindən yüksək dəyərləndirilir. Dövlət başçısının və Mehriban xanımın şəhid ailələri ilə ardııcıl görüşməsi, xəstəxnalara gedib yaralılara baş çəkməsi, maddi və mənəvi dəstək verməsi, onlarla səmimi söhbətləri yüksək mənəviyyatın bariz nümunələridir. 
Nəhayət deyə biləlrik ki, qazanılmış bu tarixi zəfər, bu tarixi qələbə həmçinin təhsilimizin, məktəbimizin, müəllimimizin, həkimimizin, hər bir vətəndaşımızn  qələbəsidir. Azərbaycan elminin, təhsilinin qələbəsidir. Yetişən gənc nəslimzin mənəvi - əxlaqi keyfiyyətləri, vətənpərvərlik tərbiyəsinin qələbəsidir, ümumilkdə Azərbaycan xalqının qələbəsidir.


06.05.2024


[email protected]