Dahi şəxsiyyət, fenomen Heydər Əliyev
Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə çox böyük işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan Ümummilli Lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çatdırmaq üçün əlindən gələni əsirgəməmişdir.
Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında «Əsrin müqaviləsi» adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır.
44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həlli vacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən idi. Ulu Öndər bildirirdi ki, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyat məsələsini zəruri etdi. Muxtar respublikanın 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında sədr kimi çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın o vaxtkı hökumətinin gərgin fəaliyyəti, ciddi mövqeyi və Qars müqaviləsinin imzalanması ilə Naxçıvanın muxtariyyatı təsdiqləndi, qərar qəbul olundu. Ulu öndər Heydər Əliyev Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini bu sözləri ilə diqqətə çatdırırdı: « İndi görürsünüz, tarixi nöqteyi nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyat verilmişdir.» Ulu Öndər xalq, dövlət qarşısında heç bir xidməti olmayan səbatsız siyasətçilərin, cılız düşüncəyə malik bəzi nankorların Naxçıvanın muxtariyyatının əleyhinə çıxmalarını xəyanət adlandırırdı. «Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq» söyləyən Prezident İlham Əliyevin sözləri Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə Qars müqaviləsini təzələyən Ulu Öndərin istəklərinin yerinə yetirilməsidir. Ulu Öndər hələ o dövrdə inanırdı ki, Zəngəzur dünənimiz olduğu kimi, həm də sabahımızdır. «CNN Türk»ə müsahibəsində Şuşanın alınmasını möcüzə adlandıran, təkcə Şuşa ilə deyil, işğal altında qalan bütün torpaqların azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyini «Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım» sözləri ilə bildirən Prezident İlham Əliyev layiqli davamçı olduğunu qətiyyəti ilə təsdiqlədi.
Ermənistanın işğalından azad olunan Şuşadakı çıxışında «Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq» söyləyən Prezident İlham Əliyev varislik vəzifəsini də yerinə yetirdiyini «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə bəyan etdi.
YEGANƏ BAXŞƏLİYEVA
Bakı şəhəri, general Məhəmməd Əsədov adına 29 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi, "Qızıl qələm", "Vətənpərvər xanım", "Azərbaycan bayrağı", "Zəfər",
"Qabaqcıl təhsil işçisi", "İlin nüfuzlu ziyalısı", "İlin müəllimi", "Sadiq Heydərçi" mükafatları laureatı
[email protected]