Dini ekspertlərə görə, İslam bunu yasaq eləmir, ancaq...
Məşhur meyxanaçı Ağamirzənin özü üçün qəbir yeri alması və oranı hazır etməsi son günlər cəmiyyətdə müzakirə mövzusuna çevrilib. "Xəzər xəbər”ə danışan meyxanaçının dediyinə görə, həmin yeri qazdırıb, içini lazımi qaydada hördürüb, üstünə isə torpaq tökdürüb.
Meyxanaçı açıqlamasında bildirib ki, hər bir insanın son yeri məhz məzardır: "Bir neçə il qabaq yaxın bir adamımız rəhmətə getmişdi. Elə bir soyuq hava idi ki, qapını açıb bayıra çıxmaq olmurdu. O vaxt özlüyümdə qərar qəbul etdim ki, bunu hazır qoymaq lazımdır. Bu məzarın üstünü açan kimi hər şey hazırdır orda, bir dənə mən çatmıram”.
Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib. Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıblar, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub: "Əvvəllər qardaşlarım da razı deyildilər. İndi o deyir mənimdir, bu deyir mənimdir. Allah nə zaman məsləhət bilsə, bu qəbir özümün olacaq”.
Meyxanaçının açıqlaması insanlarda da sual doğurub. Görəsən, İslam dini insanın sağlığında özünə qəbir yeri alıb, məzar qazdırmasını doğru hesab edirmi?
İlahiyyatçı Hacı Şahin Həsənli "Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandırdı. O qeyd etdi ki, İslam dinində insan sağlığında özünə qəbir də qazdıra bilər, hətta kəfənini də hazır edə bilər: "Bu insanın ölümə hazırlığı kimi dəyərləndirilirsə, din buna müsbət yanaşır. Sadəcə olaraq, din qəbirin təmtəraqlı olmasının, qəbir daşlarının bahalı olmasının, israfçılığa yol verilməsinin əleyhinədir. Ancaq sadə bir qəbir hazır olarsa, insan sağlığında özünə kəfən alarsa, bunlar dini nöqteyi-nəzərdən məqbuldur. Din bu məsələyə mənfi yanaşmır”.
İlahiyyatçı bildirdi ki, qəbrin içinin daşla hörülməsi də İslami qaydalara zidd deyil: "Dinimiz qəbrin daşla hörülməsini qadağan etmir. Əslində dinimiz qəbrin üzərinə bahalı mərmərlərdən daşların qoyulmasının əleyhinədir. Qəbir mümkün qədər sadə olmalıdır, axirəti insanların yadına salmalıdır. Qəbir qazılarkən bu qaydalara riayət olunmalıdır”.
Hacı Şahinin sözlərinə görə, İslam dini ölümü xatırlamağı bir fəzilətli əməl hesab edir:"Hədislərdə də qeyd olunur ki, insan hər gün axirətini yad etməlidir. Təbii ki, burada incə bir məqam var. İnsanlar ölümü yad edərkən dünyadan təcrid olunmamalıdırlar, yaşamaqdan soyumamalıdırlar. Əksinə, ölümü yad etmək insanı düz yaşamağa, əxlaqi prinsiplərə riayət etməyə təşviq etməlidir. Ölümü xatırlamaq bəyənilən əməldir, ancaq bu ifrat həddə olmamalıdır. Bəzən insan axirətə o qədər yönəlir ki, dünya həyatından imtina edir, tərki-dünyalığa yönəlir. Bu yanlışdır. Ölümü yad etmək insanın dürüst yaşamasına gətirib çıxararsa, o zaman bu çox bəyənilən və fəzilətli bir əməldir”.
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu da qeyd etdi ki, insanın sağ ikən özünə qəbir qazdırması İslam ənənələrində də var: "Buna iki istiqamətdən yanaşmaq mümkündür. Biri iqtisadi-sosial baxımdan ki, insan yaşlananda ailəsinə çətinlik yaratmamaq üçün, iqtisadi baxımdan sıxıntı yaşatmamaq üçün sağ ikən qəbir yeri alır. Hətta kəfənini də alıb hazır qoyur ki, dünyasını dəyişdikdən sonra ailəsi bu məsələlərdən ötrü çətinlik çəkməsin. Məsələnin dini tərəfi də var. Böyük İslam alimləri olub ki, sağlıqlarında özlərinə qəbir qazıblar, hətta girib qəbrində uzananlar da olub. Onlar bir növ axirəti unutmamaq, sonunda torpağın altına gedəcəyi hissini yaşamaq üçün bunu ediblər. Mövlanada da var ki, hərdən qəbiristanlığa gedin. Oradakı hər məzar bir susmuş tarixdir. O susmuş tarixləri dinləyin. Qəbiristanlıq insanlar üçün hər zaman bir ibrət yeri olub ki, hər kəs sonunda torpağın altına gedəcək. O baxımdan, sağlığında özünə qəbir yeri alıb, məzar qazdırmaq, hətta oraya girib uzanmaq belə bir növ özünü tərbiyə, dünyanın keçici olduğu düşüncəsini beyninə yerləşdirmək baxımından ibrətlik bir əməkdir”.