Azərbaycan tarixinin ən parlaq, unudulmaz səhifəsi
Günəş Babayeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Azərbaycan dilçiliyi kafedrasının müəllimi,
"Zəfər" media mükafatı laureatı
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xətt Azərbaycanı əsl müstəqilliyə qovuşdurdu, xalqımızı firavan və xoşbəxt sabahlara apardı. Dahi şəxsiyyətin Naxçıvandan başlanan xilaskarlıq missiyası xalqın milli qurtuluşuna xidmət etməklə yanaşı, həm də milli maraqların müdafiəsinin təminatına – dövlətçiliyimizin qorunub saxlanılması və işğal altında olan torpaqlarımızın geri qaytarılması prosesinə yönəldildi. Vahid konsepsiya əsasında bütün sahələr üzrə həyata keçirilən tədbirlər, beynəlxalq miqyaslı layihələr qısa zamanda Azərbaycanı həm regionda, həm də dünyada qabaqcıl ölkələr sırasına daşıdı. Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarının reallaşdırılması ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında, güclü, qüdrətli ordu quruculuğu siyasətində də özünü bariz şəkildə göstərdi.
Ümummilli Lider Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Dahi şəxsiyyətin bu fikirlərinin reallığı Azərbaycanın timsalında müstəqillik illərində qazanılan bütün tarixi nailiyyətlərdə özünü göstərir. Ulu Öndər siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasət və məharətli diplomatiya sayəsində respublikamızın iqtisadiyyatı ötən illərdə misli görünməmiş səviyyədə inkişafa, yüksəlişə nail oldu. Ölkəmiz beynəlxalq müstəvidə çox fəal iş apardı, eyni zamanda bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratdı. Aparılmış uğurlu xarici siyasət nəticəsində Azərbaycan çoxlu dostlar qazandı, eyni zamanda Qarabağ həqiqətləri, erməni işğalı ilə bağlı həqiqətlər dünya birliyinə çatdırıldı. Nəticədə, BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etdilər. Bütün bunlar zəfər yürüşümüz, böyük qələbəmiz üçün önəmli beynəlxalq hüquqi zəmin yaratdı. Və bütün bunlarla paralel məqsədyönlü şəkildə reallaşdırılan ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malik oldu, hərbi birləşmələrimizin peşəkarlığı artırıldı. Həyata keçirilən sistemli tədbirlərin məntiqi nəticəsi kimi, 2020-ci ildə Azərbaycan dövləti müqəddəs amalına – torpaqlarımızın azad olunmasına nail oldu. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Həmin il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində xalq, Lider və ordu dünyaya misli görünməyən həmrəylik nümunəsi göstərdilər. Düşmənin keçilməz sandığı Ohanyan səddini yarıb keçən rəşadətli Azərbaycan Ordusu bircə gün də geriyə addım atmadı. Azərbaycanı qələbəyə aparan güclü iradə, Vətən sevgisi, hərbçilərimizin peşəkarlığı, gənclərimizin vətənpərvərlik hissləri idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Halbuki biz dünya hərb tarixindən bilirik ki, belə çətin müharibələrdə, xüsusilə bizim üçün əlverişsiz relyef şəraitində gedən müharibələrdə manevrlər də olur, geriyə addımlar da olur və gözlənilməz hadisələr də olur. Ancaq bizi Qələbəyə aparan güclü iradə idi, Vətən sevgisi idi, hərbçilərimizin peşəkarlığı idi”.
Azərbaycan Ermənistandan fərqli olaraq XXI əsrdə necə savaş apardığını, döyüşlərdə müasir üsullara üstünlük verdiyini, mülki əhaliyə, infrastruktura heç bir xətər yetirmədiyini, cəmi 44 gün ərzində Ermənistan hərbi birləşmələrini tamamilə sıradan çıxardığını bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsində ordumuzun peşəkarlığının və əsgər-zabitlərimizin yüksək döyüş hazırlığına malik olduğunu göstərən ən böyük nümunə, heç şübhəsiz, Şuşa döyüşləridir. Bu qədim yurdumuzun geri alınması üçün keçilməz dağları aşan, Şuşa qalasına dırmaşaraq əlbəyaxa savaş aparan igidlərimizin qəhrəmanlığı beynəlxalq miqyasda böyük əks-səda yaratdı. Müasir hərb tariximizə qızıl hərflərlə həkk olunan bu döyüşlər dünyanın bir sıra hərbi məktəblərində öyrənilməyə, dərs kimi keçilməyə başlandı. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şuşa şəhərinin işğaldan azad edilməsinin qələbəmizdəki müstəsna rolu nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə qalib ordunun Müzəffər Ali Baş Komandanı Şuşa şəhərində üçrəngli bayrağımızı əbədi yüksəkliyə qaldırdı. 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Prezident İlham Əliyev Şuşanın azad olunmasını böyük tarixi hadisə adlandırdı, bu tarixin əbədi yaşayacağını vurğuladı: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Azərbaycan Prezidenti Vətən müharibəsi dövründə həm Müzəffər Ali Baş Komandan kimi ordunun hücum əməliyyatına nəzarət edərək, həm də siyasi arenada, informasiya cəbhəsində mübarizə apararaq mütləq qalibiyyət əldə etdi. Prezident İlham Əliyevin 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24” televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət daşıdı. Bu müsahibələrdə beynəlxalq hüququn prinsipləri, tarixi həqiqətlər və siyasi reallıqlar öz əksini tapdı.
Azərbaycan 2020-ci ildə qazandığı tarixi zəfərin məntiqi davamı kimi, 3 il sonra 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə öz ərazi bütövlüyü və suverenliyini tam təmin etdi. Lokal xarakterli antiterror tədbirləri ilə regionda tarixi ədalət bərpa olundu, Xocalı, Xocavənd, Xankəndi və Ağdərədə üçrəngli Azərbaycan Bayrağı dalğalandırıldı. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncamla müzəffər Ordumuzun qızıl hərflərlə yazdığı şanlı tarix əbədiləşdirildi, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi. Lokal xarakterli antiterror tədbirləri 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu siyasətinin uğurla yeni mərhələyə yüksəldiyini, ordumuzun peşəkarlığının, əsgər-zabitlərimizin döyüş qabiliyyətinin, təcrübəsinin artdığını göstərdi. Bu hərbi nailiyyət, eyni zamanda gənclərimizdə olan vətənpərvərlik ruhunun və xalqımızın həmrəyliyinin növbəti təntənəsinə çevrildi.
Zəfərin 5-ci ildönümü ərəfəsində – cari il sentyabrın 8-də Prezident İlham Əliyev Vaşinqtonda əldə olunan razılaşmalarla müharibə meydanında olduğu kimi, sülh arenasında da qalib oldu. Və qətiyyətli liderin rəhbərliyi ilə artıq Cənubi Qafqazda ədalətli, davamlı sülh və əməkdaşlıq mühiti yaradılmaqdadır. Vaşinqton görüşünün nəticəsi olaraq yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi layihəsi bütün region ölkələrinin siyasi, iqtisadi, ticari və mədəni əməkdaşlıqlarının dərinləşməsinə mühüm töhfə verməklə Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə, qlobal əhəmiyyətinin daha da artmasına xidmət edəcək.
Azərbaycan 2020-ci ildə qazandığı tarixi zəfərdən ötən dövrdə Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdış siyasətini uğurla icra edir, soydaşlarımız öz əzəli torpaqlarına geri qayıdırlar. Həyata keçirilən düzgün siyasətin, aparılan kompleks quruculuq və abadlıq işlərinin nəticəsidir ki, artıq 30-a yaxın yaşayış məntəqəsinə, o cümlədən 6 şəhərə geri qayıdış təmin olunub, 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Regionda cərəyan edən hadisələrin fonunda birliyin, bərabərliyin, həmrəyliyin təntənəsi hesab olunan zəfərimizin tarixiliyi, əbədiliyi özünü daha bariz şəkildə göstərir. Prezidenti İlham Əliyevin cari il oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə dediyi kimi: “Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. 8 Noyabr – Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb”.
07.11.2025
[email protected]