ZƏFƏRİN BEŞ İLİ – QÜRURLA YAZILAN TARİX

Məlahət Abdullayeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti, 
Riyaziyyat fakültəsi, Riyaziyyat və onun tədrisi texnologiyası kafedrasının dosenti,
"Heydər Əliyev-100" media mükafatı laureatı  


Beş il əvvəl, 2020-ci ilin payızında Azərbaycan xalqı tarixin axarını dəyişdi. 27 sentyabrda başlanan 44 günlük Vətən müharibəsi otuz il həsrət qaldığımız torpaqların azadlığı uğrunda haqq savaşımız idi. Bu müharibə xalqımızın səbrinin, inamının və birliyinin sınağı oldu və Azərbaycan bu sınaqdan alnıaçıq, qürurla çıxdı.

Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Hər bir döyüş, hər bir irəliləyiş isə bu xalqın iradəsinin gücünü göstərdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Kəlbəcər, Laçın, Şuşa şəhəri və yüzlərlə kənd və qəsəbə işğaldan azad edilərək tariximizin qızıl səhifəsinə çevrildi. 

8 noyabrda əldə etdiyimiz Böyük Qələbə günü xalqımızın yaddaşına əbədi həkk olundu. Bu Zəfər yalnız torpaqlarımızın azad olunması deyildi, bu, həm də Azərbaycan xalqının ləyaqətinin, milli kimliyinin və tarixi ədalətin bərpası idi. Qarabağda qazanılan bu Qələbə xalqımızın yenilməzliyini, ordumuzun qüdrətini və şəhidlərimizin Vətən sevgisi ilə yoğrulmuş ölümsüz qəhrəmanlığını təcəssüm etdirir.

Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar  bu torpağın azadlığı üçün ən uca zirvəyə – Şəhidlik zirvəsinə yüksəldilər. Qazilərimizin fədakarlığı, döyüşçülərimizin mərdliyi və xalqın ordusuna olan sarsılmaz sevgisi bu Zəfəri mümkün etdi. Onların sayəsində bu gün Qarabağ azaddır, bu gün üçrəngli bayrağımız Şuşada, Xankəndidə, Laçında dalğalanır. 

Beş il keçib... Bu illər ərzində Qarabağ yenidən doğulur – dağıdılmış şəhərlər dirçəlir, yollar çəkilir, məktəblər, məscidlər, mədəniyyət ocaqları bərpa olunur. Qarabağ torpağı artıq sükutun deyil, həyatın, sülhün və inamın səsləri ilə doludur. Bu beş ildə biz bir daha dərk etdik ki, birlik varsa, xalq məğlubedilməzdir. Qələbənin gücü yalnız silahda deyil, xalqın ürəyində, inamında və sevgisindədir. Bu sevgi bizi birləşdirdi, bizi qalib etdi və gələcəyə daha möhkəm addımlamağımıza səbəb oldu.

44 gün davam edən müharibə tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlarda qalacaq. Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı heç vaxt haqqından dönmür, torpağını unutmur və azadlığına canı bahasına da olsa qovuşur. Bu gün biz qürurla deyirik:
QARABAĞ AZƏRBAYCANDIR!



07.11.2025



[email protected]