Konstitusiyamız xalqın firavanlığına xidmət edən ən mühüm sənəddir
Həsənov Adil Nizami oğlu
Bakı şəhəri, İlqar İbrahimov adına
167 nömrəli tam orta məktəbin müəllimi
12 noyabr tarixi müstəqil Azərbaycan dövlətçiliyi tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər il bu gün xalqımız tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur. 1995-ci ilin məhz bu günündə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi və ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirən hüquqi baza yarandı.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qısaömürlü fəaliyyəti ərzində Əsas Qanunun qəbulu mümkün olmamışdı. Buna görə də, ölkənin konstitusiya quruluşu tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. 1925, 1927 və 1937-ci illərdə SSRİ-nin mərkəzi qərarlarına uyğun olaraq yeni Konstitusiyalar və ya dəyişikliklər qəbul olundu. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul edildi. Bu Konstitusiya layihəsinin hazırlanması zamanı Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” bəndinin daxil edilməsi milli dövlətçilik baxımından tarixi əhəmiyyət kəsb edirdi. Həmin Konstitusiyaya 1995-ci ilədək çoxsaylı əlavə və dəyişikliklər edilmişdir, lakin onun müstəqillik aktına zidd olmayan hissələri 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olmuşdur.
Dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə ölkədə yaşanan ağır siyasi, iqtisadi vəziyyət, xaos və parçalanma təhlükəsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qaldırıldı. Məhz bu, dahi rəhbərin uzaqgörənliyi və cəsarəti sayəsində ölkəni inkişaf yoluna çıxaran əsaslı islahatlar proqramının mühüm tərkib hissəsi kimi yeni, milli Konstitusiyanın hazırlanması zərurəti yarandı. Ulu Öndər Heydər Əliyev Konstitusiya layihəsinin hazırlanması ilə bağlı demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.” Onun rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən hazırlanmış layihə 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 91,9 faizinin dəstəyi ilə qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyanın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyətini nəzərə alaraq, Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il 12 noyabr Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
1995-ci il Konstitusiyası müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan mükəmməl və mütərəqqi sənəd oldu. Əsas Qanun ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. Konstitusiyanın 48 maddəsi bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilmişdir. O, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqlarını geniş təsbit etdi. Əsas Qanunda həmçinin dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək kimi strateji fəaliyyət istiqamətləri təsbit olundu. Hüquqi dövlət quruculuğunun müasir meyillərini nəzərə alaraq, Konstitusiya ədalət mühakiməsi orqanı olan Konstitusiya Məhkəməsinin yaradılmasını nəzərdə tutdu.
Konstitusiyanın sabit olması xarakterik cəhət olsa da, cəmiyyətin sürətli inkişafı və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2002, 2009 və 2016-cı illərdə referendumlar yolu ilə Əsas Qanuna əlavələr və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər insan hüquqlarının və azadlıqlarının daha səmərəli təmin edilməsinə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə yönəlmişdir. Xüsusilə, 2016-cı il dəyişiklikləri nəticəsində idarəetmə sistemində yeni təsisat – Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini belə ifadə etmişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirən, Azərbaycan xalqının firavanlığına xidmət edən sənəddir. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması sayəsində Konstitusiyamızın bütün müddəaları bu gün ölkəmizin bütün ərazisində tətbiq olunur.
Xalqımız bu ili ölkəmizdə əlamətdar və tarixi bir mərhələ kimi qarşılayır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu qərar həm rəmzi, həm də məzmun baxımından böyük əhəmiyyət daşıyır. Çünki bu il Azərbaycan həm ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının sevincini yaşayır, həm də müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun 30-cu ildönümünü qeyd edir.
Azərbaycan xalqı uzun illər davam edən işğala və ədalətsizliyə qarşı mübarizə apararaq sonda dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər, ardınca 2023-cü ilin sentyabr ayında suverenliyin tam bərpası ilə nəticələndi. Bu hadisələr yalnız hərbi və siyasi qələbə deyil, eyni zamanda, milli iradənin, xalq birliyinin və güclü liderliyin təntənəsidir.
Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması təkcə yubiley xarakteri daşımır, həm də gələcəyə yönəlmiş siyasi və mənəvi mesajdır. Bu il ərzində dövlətçiliyimizin əsaslarını, milli həmrəyliyi və hüquqi dövlət prinsiplərini daha da möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur. Suverenliyin qorunması, dövlətin gücləndirilməsi və inkişaf etdirilməsi uğrunda çalışmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs amalı olmalıdır.
Prezident İlham Əliyevin bu tarixi Sərəncamı məhz xalqın iradəsinə, milli maraqlara və dövrün çağırışlarına əsaslanaraq verilib. Bu sənəd həm də gələcək nəsillərə örnək olacaq şəkildə suverenlik ruhunun yaşadılması və Konstitusiyamızın prinsiplərinə sadiqliyin təbliği baxımından əhəmiyyətli addımdır. Mühüm ili və tarixi fürsəti milli həmrəyliklə, vətəndaş məsuliyyəti ilə qarşılamalı, Azərbaycanın daha da qüdrətlənməsi naminə birgə çalışmalıyıq.
Bununla yanaşı, ölkəmizin ali hüquqi sənədi olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin də 30 ili tamam olur. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən bu sənəd müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyənləşdirdi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməlini qoydu. Ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətimizi və xalqımızı anarxiya, separatizm, vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən xilas etdi. Onun uzaqgörən və qətiyyətli siyasəti sayəsində müstəqilliyimiz qorundu, dövlətçiliyimizin əsasları möhkəmləndirildi, sabitlik və inkişaf təmin olundu. Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğuna, demokratik institutların yaradılmasına, insan hüquq və azadlıqlarının təmininə, həmçinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və söz sahibi olan bir dövlətə çevrilməsinə nail oldu. O, milli Konstitusiyamızın hazırlanması və qəbuluna da bilavasitə rəhbərlik edərək, gələcək nəsillər üçün hüquqi dövlət modelinin bünövrəsini qoydu.
Müstəqilliyini yenidən qazanan Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan sənədlərdən biri də 1995-ci il noyabrın 12-də qəbul olunmuş ilk milli Konstitusiyamızdır. Bu mühüm sənəd Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasi iradəsi sayəsində ərsəyə gəlib, dövlətimizin hüquqi əsaslarını müəyyən edib. Konstitusiyanın qəbulu ölkəmizdə hüquq sisteminin formalaşmasına, məhkəmə və qanunvericilik sahələrində əsaslı islahatların həyata keçirilməsinə möhkəm zəmin yaratdı. Bu sənəd, əslində, Azərbaycanın sabit gələcəyinə atılmış ən mühüm hüquqi addımlardan biri idi. Beləliklə, parçalanmaq təhlükəsi ilə üzləşmiş bir dövləti xilas edən Ümummilli Lider Heydər Əliyev müasir, möhkəm təməl üzərində qurulmuş dövlətçiliyin əsasını qoydu və Azərbaycanın suverenliyini, sabitliyini və gələcək inkişafını təmin etdi. Ulu Öndər yalnız müstəqil dövlətin qurulması ilə kifayətlənmədi, həm də bu dövlətin dayanıqlı inkişafı üçün güclü hüquqi-siyasi əsaslar formalaşdırdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın suverenliyi möhkəmləndirildi, daxili sabitlik təmin olundu və davamlı inkişafın əsası qoyuldu.
Bu strateji xəttin məntiqi davamı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi və uzun illər boyu regionda sabitliyə təhdid yaradan erməni separatizminə son qoydu. Bununla yanaşı, separatizmi dəstəkləyən və ona arxa duran qlobal dairələrə də qətiyyətli şəkildə Azərbaycanın iradəsi və gücü nümayiş etdirildi. Azərbaycanın tarixi zəfərindən sonra və Konstitusiyanın qəbulunun 30 illiyinə təsadüf edən bir dövrdə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması mühüm və zamanın tələbinə uyğun atılmış mütərəqqi bir hadisəyə çevrildi. Bu qərar yalnız dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə deyil, eyni zamanda, xalqımızın milli həmrəyliyinin daha da gücləndirilməsinə xidmət edən tarixi əhəmiyyətə malik bir addım oldu.
Bu gün Azərbaycan uğrunda bir olmaq, birgə addımlamaq hər birimizin mənəvi borcu və vətəndaşlıq məsuliyyətidir. Çünki məhz bu həmrəylik müstəqilliyimizin davamlılığını və dövlətçiliyimizin əbədiliyini təmin edən ən güclü dayaqlardan biridir.
12.11.2025
[email protected]