Milli iradənin zəfəri

Həsənova Yeganə Mayıl qızı
Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəbin
 Azərbaycan dili və ədəbiyyat müəllimi


Bu gün Azərbaycan xalqını qürur, şərəf, qalibiyyət zirvəsinə yetirən Zəfərin beşinci ildönümüdür. Vətən tariximizin ən parlaq səhifəsinin yazıldığı böyük Zəfər bütün dünyada üzümüzü ağ, başımızı uca edib. Məğlubiyyət damğasından qurtararaq qalib xalqa çevirib. Son beş ildə ölkəmizin həyatında elə bir hadisə yaşanmayıb ki, orada şanlı Zəfərimizin  toxunuşunu, ruhunu hiss etməyək. Siyasətdən diplomatiyaya, iqtisadiyyatdan sosial həyata, mədəniyyətdən idmana bütün istiqamətlərdə Qarabağ Zəfərinin qürurlu ab-havasını duyuruq. Qələbədən doğan güc, qüvvət, inam və əminliklə istənilən sahədə parlaq nəticələrə nail oluruq. Qalib adının gətirdiyi məsuliyyət hissi ilə Azərbaycanın 8 noyabr 2020-ci ildə Şuşada qazandığı qələbəyə yaraşan uğurlar əldə edirik. 
Azərbaycanın beş il əvvəl qazandığı parlaq Zəfəri təkcə ölkəmizin yox, dünya tarixində özünəməxsusluğu, təkrarolunmazlığı ilə seçilir. Dünyada elə bir ölkə yoxdur ki, son onilliklər ərzində Azərbaycanın Zəfərinə bərabər tutulacaq hansısa bir qələbə qazanmış olsun. Qaynar qazan kimi qaynayan dünyada gedən münaqişələr, müharibələr səngimək bilmir. Bəzi hallarda bu münaqişələrə son qoyulsa da nəticələrinin ikiyə parçalanan, ərazi bütövlüyü, daxili sabitliyi sual altında qalan neçə-neçə ölkələrin timsalında elə də ürəkaçan olmadığını görürük. 
Ərazilərini işğaldan qurtarması, suverenliyini tam bərpa etməsi, torpaqlarında separatizmə son qoyması, bir sözlə, bütün milli maraqlarını qətiyyətlə təmin etməsi isə Azərbaycanı mübaliğəsiz dünyanın qaliblər zirvəsinin şəriksiz lideri edir.
İşğaldan azad edilən ərazilərin bərpasına başlanılması və bu yerlərə yenidən həyatın qaytarılması ölkəmiz adına qazanılan və dünyada da böyük əks-səda yaradan mühüm  müvəffəqiyyət oldu. Necə ki Vətən müharibəsində xalqımız istər ön, istər arxa cəbhədə bir yumruğa, bir orduya çevrilərək torpaqlarını işğaldan azad etdi, indi də bu ərazilərin quruculuğu və bərpasını ümummilli məsələsi  kimi layiqincə həyata keçirir. 
Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzurda əzəmətli layihələr gerçəkləşdirir. Prezident İlham Əliyevin şəxsi diqqəti altında müasir standartlara uyğun quruculuq işlərinin görüldüyü, yolların, körpülərin, tunellərin, beynəlxalq hava limanlarının, elektrik stansiyalarının tikilərək istifadəyə verildiyi bu ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd"lər salınır.
Xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli kimliyimizin, dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün rəmzinə çevrilmiş 8 Noyabr Şuşa Şəhər Gününü və Şuşanın azad olunmasının beşinci ildönümünü böyük fəxr və qürur hissi ilə qeyd edirik.
2020-ci ilin məhz bu günündə 44 günlük Vətən müharibəsinin həlledici anında Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri qəhrəman Ordumuzun misilsiz igidliyi, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi ilə işğaldan azad edildi. Bu Qələbə təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi baxımdan da böyük dönüş nöqtəsi oldu.
Qarabağ Zəfərinə gedən yol hələ ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Məhz onun müəyyən etdiyi siyasi kurs, dövlətçiliyin möhkəm əsaslar üzərində qurulması, ordunun formalaşması və milli birliyin təmin olunması gələcək Zəfərin ideoloji və siyasi təməlini yaratdı. Ulu Öndərin qoyduğu bu möhkəm təməlin üzərində cənab Prezident İlham Əliyev siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövlətini qurdu.
Şuşanın azad olunması Azərbaycanın illərlə davam edən haqlı mövqeyinin, güclü dövlət iradəsinin və möhkəm siyasi liderliyin nəticəsidir. Bu gün biz fəxrlə deyə bilərik ki, Zəfər bizimdir! Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və millətimizin səbirli, iradəli duruşu ilə mümkün oldu.
Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin ictimai təfəkkürə mənəvi təsiri hərbi əməliyyatlar zamanı əldə edilmiş qələbələr qədər möhtəşəmdir. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına qazanılmış bu şərəfli qələbə xalqın milli qürurunu, özünə güvənini, inamını qaytarmışdır. Qələbə əzmi milli birliyimizi gücləndirmiş, hər birimizdə sarsılmaz inam hissi yaratmış, Vətənin keçmişi, bu günü və gələcəyi qarşısında ictimai məsuliyyət duyğusunu yüksəltmişdir. İndiki və gələcək nəsillər bu Qələbənin əzəmətini, Azərbaycana hansı böyük müvəffəqiyyətlər qazandırdığını daim xüsusi qürur və fəxarətlə anacaqlar. 
Barəsində hələ çox əsrlər danışılacaq şanlı Zəfərimizin qayəsində, kökündə duran başlıca səbəb, həlledici amil isə xalqımızın vahid amal uğrunda "dəmir yumruq" kimi birləşməsi, Liderinə sonsuz güvənməsi, onun qərarlarını tərəddüdsüz dəstəkləməsidir. Xalqımız ötən əsrin 90-cı illərində dövlətçiliyə qarşı yönəlmiş xəyanətkar qəsdlər, çevriliş cəhdləri zamanı, eləcə də Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbulu zamanı göstərdiyi birlik və həmrəyliyi Vətən müharibəsi günlərində daha böyük mütəşəkkilliklə nümayiş etdirmişdir. 
Vətən müharibəsi düşmənə qarşı əks-həmlə əməliyyatlarının başlandığı ilk saatlardan xalq-dövlət birliyi, milli vəhdətimizin təntənəsinə çevrilmiş, cəmiyyəti "Hər şey cəbhə üçün, hər şey qələbə üçün" ovqatında kökləmişdir. 44 günlük müharibənin nəticəsi olaraq ölkəmiz nəinki ərazi bütövlüyünü bərpa etmiş, eyni zamanda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" adlı bir mirasın gələcək nəsillərə ötürülməsinin qarşısını almışdır. Azərbaycan son 200 ildə torpaq itirən dövlətdən itirdiyi əraziləri geri alan ölkəyə çevrilmiş, buna həm də son dərəcə mürəkkəb geosiyasi vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü, düşmən səmtində yer alanların çoxluğu şəraitində nail olmuşdur. Bütün bunlar beşinci ildönümünü qeyd etdiyimiz Zəfərin dərin fəlsəfi-mənəvi, psixoloji mahiyyətini göz önündə canlandırır, eyni zamanda soydaşlarımıza "Mən azərbaycanlıyam!" sözlərini daha böyük qürurla səsləndirmələrinə, başlarını dik tutmalarına imkan verir. 
Onu da xüsusi vurğulamaq lazımdır ki, məhz dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu illərdə yetişən vətənpərvər ruhlu gənc nəsil Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir olaraq, Vətən torpaqlarını düşmən tapdağından azad etmişdir. Prezident İlham Əliyev Azərbaycan gənclərinin bu əzmkarlığını yüksək dəyərləndirərək demişdir: "Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".

08.11.2025


[email protected]