Müstəqilliyimizin təminat sənədi, milli dövlətçiliyimizin əbədi dayağı
Mehri İmanquliyeva
Filologiya üzrə fəlsəfə doktoru,
Xəzər rayonu E.Şəmiyev adına 149 nömrəli tam orta məktəb
2025-ci il Azərbaycan tarixində “Konstitusiya və Suverenlik İli” kimi xüsusi əhəmiyyət daşıyır. Bu qərar təsadüfi deyil, çünki Azərbaycanın dövlət müstəqilliyi, milli suverenliyi və Konstitusiyası xalqımızın azad, güclü və hüquqi dövlət kimi yaşamasının əsasını təşkil edir.Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın iradəsini, dövlətin quruluşunu, insan və vətəndaş hüquqlarını təmin edən ali qanundur.
1995-ci il noyabrın 12-də qəbul edilən bu sənəd ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasının hüquqi bazasını yaratdı. Bu baxımdan 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması həm də müstəqilliyimizin bərpasının və bu müstəqilliyin hüquqi əsaslarının 30 illik yoluna dərin bir hörmətin ifadəsidir.
Konstitusiyanın əhəmiyyəti təkcə qanunlar toplusu olmasında deyil, həm də cəmiyyətin bütün sahələrində sabitlik, ədalət və bərabərlik prinsiplərinin təmin edilməsindədir. Bu sənəd hər bir Azərbaycan vətəndaşının hüquqlarını qoruyur, dövlətin və cəmiyyətin qarşılıqlı münasibətlərini tənzimləyir. Konstitusiyanın ədalətli şəkildə tətbiqi ölkəmizin hər bir sahədə inkişafına – iqtisadi, siyasi, sosial və mədəni həyatına böyük töhfə verir. Suverenlik isə Azərbaycan xalqının öz taleyini müstəqil şəkildə müəyyən etməsi deməkdir. 1991-ci ildə bərpa olunmuş müstəqilliyimiz sonrakı illərdə qorunub möhkəmləndirildi, dövlətçiliyimiz sarsılmaz təməllər üzərində inkişaf etdi. Beləliklə,2020-ci il Vətən müharibəsində qazanılan tarixi qələbə xalqımızın suverenliyinin bərpasının ən ali ifadəsi oldu. Bu qələbə sayəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi, tarixi ədaləti bərpa etdi və suveren hüquqlarını tam şəkildə həyata keçirdi.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması gənc nəsildə vətənpərvərlik duyğularının, dövlətçilik ənənələrinin və hüquqi düşüncənin daha da gücləndirilməsi məqsədi daşıyır. Bu il ərzində məktəblərdə, universitetlərdə, dövlət qurumlarında və ictimai təşkilatlarda Konstitusiyanın mahiyyətini, suverenliyin dəyərini anlatmaq üçün müxtəlif tədbirlər keçirilməkdədir.Bu il bizi bir daha düşündürür ki, dövlətin gücü yalnız iqtisadi və hərbi sahədə deyil, həm də hüquqa, ədalətə və milli birliyə söykənir. Hər bir Azərbaycan vətəndaşı Konstitusiyanın ona verdiyi hüquq və azadlıqlardan istifadə etməklə yanaşı, dövlət qarşısında olan borcunu da dərk etməlidir.Nəticə etibarilə qeyd etmək olar ki , “Konstitusiya və Suverenlik İli” – bu, sadəcə bir şüar deyil, Azərbaycanın dövlətçilik fəlsəfəsini, milli kimliyini və hüquqi düşüncəsini birləşdirən mənəvi çağırışdır. Bu il bizə bir daha xatırladır ki, suverenliyin qorunması, Konstitusiyanın aliliyi və xalqın birliyi – müstəqil Azərbaycanın gələcəyinin əsas təminatıdır.
Azərbaycan dövlətçiliyinin bərpası və möhkəmlənməsi tarixində Ümummilli Lider Heydər Əliyevin adı əbədi iz buraxmış, onun uzaqgörən siyasəti, dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlar xalqımızın taleyində dönüş nöqtəsi olmuşdur. Müstəqil Azərbaycanın hüquqi-siyasi dayaqlarının əsasını təşkil edən ən mühüm sənəd – Azərbaycan Respublikasının Konstitusiyası da məhz Heydər Əliyev dühasının, dövlətçilik düşüncəsinin və milli iradəsinin təntənəsi kimi tarixə yazılmışdır.
XX əsrin sonlarında Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhran içərisində idi. Müstəqillik əldə olunsa da, dövlətin idarəçilik mexanizmləri dağılmış, hüquqi sistem tamamilə iflic vəziyyətinə düşmüş, vətəndaşların hüquq və azadlıqları təmin olunmamışdı. Belə bir çətin və məsuliyyətli dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmadan, vətəndaş müharibəsindən və dövlətin dağılmasından xilas etdi. O, ilk növbədə qanunçuluğun bərpasını, dövlət institutlarının möhkəmləndirilməsini və hüquqi dövlətin qurulmasını əsas hədəf kimi müəyyənləşdirdi.Heydər Əliyev anlayırdı ki, müstəqil dövlətin dayaqları yalnız və yalnız möhkəm hüquqi əsas üzərində qurulmalıdır. Dövlətin sabit inkişafı üçün mükəmməl, milli maraqlara və beynəlxalq hüquq prinsiplərinə uyğun əsas qanunun – Konstitusiyanın qəbulu vacib idi. Məhz onun təşəbbüsü və rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı, ölkə tarixində ilk dəfə olaraq xalqın iradəsini ifadə edən ali hüquqi sənədin hazırlanması prosesi başlandı. Heydər Əliyev bu prosesi şəxsən nəzarətdə saxlayır, hər bir maddənin elmi, hüquqi və ictimai əsaslarını dərindən təhlil edirdi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında yeni mərhələ açdı. Konstitusiya ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruluşunun təməl prinsiplərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının ali dəyər kimi qorunmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu sənəd milli ideologiyamızın və dövlətçilik fəlsəfəmizin parlaq ifadəsinə çevrildi.
Azərbaycan Konstitusiyası öz mahiyyəti etibarilə xalqın suveren iradəsini, dövlət müstəqilliyinin dönməzliyini və insan hüquqlarının toxunulmazlığını təsbit edən sənəddir. Onun preambulasında qeyd olunduğu kimi, Azərbaycan xalqı “öz suveren hüququndan istifadə edərək” dövlətin hüquqi, demokratik və sosial əsaslarını müəyyən etmişdir. Bu, Ümummilli Liderin iradəsi ilə formalaşan milli dövlətçilik konsepsiyasının nəticəsi idi. Heydər Əliyev daim vurğulayırdı ki, qanunun aliliyi, hüququn üstünlüyü və ədalət prinsipi olmadan heç bir cəmiyyət inkişaf edə bilməz.
Konstitusiya təkcə hüquqi sənəd deyil, həm də dövlətin mənəvi sütunudur. Heydər Əliyevin uzaqgörənliyi sayəsində bu sənəd milli dəyərlərlə müasir dövlətçilik prinsiplərini birləşdirdi. O, hər bir vətəndaşın hüquq və azadlıqlarını qorumaqla yanaşı, dövlətin bütövlüyünü, suverenliyini və milli maraqlarını da təmin edir. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində Konstitusiya həm də milli birliyin, siyasi sabitliyin və vətəndaş həmrəyliyinin təminatçısı idi.Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki,“Azərbaycan Konstitusiyası xalqımızın müdrikliyinin, dövlətimizin sabitliyinin və gələcəyə inamının rəmzidir”.
Heydər Əliyev Azərbaycanın Konstitusiyasını sadəcə bir hüquqi sənəd kimi deyil, milli azadlığın, müstəqilliyin və dövlətin gələcək inkişafının təminatı kimi yaratdı. Bu gün hər bir azərbaycanlı üçün bu sənəd həm hüququn, həm ədalətin, həm də milli kimliyin ifadəsidir. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan hüquqi dövlət kimi formalaşdı, cəmiyyətin həyatında sabitlik və qanunçuluq prinsipi bərqərar oldu.Heydər Əliyev yalnız dövlət başçısı kimi deyil, həm də müasir Azərbaycan hüquqi sisteminin memarı kimi tarixə düşüb. Onun qoyduğu bu hüquqi irs gələcək nəsillər üçün yol xəritəsi, müstəqilliyimizin təminat sənədi, milli dövlətçiliyimizin əbədi dayağıdır.
12.11.2025
[email protected]