Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi

Məmmədova Aytən Vaqif qızı
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin 
Riyaziyyat -İnformatika müəllimi


Azərbaycan Respublikasi bu gün regionda və dünyada güclü, olduqca nüfuzlu dövlətə çevrilib. İqtisadi sabitlik, müasir ordu quruculuğu, diplomatik əlaqələrin genişlənməsi və ölkənin strateji layihələrdə strateji aktora çevrilməsi Prezident İlham Əliyevin apardığı güclü siyasətin real nəticələridir.
 
Azərbaycan suveren, qüdrətli dövlətdir və bu güc 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində özünün ən parlaq təzahürünü tapdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad etdi. Hərbi uğurumuz, siyasi iradəmiz və xalqımızın birliyi sayəsində ölkəmiz tarixi ədaləti bərpa etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut və nəhayət, 2020-ci ilin 8 Noyabr tarixində azad olunan Şuşa – hər biri bu tarixi zəfərin simvollarıdır.
Əlbəttə ki, bu parlaq Zəfər xalqımızın mübarizə ruhunun, şəhidlərimizin qanı ilə yazılmış bir tarixidir. Eyni zamanda bu Qələbə həm də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən 20 illik sistemli siyasətin, güclü dövlət və güclü ordu modelinin nəticəsidir. Bu müharibədə yalnız əsgərlər deyil, bütün xalq bir yumruq kimi birləşdi – cəbhədə vuruşanlarla yanaşı arxa cəbhədə çalışanlar, informasiya müharibəsində iştirak edənlər, şəhid anaları, qazilər – hamı bu Zəfərin bir hissəsi oldu.
8 Noyabr 2020-ci ildə Şuşa şəhərinin azad olunması ilə Ermənistan ordusu qarşımızda diz çökdü və bu gün bizim tariximizə Zəfər Günü kimi yazıldı.  “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən ulu öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev reallaşdırdı.  Prezident İlham Əliyevin bu sözləri “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” məhz Zəfərimizin müjdəsi idi.
2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin Qarabağ bölgəsindəki bütün qanunsuz silahlı dəstələr zərərsizləşdirildi.Zəfərdən sonra Azərbaycan dövlətinin qarşısında yeni mərhələ başladı – bərpa, quruculuq və tam suverenliyin təmin olunması mərhələsi. Bununla da dövlətimiz ərazi bütövlüyü ilə yanaşı, faktiki olaraq hüquqi və inzibati suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyevin 2023-cü ilin  iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcəkdir.
Zəfər Günü eyni zamanda Azərbaycan xalqının mənəvi dirçəlişinin və milli kimliyinin təntənəsidir.
Qələbə təkcə torpaq üzərində deyil, həm də ruh, inam və birlik üzərində qazanıldı. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və xalqın səfərbərliyi bu Zəfərin əsl mənəvi dayağıdır.
Azərbaycan dövləti bu qəhrəmanlıq ənənəsini gənc nəslin milli dəyərlərlə böyüməsində prioritet istiqamət kimi müəyyən edib.
“Zəfər tarixi” dərsləri, “Şəhid ailələrinə dəstək proqramları”, “Qarabağ Dirçəliş Fondu” kimi təşəbbüslər bu istiqamətdə həyata keçirilən ardıcıl dövlət siyasətinin göstəricisidir.
44 Günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi, Böyük Qayıdışın başlanğıcı və Zəfər dövrünün ideoloji təməli oldu.
Zəfər Günü təkcə hərbi qələbə deyil, həm də ədalətin, milli iradənin və dövlətçilik düşüncəsinin qələbəsidir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, ədalətin və tərəqqinin daşıyıcısına çevrilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının əsrlər boyu davam edən ədalət axtarışının zirvəsi, milli qürur və şərəf günüdür. Bu Qələbə həm siyasi, həm hərbi, həm də mənəvi aspektlərdən böyük əhəmiyyət daşıyır. O, nəinki işğalın sona çatması, həm də dərin tarixi xarakter daşıyan ədalətin bərpa olunması deməkdir.
Prezident İlham Əliyevin qətiyyətli diplomatik xətti, müasir ordunun formalaşdırılması və “Güclü dövlət – güclü ordu” konsepsiyası 2020-ci ilin Qələbəsinin əsas dayaqlarını təşkil etdi. Azərbaycan beynəlxalq hüquqa söykənərək öz suveren hüququnu icra etdi və regionda yeni geosiyasi reallıq yaratdı.
Bu Qələbə həm də dünyaya göstərdi ki, Azərbaycanın siyasi iradəsini kənar güclər dəyişdirə bilməz və milli maraqlar dövlətin fəaliyyətində daim ali hədəf olaraq qalır.
Qarabağda Böyük Qayıdış və Bərpa Prosesi
Bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri həyata keçirilir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və digər bölgələrdə yeni yollar, hava limanları, enerji xətləri, məktəblər və yaşayış məhəllələri salınır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunur.
Bu proses yalnız infrastrukturu deyil, həm də bölgənin sosial, iqtisadi və mədəni həyatının dirçəlişini təmin edir.
Zəfər Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır. Biz artıq təkcə torpaqlarımızı deyil, həm də öz milli ruhumuzu, özünüdərkimizi, birlik və gücümüzü yenidən bütün dünyaya nümayiş etdirdik. Qarabağın bərpası və onun gələcəyi – qalib Azərbaycanın davamlı inkişaf yolunun ən parlaq sübutudur.


07.11.2025



[email protected]