Azərbaycan Dövlətçiliyinin və milli birliyin möhkəmlənməsi

SAMİRƏ MUSAYEVA 
233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru, 

Redaksiya Heyətinin fəxri üzvü

2025-ci il Azərbaycan Respublikasında Prezident İlham Əliyevin Sərəncamı ilə "Konstitusiya və Suverenlik İli" elan edilmişdir. Bu qərar müstəqil Azərbaycan dövlətinin əsasını təşkil edən iki əsas anlayış, Konstitusiya və Dövlət Suverenliyinin birlikdə qiymətləndirilməsi, onların əbədiliyi və inkişafı qarşısında tarixi məsuliyyətin dərk edilməsi baxımından son dərəcə mənalı və simvolikdir. Bu il həm siyasi-hüquqi baxımdan, həm də sosial-iqtisadi və mədəni cəhətdən ölkəmizin qazandığı uğurların, dövlətimizin suverenliliyini nəzərə çarpdırmaq imkanı yaratdı.
Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) ilə qəbul edilmiş və ölkəmizin əsas qanunudur. O, dövlətin təşkili, hakimiyyət orqanlarının səlahiyyətləri, vətəndaşların hüquq və vəzifələri, iqtisadiyyatın əsasları kimi mühüm məsələləri tənzimləyir. Konstitusiya nəinki hüquqi aktdır, həm də Azərbaycan xalqının dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini və demokratik gələcəyə olan inamını əks etdirir.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində əsas qanunumuzun əhəmiyyətini aşağıdakı kimi vurğulamaq olar:
  • Dövlət Suverenliyinin Zəmanəti: Konstitusiyanın 1-ci maddəsi açıq şəkildə bəyan edir: "Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, unitar respublikadır." Bu norma dövlətimizin daxili və xarici işlərdə tam suverenliyinin hüquqi əsasını təşkil edir.
  • Vətəndaş Hüquqlarının Təməli: Konstitusiya hər bir vətəndaşa həyat hüququ, şəxsi toxunulmazlıq, vicdan azadlığı, mülkiyyət hüququ kimi əsas hüquqlar verir. Bu hüquqların təminatı birbaşa dövlətin suveren gücü ilə əlaqədardır.
  • İqtisadi Suverenliyin Əsası: Əsas Qanunumuz müxtəlif mülkiyyət formalarının bərabərliyini, sahibkarlıq fəaliyyətinin azadlığını və iqtisadi münasibətlərin tənzimlənməsi prinsiplərini müəyyən edir ki, bu da güclü milli iqtisadiyyatın əsasını qoyur.
 Dövlət suverenliyi xalqın öz taleyini özü müəyyən etmək, heç bir xarici qüvvənin təsiri olmadan müstəqil qərarlar qəbul etmək hüququ deməkdir. Azərbaycan üçün suverenlik anlayışı xüsusi əhəmiyyət kəsb edir, çünki o, çox əsrlər davam edən mübarizənin nəticəsidir.
Suverenlik qavramını dərindən anlamaq üçün əvvəla bir xalqın birlik və həmrəylik anlayışı olsun. Milli həmrəylik və birlik suverenlik yolunda önəmli və həlledici mərhələdir. Bir xalq həmrəy olmadığı müddətcə öz suverenliyini əsla təmin edə bilməz. 2020-ci ildə vətən müharibəsində hər bir özünü azərbaycanlı adlandıran şəxsin bir yumruq kimi birləşməyi müharibədə həlledici rol oynadı.
Milli həmrəylik hər bir xalqın mövcudluğunu, dövlətin sabitliyini və gələcək inkişafını təmin edən əsas mənəvi-siyasi dəyərlərdən biridir. Cəmiyyətin bütün təbəqələrinin ortaq məqsəd və ideallar ətrafında birləşməsi, milli mənsubiyyət və dövlətçilik duyğusunun güclənməsi məhz milli həmrəyliyin təzahür formalarındandır. Bu dəyər həm ictimai, həm siyasi, həm də mədəni sahədə insanların bir-birinə inamını, qarşılıqlı dəstəyini və vətənpərvərlik hisslərini möhkəmləndirir.
Milli həmrəylik müasir dövrdə təkcə keçmişin təcrübəsinə əsaslanan mənəvi dəyər deyil, həm də dövlətin gələcək inkişaf strategiyasının mühüm ideoloji istiqamətidir. Bu prinsipin qorunması və möhkəmləndirilməsi Azərbaycan dövlətçiliyinin davamlılığını və milli birliyin sarsılmazlığını təmin edən əsas şərtlərdəndir.
1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının çoxəsrlik tarixi arzularının, azadlıq və suverenlik uğrunda apardığı mübarizənin məntiqi nəticəsi idi. Bu hadisə xalqın milli özünüdərkinin, azad yaşamaq əzminin və milli kimliyə sadiqliyinin təntənəsi kimi tarixə düşdü. Lakin müstəqilliyin ilk illəri asan keçmədi. Sovet imperiyasının dağılmasından sonra yaranmış siyasi xaos, iqtisadi durğunluq, idarəetmədə təcrübəsizlik, Ermənistanın hərbi təcavüzü nəticəsində baş verən torpaq itkisi və yüz minlərlə qaçqın və məcburi köçkünün yaranması ölkəni ciddi sınaqlarla üz-üzə qoydu. Daxildə baş verən siyasi çəkişmələr və hakimiyyət uğrunda mübarizələr isə milli birliyin zəifləməsinə, dövlət institutlarının fəaliyyətinin pozulmasına səbəb olurdu.
Belə bir mürəkkəb tarixi şəraitdə milli həmrəyliyin təmin edilməsi, xalqın bir amal, bir məqsəd ətrafında birləşməsi həyati zərurətə çevrildi. Cəmiyyətin müxtəlif təbəqələrinin, siyasi qüvvələrin və ictimai təşkilatların milli maraqlar naminə bir araya gəlməsi dövlətin gələcəyi üçün əsas şərtlərdən biri idi. Milli həmrəylik yalnız ideoloji və mənəvi çağırış deyildi — bu, dövlətçiliyin, sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün əsas sosial-siyasi dayaq kimi formalaşmışdır. Ən nəhayətində isə dövlət suverenliyin səbəbinə çevrildi.
Azərbaycan xalqının milli həmrəylik ideyasını reallığa çevirən əsas siyasi lider ümummilli lider Heydər Əliyev olmuşdur. Onun fəaliyyəti nəticəsində milli həmrəylik təkcə mənəvi dəyər və ictimai çağırış səviyyəsində deyil, həm də dövlət siyasətinin aparıcı prinsiplərindən birinə çevrilmişdir. Heydər Əliyev ölkənin müstəqillik dövründə qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və sosial şəraitdə xalqın birliyinə, milli həmrəyliyin möhkəmləndirilməsinə xüsusi önəm vermişdir. O, milli birliyi dövlət idarəçiliyinin, ictimai sabitliyin və ideoloji inkişafın əsas şərti kimi irəli sürmüş, bütün vətəndaşların ümummilli məqsədlər ətrafında birləşməsinin zəruriliyini vurğulamışdır.
Heydər Əliyevin təşəbbüsü ilə formalaşan milli həmrəylik ideyası “Azərbaycançılıq” ideologiyası ilə üzvi şəkildə birləşmişdir. Azərbaycançılıq təkcə etnik və coğrafi mənsubiyyəti deyil, həm də ümummilli düşüncə tərzini, vətənə sədaqəti, dövlətçilik dəyərlərinə bağlılığı və dünya azərbaycanlılarının bir amal uğrunda birləşməsini ifadə edən konsepsiyadır. Bu ideologiya bütün azərbaycanlıların – istər ölkə daxilində, istərsə də xaricdə yaşayan soydaşların – mənəvi və siyasi birliyini təmin edən əsas mənəvi dayaqlardan birinə çevrilmişdir.
Bu gün milli həmrəylik ideyası Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam edir və ölkənin sosial-siyasi həyatında birləşdirici amil rolunu oynayır. Prezident İlham Əliyev bu ideyanı müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək, onu milli güc və dövlətçilik dayağı səviyyəsinə yüksəltmişdir. Onun siyasi kursunda milli həmrəylik yalnız ictimai birlik forması kimi deyil, həm də ölkənin təhlükəsizliyi, inkişafı və gələcək məqsədlərinə çatmaq üçün əsas ideoloji dayaqlardan biri kimi təqdim olunur. Bu ideoloji xətt müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni tarixi şəraitdə inkişaf etdirilir. İlham Əliyevin rəhbərliyi ilə milli həmrəylik anlayışı artıq yalnız mənəvi bir dəyər deyil, həm də praktik siyasi güc amili kimi formalaşmışdır.

12.11.2025


[email protected]