SON XƏBƏRLƏR
Tibb işçilərinə qarşı zorakılıq - həkim şərhi

"Təcili Tibbi Yardım Stansiyasının həkimi yardıma getdiyi xəstənin yaxını tərəfindən döyüldü”. 25.06.2017. "...bir neçə nəfərlə əlində çomaq xəstəxanaya gələrək həkimə və tibb bacısına xəsarət yetirdi”. Son günlər baş vermiş 2 fakt. Bu düşmənçilik nəyə görədir?

Tibb işçilərinə qarşı zorakılıq - həkim şərhi

Cəmiyyətimizdə zorakılıq halları, aqressiv davranışlar gedərək artır. Küçələrdə gördüyümüz aqressiv davranışlar, "küçə söyüşləri” indi xəstəxanalara çatmışdır. Xəstəxanalarda fiziki zorakılıq hallarının cüzi hissəsi mətbuata sıza bilsə də, sözlü zorakılıq halları dəfələrlə çoxdur və demək olar ki, üstüörtülü qalır. Tibb işçilərinin aqressiv davranışlara məruz qalma ehtimalı digər məslək sahiblərinə görə daha çoxdur və daha risklidir. Dünya Səhiyyə Təşkilatının bir raportuna əsasən həkimlərin 38%-i karyeralarının bir nöqtəsində fiziki zorakılığa məruz qalır. Sözlü zorakılıq halları bütün həkimlərin demək olar ki, başına gəlir.

Tibb işçisinə qarşı zorakılığın səbəbi çoxdur; 1) xəstə, ya da yanındakının psixolojik problemləri vardır, 2)ölkədəki ədalət sisteminə inanmadığı üçün özü haqq-ədalət axtarır, 3) KİV-lərdə həkimlər haqqında öyrəndiyi mənfi məlumatlar zehninə yerləşmişdir, 4) cəmiyyətin qaydalarını pozan, anti-sosial xarakterə sahib olan insandır, 5) ağır, ya da ölümcül xəstəliyə düçar olduğu üçün əsəbləri gərilmişdir, 6) xəstəxanalarda mühafizə sistemi zəifdir, 7) səhiyyə sistemindən umduğunu görməmək, 8) tibb işçiərinin peşəkarlıq səviyyəsi ilə razılaşmamaq və s.

Tibb işçilərinə qarşı zorakılıq halları qəbul edilməzdir. Ümumiyyətlə hər insana qarşı qəbul edilməzdir, amma tibb işçilərinə qarşı olanda fəsadları fərqli olur və cəmiyyətə ziyan dəyir: məsələn, Türkiyədə səhiyyə işçilərinə qarşı zorakılıq hallarının sayı həddən artıq yüksəkdir. Hesablamışlar ki, Türkiyədə gündə 31 tibb işçisi zorakılığa məruz qalır və bu say get-gedə artır. Nəticədə nələr olur? Bir zamanlar Türkiyədə balı ən yüksək olan "Mamalıq və Ginekologiya” ixtisasına yiyələnmək hər həkimə qismət olmurdu və çox populyar idi. Son illər həkimləri ən çox zorakılığa məruz qalan, ən çox məhkəməyə verilənlər "Mamalıq və Ginekologiya” ixtisasına sahib olanlar idi. Savadlı tələbələr bunu görüb "Mamalıq və Ginekologiya” ixtisasını seçməməyə başladılar və bu ixtisasın balı dramatik şəkildə aşağı düşdü. Başqa bir misal. Türkiyədə hökümət 1980-ci illərdən bəri ixtisaslı həkimləri 2 il müddətinə "məcburi xidmət” adı altında Şərq və Cənub-Şərq vilayətlərinə təyin edir. Həmən vilayətlərin sosial-iqtisadi inkişaf səviyyəsi aşağı, eyni zamanda həkimlərə qarşı zorakılıq halları çox olduğundan həkimlər oralarda işləməkdən qaçır. Dövlət son çarə olaraq həkimləri məcburi qaydada o yerlərdə işlədir.

Həkimə qarşı zorakılıq hallarının törətdiyi ciddi fəsadlardan biri də "defensiv (müdafiəçi) tibb”dir. Bu "tibbin” yaradıcıları xəstə və xəstə yaxınlarıdır. Fərz edək ki, həkimə davakar bir xəstə gəlir. Həkim o xəstənin, ya da yaxınlarının aqressiv davranışlarını hiss edərək, özünü qorumaq refleksiylə bəzi tədbirlər alır; a) müalicə etməyi bacarsa da xəstəni müxtəlif bəhanə ilə başqa bir xəstəxanaya göndərir, b) hər ehtimala qarşı lazımsız, yersiz analizlər istəyir, c) o anda nəsə bir tibbi müdaxilə etmək imkanı olsa da xəstədən ehtiyatlanaraq özünü hazır hiss edənə qədər təxirə salır, d) əməliyyat lazımdırsa xəstənin riskli olduğunu söyləyib, risk almaq istəmir və əməliyyatdan imtina edir və s.
Cəmiyyətimizdə baş alıb gedən zorakılıq hallarına "Dayan!” deyək.

Vüsal Vəliyev, kardioloq




[email protected]