İşğal olunmuş ərazilərimizdə hotel sifariş edən saytı necə cəzalandıraq...

Türkiyədən sonra Azərbaycanda da "booking.com”un fəaliyyəti dayandırıla bilərmi...

Məşhur hotel sifarişi saytı olan booking.com-un Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi ölkəmizdə narahatlığa səbəb olub. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi "Booking.com” hotel sifarişi şirkətinə müraciət edib. Qeyd edək ki, bu artıq XİN-in "Booking.com”a ikinci müraciətdir. Müraciətdə deyilir ki, şirkətin Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərini həyata keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə və müvafiq qərarlarına, Turizmə dair Qlobal Etik Məcəlləyə köklü şəkildə ziddir:

"Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pulköçürmə əməliyyatları üçün qapalıdır. Ancaq ”Booking.com" üzərindən onlayn ödənişlər edilir. Şirkətin bundan qazanc əldə etməsi qanunsuzdur. Çirkli pulların yuyulması kontekstində nəzərdən keçirilməlidir. Ümumdünya Turizm Təşkilatının Turizmə dair Qlobal Etik Məcəlləsinə əsasən, turistlərdən və turizm sahəsində fəaliyyət göstərən şirkətlərdən səfər edilən ölkənin qanunlarına hörmət etmək və turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur. "Booking.com” şirkətinin bu fəaliyyəti korporativ biznes etikasına ziddir. Şirkətin nüfuzuna mənfi təsir göstərən amildir".


Nazirlik bildirir ki, beynəlxalq hüququn norma və prinsipləri, ÜTT-nin Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə əsasən "Booking.com” şirkəti Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi kimi əməllərinə son qoymalıdır.


Qeyd edək ki, şirkət Azərbaycan tərəfinin etirazlarını diqətə almazsa, bu saytın Azərbaycanda fəaliyyətinin dayandırılması da gündəmə gələ bilər. Ancaq ekspertlər bunu effektiv yol hesab etmirlər. Əgər Azərbaycanda sayta girişə blok qoysalar, bu, xaricilər üçün böyük problem olmayacaq. Çünki onlar öz ölkələrindən girib istədikləri hoteli sifariş edə biləcəklər.


Xatırladaq ki, bir müddət öncə qardaş Türkiyədə "Booking.com”un fəaliyyəti dayandırıldı. Saytın Türkiyə ərazisində yasaqlanması ilə bağlı şikayəti Türkiyə Səyahət Agentlikləri Birliyi (TÜRSAB) açıb. İddiada bildirilirdi ki, "Booking.com” haqsız rəqabət göstərib. Nəticədə turizm agentlikləri zərər görüb. Başqa bir səbəb kimi isə şirkətin vergidən yayınması göstərilir. İstanbul Ticarət Məhkəməsi TÜRSAB-ın iddiasını haqlı sayıb. "Booking.com”-un Türkiyədəki fəaliyyətlərini dayandırma qərarı alıb.


Məlumat üçün bildirək ki, Hollandiyaya məxsus "Booking.com” hotel sifarişi şirkəti turistlərin ən çox istifadə etdiyi, dünyanın ən böyük hotel axtarış saytlarından biridir. Burada turistlər üçün hosteldən tutmuş 5-7 ulduzlu hotellərə qədər hər cür seçim imkanı var.
Bəs görəsən, "Booking.com” məlum siyasətindən əl çəkməzsə, onun fəaliyyəti Türkiyədən sonra Azərbaycanda da dayandırıla bilərmi? Bu, problemin həllində nə dərəcədə faydalı olar?


"Yeni Müsavat”ın sualını cavablandıran Natiq Cəfərli bildirdi ki, hotel sifarişləri qəbul edən bu cür saytlar hər bir ölkənin ərazi bütövlüyünə hörmət etməli, terrorizmin dəstəklədiyi ərazilərdə olan hotellərin reklamına həssaslıqla yanaşmalıdır: "Çünki Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən hotellərin reklam edilməsi sanki Azərbaycanın işğal altında olan ərazilərinin legitimliyinin azalmasına xidmət edir. Bu baxımdan, Xarici İşlər Nazirliyinin açıqlaması doğru açıqlamadır. İradları da haqlıdır. ”Booking.com" bu kimi məsələlərə diqqət yetirməlidir. Bu bəyanatlardan əlavə, problemi həll etmək üçün normal danışıq xətti olmalıdır. Ya XİN tərkibində, ya da hökumətin tərkibində bu kimi məsələləri operativ həll etmək üçün qərargah formalaşdırılması daha doğru olar. Çünki zaman-zaman buna bənzər hadisələri biz görürük. Saytın özünün bloklanması da ciddi effekt verməyəcək. Bu, turizm şirkətləri üçün də problem yarada bilər. Azərbaycanda son zamanlar saytlara əngəllərin yaradılması əhalinin böyük bir hissəsinə digər proqramlardan istifadə etməklə, o saytlara girişi təmin etməyi öyrətdi. Hökumət bu addımı ilə insanları yeni texnologiyalarla tanış olmağa məcbur etdi. O baxımdan, bloklanma effekt verməyəcək. Kim istəsə alternativ yollarla sayta girə biləcək".

Image result for Natiq


N.Cəfərlinin sözlərinə görə, ölkəmizdə blok olunsa belə saytda işğal altında olan ərazilərimizlə bağlı yanlış məlumat başqa ölkələrdə oxunacaq: "O baxımdan, Azərbaycanda bu saytın bloklanmasının heç bir məntiqi ola bilməz. ”Booking.com"la danışıqlar aparıb bu məlumatların oradan çıxarılması və gələcəkdə bu kimi informasiyaların orada yerləşdirilməməsi ilə bağlı anlaşmaya ehtiyac var. Bu, tamhüquqi şəkildə olmalıdır.


Beynəlxalq hüquq bu məsələdə bizim tərəfimizdədir. Ona görə də "Booking.com” da bu müraciətlərin qarşısında adekvat addım atacaq, bu kimi məlumatların yayılmasının qarşısını almaqda maraqlı olacaq. Ancaq ölkə ərazisində saytı bloklamağın bir xeyri olmayacaq. Biz görməsək də, bütün dünya işğal altındakı ərazilərimizdə olan hotellərin adını və kordinatlarını görəcək. Ona görə də danışıqlar aparmaqla bu məsələni həll etmək daha məqsədəuyğundur".


Türkiyədə "Booking.com” saytının fəaliyyətinin dayandırılmasına toxunan Natiq Cəfərli bildirdi ki, qardaş ölkədə eyni fəaliyyəti həyata keçirən bir çox saytlar mövcuddur:"Booking.com” beynəlxalq şəbəkə olduğu və daha çox izləyicisi və istifadəçisi olduğu üçün hotellərdə daha ucuz qiymətlərin təklif olunmasına nail olub. Bu da rəqabətli mühitə ziyan vururdu. Bu səbəbdən Türkiyə tərəfinin rəsmi dairələri də açıqlama verdilər ki, "Booking.com” rəqabət qanunlarını pozur. Əslində bu addım da effekt vermədi. Çünki sayt blok olunsa da insanlar müxtəlif yollarla ora daxil ola bilirlər. Artıq Türkiyə hökuməti də "Booking.com”la çox ciddi danışıqlar aparır ki, ölkə ərazisində haqsız rəqabətə son qoysun. Bu kimi problemlər ancaq qarşılıqlı razılaşma və anlaşma ilə həll oluna bilər".





[email protected]